Astara rayonunda fermerlər kənd təsərrüfatı texnikasının qıtlığından şikayət edirlər.
«Şindan» kooperativin direktoru Zeydulla Cəbiyev deyir ki, dağ ərazisində 50 hektara yaxın əkin yeri var. Amma texnika sarıdan korluq çəkirlər:
«Dağ ərazisində kartof əkini üçün torpaq ilin bu vaxtları hazırlanır. Köhnə zəncirli traktor var. Əziyyət çəkirik. Bir az yer sürür, dayanır. Təmir etməli oluruq. Müraciət etmişəm ki, mənə güzəştli təkərli traktor versinlər. Elə qiymət qoyurlar ki, bizim əlimiz çatmır. Ot biçini üçün kombayna ehtiyacımız var».
«İnsanlar dizə qədər palçığın içinə ayaqyalın girib, əkin aparırlar»
Başqa fermer Mehman Quliyev də kənd təsərrüfatı texnikasının çatışmamasından əziyyət çəkdiklərini deyir:
Buna da bax: Astarada əliqabarlı fermer dövlətdən nə istəyir...
«25 ildən çoxdur ki, çəltikçiliklə məşğuluq. Çəltikçilik də ağır əməkdir. İndiyə qədər də əl əməyi qalır. Texnika olsa işlər yüngülləşər. Birinci növbədə çəltiyin texnika ilə əkilməsi vacibdir. Çünki insanlar dizə qədər palçığın içinə ayaqyalın girib əkin aparırlar. İlin həmin vaxtları hava sərin olur. İnsanlar xəstələnirlər. Məhsul yığımında kombaynlardan istifadə edirik. Bu kombaynlar çəltikçiliklə bağlı deyil. Texnika olmalıdır. Çox çətindir. Texnika olsa məhsuldarlıq artar».
«Bu qəsəbədə sovet dövründən qalmış köhnə iki traktor var»
Kənd təsərrüfatı məhsulların istehsalı ilə məşğul olan Fayıq Cəfərov da deyir ki, kəndliyə güzəştlər artırılmalıdır:
Buna da bax: Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'
«Yaşadığım Ərçivan qəsəbəsinin 10 mindən yuxarı əhalisi var. Bu qəsəbədə sovet dövründən qalmış köhnə iki traktor var. Sovet dövründə burda tərəvəzçilik üzrə sovxoz olub. Həmin sovxozun 100 addan çox kənd təsərrüfatı texnikası olub. Mən özüm kənd təsərrüfatı məhsulları istehsal edirəm. Həmin köhnə texnika ilə görülən işlər baha başa gəlir. Bir hektar torpağı şumlamaq üçün 100 manat tələb olunur. Torpağı əkinə hazırlayana qədər xərc çıxır 300 manata. Kəndli bu pulu haradan gətirsin? Kəndli belə vəziyyətdə texnika almaq gücündə deyil. Nəticədə torpaqlar əkilməmiş qalır. Amma mən texnika istəyirəm, buna gücüm çatar. Lizinq yolu ilə texnikanın götürülməsi şərtləri ağırdır, əl vermir. Həmin qaydanı yüngülləşdirmək lazımdır».
«Qazancın böyük bir hissəsi bunun təmirinə gedir»
Buna da bax: 'Prezident deyir varlı ölkəyik...'
Traktorçu Həsən Hüseynov da kənd təsərrüfatı texnikalarının köhnəldiyini bildirir:
«İşlədiyim bu traktor 1982-ci ilindir. Köhnədir. Qazancın böyük bir hissəsi bunun təmirinə gedir...»
Adının çəkilməsini istəməyən bir iş adamının deməsinə görə lizinq yolu ilə texnika almaqdan ötrü müraciət edib. Amma ona deyilən şərtlərlə razılaşmayıb:
«Əvvəllər deyirdilər ki, Bakı şəhərində evin olmalıdır. Lizinq yolu ilə verilən kənd təsərrüfatı texnikaları çox bahadır. Mənim o qədər pulum olsa əldən alaram...»
«Aqrolizinq» ASC iradları qəbul etmir
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cəlilabad regional nümayəndəliyinin Lənkəran-Lerik-Astara bölməsinin rəhbəri Sərraf Heydərov isə deyilən iradlarla razılaşmır:
«Çəltikçiliklə bağlı bütün sifarişlər verilib. Çəltik əkininə qədər kombaynlar olmalıdır. Bakıda, Şirvanda minlərlə kənd təsərrüfatı texnikası var. Gəlsinlər götürsünlər. Dövlətin qanunu var, 20 faiz qabaqcadan pulunu köçürülüb, 40 faiz güzəşt edilir, 10 ilə də qalan pul ödənilir».
Buna da bax: Acla toxun dialoqu [karikatura]
Texnika hansı şərtlərlə təklif edilir?
O texnika ilə bağlı onlara müraciət edən fermerlərin şikayətlərinə ayrı ayrılıqda da cavab verir:
«Sizin dediyiniz Hamuşamdan Zeydulla Cəbiyev texnika istəyir, lizinq yolu ilə yox. Deyir dövlət mənə bağışlasın. Onunla söhbət ediblər, başa salıblar. Dövlətin qanunu var. Elektron variantla da müraciət etmək olur. Texnikanın verilməsi şərtləri də ağır deyil. Evində oturub texnikanı ala bilər. Müraciət edir. Sonra sənədləşmə gedir, 3 saat ərzində texnika verilir. Elə texnikalara var ki, 3-4 ildir qalıb orda, götürən yoxdur. Texnikada 40 faiz güzəşt edilir. Tutaq ki, texnikanın qiyməti 10 mindirsə onun 20 faizini ödəyəndən sonra qalır 8 min. 8 mindən də 3 min 200 manatı güzəşt edilir. Yerdə qalan məbləğ isə 10 il müddətinə ödənilir. Astarada ayrı-ayrı fermerlər 25 texnikanı güzəştli şərtlərlə götürüblər. Bu il lizinq yolu ilə 5 texnika götürüb. Texnika işləməlidir. Bir ay işlədin dayandın, olmaz. Bunun pulu ödənməlidir. Təki iş olsun. Astarda, Lənkəranda çəltik əkini genişlənir. Bu texnikanın hesabınadır. Çəltikçiliklə bağlı bütün texnikalar gətiriləcək».
Xatırlatma
Azərbaycan prezidenti bu il fevralın 23-də «Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında» sərəncam verib. Həmin sərəncama əsasən yeni kənd təsərrüfatı texnikalarının alınmasından ötrü «Aqrolizinq» ASC-yə 160 milyon manat pul ayrılıb.
Sahibkar Fayıq Cəfərov deyir ki, texnikanın alınmasında onların rəyi nəzərə alınmalıdır:
«Mənə mini traktorlar lazımdır. Bahalı texnika alıb gətirirlər, almaq olmur. 2015-ci ili kənd təsərrüfatı ili elan etmişdilər. Nə oldu? Yardım edirlərsə birbaşa kəndliyə etsinlər. Verirlər məmurun öhdəsinə o da cibini güdür...»