Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 02:39

Artupalı: 'Sovet dövründən camışçılıqla məşğuluq, amma indi...'


Artupa camışları

Astara rayonunda camışçılıqla məşğul olanlar barmaqla sayılır. Onlardan biri də Artupa kənd sakini Şahin Quliyevdir. Camışla yanaşı, inək, at, arı da saxlayır, üstəlik, naringi bağı, çəltik sahəsi də var. Deyir, çörəyi təsərrüfatdan çıxır:

“Atam, qardaşım, mən, 9 baş ailəyik. Gördük, iş yoxdur. İşə də nə verirlər ki, 100-150 manat. O pul uşağın “Pampers”inə çatmır. Səhərdən gün batana qədər işləyirik”.

Buna da bax:​ Astara-Şirvan yolunda gördüklərim və eşitdiklərim

ÖRÜŞ YERLƏRİ YOXDUR

Həyətində bir neçə mal tövləsi var. Camışçılıqla nəsillikcə məşğul olduqlarını söyləyir. Şahin Quliyev camışların sayının azalmasını şəraitsizliklə bağlayır:

“Camış saxlamaq çətindir. Yer yoxdur, şərait yoxdur. Şərait olsaydı, sayını artırardım. Camışın isti aylarda suya ehtiyacı çox olur. Ən böyük problem örüş yerlərinin olmamasıdır. Hər yeri qazıblar. İndi də boşuna buraxılmış torpaqların əkilməsi söhbətləri gedir. Camış da həmin torpaqlardan, dağılmış yaşıl çay sahələrindən qidalanır”.

Buna da bax:​ Örüş yerlərinin şumlanması yüzlərlə fermeri ayağa qaldırdı

Astara rayonu Artupa kənd sakini Şahin Quliyev
Astara rayonu Artupa kənd sakini Şahin Quliyev

Kənd sakini camış südünün əvəzsiz olduğunu deyir. Elə bu südə tələbat da gündən günə artır:

“Buna görə də artırmaq istəyirəm. Sovet dövründə ən çox camış bizim kənddə olardı. O vaxtı suvarma sistemi düzgün qurulmuşdu. Sahələrdə yay aylarında da su əskik olmazdı. Əkin olmayan sahələrdə su hardandır? O vaxtları bataqlıqlar, süni göllər də vardı. İndi yoxdur. Ərazidən çəkilmiş qaz xətti, İrana gedən dəmir və torpaq yolu ərazini mal-qaraya yararsız edib. Hər yeri qazıblar. 3 mindən çox əhalisi olan kənddə 3-4 nəfər camış saxlayır. İnəklərin sayı da azalır. Ot bahadır. Otun bir bağlaması 3 manat 50 qəpiyədir. Keçən il 2 manat idi. Bu il ot da azdır”.

Buna da bax:​ Qobustanda qoyunları kim otlağa həsrət qoyub?

“KÖMƏK GÖRMƏDİK”

Şahin Quliyevin deməsinə görə, camış ətinə üstünlük verənlər də var. Bu ət müalicə əhəmiyyətlidir. Əsasən, Masallı rayonundan gəlib aparırlar. O, camışın xəstəliyə davamlı olduğunu, lakin iki il öncə camışların naməlum xəstəlikdən qırıldığını vurğulayır:

Artupa camışları
Artupa camışları

“Camışın yarıdan çoxu tələf oldu. Gəldilər, baxdılar, xəstəliyi müəyyənləşdirə bilmədilər. Ərçivan, Züngüləş kəndlərində camışların, demək olar ki, hamısı xəstəlikdən tələf oldu. Elə adam var idi, 7 baş camışı öldü. Qaldılar camışsız. Mal bahadır, almaq olmur. Ziyana düşdük. Kim arxamızda dayandı? Heç kim. Heç kimdən kömək görmədik. Bir nəfər gəlib soruşmadı ki, vəziyyətiniz necədir. O vaxtdan camışların sayı azaldı”.

Kənd sakini təsərrüfatındakı camışların balalarını həyətdə, özlərini isə sahədə saxladığını deyir.

Buna da bax: Dərdlərə dərman camış niyə bir elə də sevilmir?

“BİZƏ KÖMƏK OLSA...”

... Göz işlədikcə boş qalmış əkin sahələri uzanır. Şahin Quliyev deyir ki, vaxtı ilə bura yaşıl çay sahələri olub. Yararsız hala düşmüş çay kolları də gözə dəyir. Kənd sakininin deməsinə görə, bu torpaqlar da alınıb, di gəl, sahibi bəlli deyil, heç ərazidə əkin də aparılmır. Deyir, bu torpaqlar əkilsə, camış saxlamaq çətinləşəcək.

Astara rayonu Artupa kənd sakini Həsənağa Mehdiyev
Astara rayonu Artupa kənd sakini Həsənağa Mehdiyev

Otlaq sahəsində kənd sakini Həsənağa Mehdiyev də camışçılığın xeyrindən danışır: “Düzdür, xəstəlikdən xeyli camış öldü, amma indi artım hiss olunur. Lakin gələcəyi yoxdur. Camışa su, bataqlıq lazımdır. Payızda, qışda yem problemi olur, yayda da su. Su olmadığından sahələrdə ot da azdır. Hər şey bahadır. Çəltiyi əkməyə hər hektara, ən azı, 600 manatdan çox xərc çəkilməlidir. Biz kasıblar onu haradan gətirək? Eşidirik ki, kənd təsərrüfatına vəsait ayırıblar. Bəlkə kimlərsə görür, biz bunu görmürük. Bizə kömək olsa, əkilməmiş bir qarış yer qalmaz. 5 oğlum var, beşi də işsiz. Versinlər texnikanı, kömək etsinlər, təsərrüfatları dirçəldək. Nə üçün ərzağı kənardan gətiririk? Elə özümüz istehsal etsək, yaxşı olmazmı?”

Buna da bax:​ Əhali inəklərini, camışlarını satır

Kənd orta məktəbin müəllimi Mehman Quliyev də işdən sonra əkinlə məşğul olduğunu söyləyir:

“Kənd təsərrüfatı texnikası azdır. Toxum, gübrə əldə etmək çətindir. Camış isə kəskin azalıb. Camış inək kimi deyil. İnəyi uzun müddət bir yerdə saxlamaq olur, camışı isə yox. Əslində, camış kasıbın malıdır. Ötürürsən örüşə, bir də balası olanda gəlir. İndi örüş də yoxdur. Halbuki, kəndimizdə qapısında camışı olmayan yox idi”.

“HANSI PULLU KƏND TƏSƏRRÜFATINA YARDIM EDİB?”

Adının çəkilməsini istəməyən bir kənd təsərrüfatı mütəxəssisi isə hesab edir ki, hazırda camışçılıqdan danışmaq tezdir. Çünki Azərbaycan aqrar ölkə olsa da, bu yöndə yetərli iş görülmür:

Buna da bax: İmişlinin Çaxırlı və Xubyarlı kəndlərində örüş yerləri tutulur...

“Sovetlər dövründə kənd təsərrüfatının idarə edilməsi qaydası başqa idi. Kollektiv təsərrüfatlar var idi. Ayrıca camışçılıq fermaları fəaliyyət göstərirdi. İndi bizim kənd təsərrüfatı qalıb kasıb kəndlinin ümidinə. Hansı pullu adam kənd təsərrüfatına yatırım edib? Heç kim. Masallıda, Neftçalada ayrıca camışçılıq təsərrüfatı yaradılıb, ancaq Allah bilir, buna nə qədər pul sərf olunub”.

Rəsmi məlumata görə, Astara rayonunda 2016-cı ildə 1315 baş camış olub. Bu da bir il öncəkindən 75 baş azdır. Rayon rəsmiləri isə camışçılığın inkişafından danışırlar. Hər il kənd təsərrüfatına 100 min manata yaxın yardım edildiyi qeyd olunur.

Statistik məlumata görə, respublikada son on ildə camışların sayı 86 min baş azalıb. Hazırda Azərbaycanda 28 min baş camışın olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG