Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:37

ATƏT missiyası: 'Biz seçki polisi deyilik'


Mətbuat konfransı
Mətbuat konfransı

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə Missiyası yanvarın 7-dən fəaliyyətə başlayıb. Bu barədə missiyanın rəhbəri Piter Teyler bu gün, yanvarın 7-də Bakıda keçirdikləri mətbuat konfransında məlumat verib.

P.Teylerin sözlərinə görə, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərardan sonra Azərbaycan hökuməti Büroya seçkiləri müşahidə etmək üçün müraciət göndərib: «Məsələ ilə bağlı keçən il dekabrın ortasında bizim qiymətləndirmə missiyamız Azərbaycana gəlib».

P.Teyler əlavə edib ki, əsas ekspertlərdən ibarət nümayəndə heyəti 11 nəfərdən ibarətdir:


«Əsas heyət ATƏT-in öhdəlikləri çərçivəsində müşahidə aparacaq. Həmçinin, milli müşahidəçilərdən ibarət heyət də olacaq. 30 nəfər uzunmüddətli müşahidəçi cəlb ediləcək. 350 nəfər qısamüddətli müşahidəçi olacaq və onlar seçkidən bir neçə gün öncə Azərbaycana gələcək. AŞPA və ATƏT nümayəndələri də seçki günü Müşahidə Missiyasına qatılacaq».

P.Teyler vurğulayıb ki, qurumun seçkilər barədə əvvəldən formalaşdırılmış fikri yoxdur: «Biz müşahidə etməyə gəlmişik və əvvəlki seçkilərlə müqayisə aparmayacağıq».

Missiyanın rəhbəri deyib ki, namizədlərin qeydiyyatı, söz, ifadə, sərbəst toplaşma azadlığı və başqa məsələlərə nəzər yetiriləcək: «Bunun üçün biz siyasi partiya, vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri (KİV) nümayəndələri və namizədlərlə görüşlər keçirəcəyik».

Parlament seçkilərinə gedənlər nə deyir
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

«Bir çox tövsiyələrimizə əməl olunmayıb»

P.Teyler bildirib ki, seçkilərlə bağlı heç bir şərh verilməyəcək, yalnız hesabat hazırlanacaq: «Biz seçki polisi deyilik. Biz seçkiləri yalnız müşahidə edəcəyik. Müşahidələrimiz əsasında hesabat hazırlanacaq».

P.Teylerin sözlərinə görə, seçkilərin növbəti günü ATƏT DTİHB-nin missiyası mətbuat konfransı keçirəcək: «Orada biz ilkin nəticələr barədə məlumat verəcəyik. Seçkilərdən iki ay sonra isə yekun hesabat dərc olunacaq. Orada tövsiyələr da yer alacaq».

«Azərbaycanda seçkilərdən sonra ATƏT-in verdiyi tövsiyələrə əməl olunurmu» sualına cavab olaraq isə P.Teyler deyib ki, ATƏT DTİHB Azərbaycana tövsiyə verə bilər, amma buna necə əməl etmək dövlətin, ictimaiyyətin verəcəyi qərardır.

Missiyanın baş seçki məsləhətçisi Vladimir Misev isə deyib ki, qurumun əvvəlki seçkiyə dair tövsiyələrinin bir qismi yerinə yetirilməyib:


«Biz ehtiyacların qiymətləndirilməsi missiyasını da həyata keçiririk və müşahidə missiyası da həmin metodologiya əsasında öz fəaliyyətini qurur. 2019-cu ilin dekabrında yaradılmış ehtiyac qiymətləndirmə missiyası əvvəlki tövsiyələrin necə icra olunmasını qiymətləndirib. Bu barədə hesabatımız var. Bu hesabatın hamısını indi əhatə edə bilmərəm, amma bir şeyi deyə bilərəm ki, əvvəlki seçkidən sonra seçki qanunvericiliyi, bizim tövsiyəmizə rəğmən dəyişdirilməyib. Odur ki, bizim bir çox tövsiyələrimizə əməl olunmayıb».

Bundan əvvəl, 2015-ci ildə Azərbaycanda keçirilən son parlament seçkilərini ATƏT DTİHB izləməyib. Azərbaycan hökuməti geniş sayda müşahidəçilərin gəlməsini istəmədiyindən qurum sonradan seçkini izləməkdən imtina etmişdi. Amma 2018-ci ildə növbədənkənar prezident seçkisinə müşahidəçilər göndərmişdi.

Xatırlatma

2019-cu il noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb. Bir gün sonra prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG