Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Aslan İsmayılovu aparmaq üçün evinə polislər göndərildi


A.İsmayılov
A.İsmayılov

Oktyabrın 22-də hüquqşünas Aslan İsmayılovun evinə polislər gələrək, onu məcburi şəkildə məhkəməyə aparmaq istəyiblər. Lakin hüquqşünas həmin vaxt evdə olmayıb.

Binəqədi Rayon Məhkəməsində A.İsmayılovun xuliqanlıqda suçlanmasıyla bağlı cinayət işinə baxılır. Hüquqşünas məhkəməsində prosesin videoçəkilişini istəmişdi, hakim «yox» demişdi. Ondan sonra təxminən bir ay idi ki, A.İsmayılov məhkəməyə getməkdən imtina edirdi. Buna görə hakim onun haqqında məcburi gətirilmə qərarı çıxarmışdı.

«8 dəfə qərar çıxarılmışdı...»

«Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov evimə polisləri göndərib. Binəqədi Rayon Məhkəməsində Hafiz Hacıyevin məcburi gətirilməsi barədə 8 dəfə qərar çıxarılmışdı. Bir dəfə də onun evinə polis göndərməmişdi», – A.İsmayılov AzadlıqRadiosuna bildirib.

Oktyabrın 22-də evinə polislərin göndərildiyini öyrənən A.İsmayılov məhkəməyə gedib.

A.İsmayılov ötən il oktyabrın 2-də Binəqədi Rayon Məhkəməsində onun Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə mübahisəsində qarşı tərəfin xeyrinə qərar çıxarılmasına etiraz olaraq xuliqanlıq etdiyi (qapını sındırdığı, divarın suvağını tökdüyü, səs-küy salıb, məhkəmənin işini pozduğu) iddia olunur.

Aslan İsmayilov 1 il 6 ay islah işlərinə məhkum edildi
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Bu cinayət işində şahidlər Binəqədi Rayon Məhkəməsinin hakim və işçiləridir. Bu gün də məhkəmənin məsləhətçisi İlkin Əhmədzadə dindirilib. Başqa şahidlərin gəlmədiyi, bəzilərinin iş yerini dəyişdiyi bildirilib. Bu da A.İsmayılovun etirazına səbəb olub.

«Bacarırsınızsa, həbs eləyin, bu tamaşa da qurtarsın», – A.İsmayılov bildirib.

A.İsmayılov özəlliklə onun xuliqanlıq etməsi barədə ifadə vermiş hakim Rəşad Əliyevin, onun köməkçisinin, bir də H.Hacıyevin köməkçisinin dindirilməsində israr edib: «Hafiz Hacıyevin köməkçisi iddia edir ki, guya mən onu itələmişəm, yıxılıb, belinə dəmir batıb. Əvvəl istintaqda onu zərərçəkmiş kimi tanımaq istəyirdilər, sonra fikirlərini dəyişdilər».

Hakim bildirib ki, oktyabrın 29-da keçiriləcək növbəti məhkəmə iclasında şahidlərin iştirakı təmin olunacaq.

Xatırlatma

A.İsmayılov CM-in 221.1 (xuliqanlıq) maddəsiylə ittiham olunur. Bu maddədə min manatdan 3 min manatadək cərimə, bir ilədək islah işləri və ya azadlığın məhdudlaşdırılması, yaxud da bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin o, ittihamı qəbul etmir və siyasi sifarişlə təqib olunduğunu bildirir. Məhkəmədə də deyib ki, özəlliklə Milli Onkologiya Mərkəzində korrupsiya halları barədə açıqlamalarından sonra təqiblər güclənib.

Bu cinayət işiylə paralel A.İsmayılova qarşı xüsusi ittiham qaydasında iki iddia qaldırılmışdı. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və «Xəmsə» şadlıq sarayının sahibi Mürvət Həsənli hüquqşünasın sosial şəbəkələrdə onları təhqir etdiyini, böhtan atdığını iddia edərək, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyirdi. Səbail Rayon Məhkəməsinin qərarıyla həmin iddialar əsasında hüquqşünas məhkum edildi, ona pul cəriməsi və islah işləri cəzası kəsildi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG