Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

ABŞ Assange barədə yeni cinayət ittihamları irəli sürür


Julian Assange
Julian Assange

ABŞ hakimiyyət orqanları Wikileaks saytının yaradıcısı Julian Assange barəsində yeni cinayət ittihamları irəli sürüb.

O minlərlə məxfi sənədi çap etməklə Birləşmiş Ştatlara ziyan vurmaqda ittiham olunur.

Mayın 23-də açıqlanmış yeni, 18 maddədən ibarət ittihamnamə ABŞ-ın Casusluq Qanunu əsasında tərtib edilib.

Assange ABŞ hərbi kəşfiyyatının keçmiş təhlilçisini məxfi sənədləri sızdırmağa yönəltməkdə günahlandırılır.

Bu sızdırma ABŞ tarixində məxfi məlumatların ən böyük faş edilməsi sayılır. Assange aprel ayında, Londonda bir neçə il sığındığı Ekvador səfirliyindən qovulandan sonra Britaniya hüquq-mühafizə orqanlarının nəzarətindədir.

Birləşmiş Ştatlar onun ekstradisiyası üçün müraciət edib. ABŞ baş prokurorunun müavini John Demers deyib ki, “məxfi saxlanan mənbələrin adlarının məqsədli şəkildə açıqlanması bu şəxslərin həyatı üçün böyük təhlükələr yaradır”.

Beləliklə, Assange-a Casusluq Qanununa uyğun şəkildə irəli sürülmüş yeni ittihamlar, onun üzərində olan ilkin ittihamlardan daha ciddidir.

İttihamnamədə deyilir ki, Assange müdafiə sisteminin kompüterlərinə soxulmaq məqsədilə ordu kəşfiyyatı təhlilçisi Chelsea Manning-lə sövdələşməyə girib.

Prokurorlar deyirlər ki, antiməxfilik saytı Wikileaks-də dərc olunmuş materiallarda İraq və Əfqanıstanda Amerika qüvvələrinə kömək edənlərin adları olub.

Manning məxfi sənədləri Wikileaks-ə ötürdüyünə görə artıq hərbi tribunal tərəfindən məhkum edilib, lakin sonradan onun barəsində işə ovaxtkı prezident Barack Obamanın sərəncamı ilə xitam verilib.

O hazırda inzibati xətalar məcəlləsinin ittihamı ilə şimali Virciniya həbsxanasındadır.

Mətbuat haqları qrupları Assange-a qarşı yeni ittihamları pisləyirlər. Onların qənaətinə görə Assange materialların əldə edilməsi zamanı adi təhqiqat jurnalistləri kimi davranıb.

Amerikalı vəkil və BMT-nin mətbuat azadlığı üzrə məruzəçisi David Kaye bu barədə Twitter-də yazıb:

"Wikileaks və ya Julian Assange haqqında nə düşünməyinizdən asılı olmayaraq ona qarşı Casusluq Qanunundan istifadə edilməsi ümumilikdə bu ölkədə mətbuat azadlığı üçün heç də yaxşı hal deyil”.

Demokrat senator Ron Wyden isə bu barədə bəyanatında bildirib:

“Burada söhbət Julian Assange-dan getmir. Söhbət Casusluq haqqında Qanundan məxfi informasiyanı qəbul və dərc edən şəxsə qarşı ittiham üçün istifadə edilməsindən gedir. Mən bu hadisənin yarada biləcəyi presedentdən, onun jurnalistlərin işi və Birinci Düzəliş üçün yaratdığı potensial təhlükələrdən çox narahatam”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG