Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 20:24

Aslan İsmayılov: ‘Əli Həsənov və Fikrət Məmmədov... məni cəzalandırmaq istəyir’


Aslan İsmayılov

Hüquqşünas Aslan İsmayılov cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə məhkəmədə xüsusi ittiham qaydasında qaldırılan iddianın prezidentin köməkçisi Əli Həsənovla ədliyyə naziri Fikrət Məmmədovdan qaynaqlandığını söyləyir. Onun fikrincə, həbsinə nail olmaqdan ötrü Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən vasitə kimi yararlanırlar.

Sözügedən partiya sədri isə həmin vəzifəli şəxslərin adlarını çəkməklə A. İsmayılovun məsələni siyasiləşdirmək və beləcə, məsuliyyətdən yayınmaq istədiyini deyir.

Bu fikirlər fevralın 7-də Səbail Rayon Məhkəməsində H. Hacıyevin A.İsmayılova qarşı iddiası üzrə iclasda səslənib.

Məhkəmə başlarkən, A.İsmayılov prosesin videoçəkilişinə imkan yaradılması haqda vəsatət qaldırsa da, hakim Azər Tağıyev buna razılıq verməyib.

“Həbsimlə onlara daha böyük bəla olacağam”

İsmayılovun daha bir vəsatətlə onun haqqında H. Hacıyevin səsləndirdiyi fikirlərin də iş materiallarına əlavə edilməsini istəyib. Hüquqşünasın sözlərinə görə, H.Hacıyev onu “erməni”, “casus” adlandırıb, Azərbaycandan deportasiya edilməsi təklifi ilə çıxış edib və dünyasını dəyişmiş valideynlərini təhqir edib: “Bu canlı, sifarişlə mənim ünvanıma təhqirləri aylarla davam etdirdi, əhəmiyyət vermədim, amma valideynlərimə çatanda artıq susmadım. Onu məhkəməyə verdim. Nərimanov Rayon Məhkəməsində iddiam üzrə 8 iclas keçirildi, heç birinə gəlmədi. Sonra işi məndən xəbərsiz Binəqədi Rayon Məhkəməsinə verdilər. Orada da çağırdılar. Getdim, 50 dəqiqə gözlədim, hakim gəlmədi. Sonra da gəlib dedilər ki, hakim artıq qərar çıxarıb, iddia təmin olunmayıb. Onu üstümə qaldıranlar məhkəmələrə də sifariş verdilər. Hələ, üstəlik, mənim özümə də saxta cinayət işi açdılar ki, guya məhkəmədə qapını sındırmışam. Mən Sumqayıt həqiqətlərini dünyaya çatdıran adamam. İndi Əli Həsənov, Fikrət Məmmədov kimilər məni oğurluğa görə həbsdə yatmış, 10 milyon adamın nifrət elədiyi canlıya təhqir elətdirib, cəzalandırmaq istəyirlər. Mən istənilən qərara, on il həbsə də hazıram. Amma bilsinlər ki, mübarizəmdən geri çəkilməyəcəyəm, həbsimlə onlara daha böyük bəla olacağam”.

Buna da bax: Aslan İsmayılova cinayət işi açılıb [yenilənib]

“Ziya Məmmədov və Cavid Qurbanov məhkəmədə dindirilsin”

H. Hacıyev kimsənin sifarişi ilə hərəkət etmədiyini, əksinə, müəyyən məmurların adlarını çəkməklə A. İsmayılovun məsələni siyasiləşdirməyə çalışdığını bildirib. Onun sözlərinə görə, ünvanına “canlı”, “məxluq” kimi ifadələr işlətməklə, vəzifəli şəxsləri şantaj edib pul aldığını yazmaqla məhz A. İsmayılov ona böhtan atıb: “Deyir ki, guya mən Ziya Məmmədovdan (keçmiş nəqliyyat naziri) 50 min, Cavid Qurbanovdan (“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri) da 10 min pul almışam. Onların hər ikisi dəvət olunsun, görək, pul almışam, yoxsa yox...”.

A.İsmayılov məhkəmədə deyib ki, bu adamın adını çəkməyi özünə yaraşdırmadığına görə onu “canlı” adlandırıb. Hüquqşünas xüsusi ittihamçı olan H.Hacıyevin suallarını cavablamaqdan da boyun qaçırıb.

Hakim Azər Tağıyev H.Hacıyevin iddia ərizəsində göstərdiyi və təhqir saydığı ifadələrin həqiqətən təhqir olub-olmamasını müəyyənləşdirmək üçün linqvistik ekspertizanın təyin edilməsi haqda qərar çıxarıb. A.İsmayılov qarşı tərəfin onun haqqında səsləndirdiyi fikirlərin də ekspertizaya göndərilməsini istəyib, amma hakim deyib ki, o fikirlər bu məhkəmə baxışının predmeti deyil. İddianı H. Hacıyev qaldırıb və onun böhtan, təhqir sayıb ərizədə göstərdiyi ifadələrlə bağlı rəy alınacaq.

Məhkəmə ekspertizanın nəticəsi bəlli olanadək ertələnib.

H.Hacıyev A.İsmayılovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci maddələri ilə cəzalandırılmasını istəyir. Məhkəmənin hazırlıq iclasında da onun həbsi barədə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.

Buna da bax:

Aslan İsmayılov həbs edilə bilər
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG