Hüquqşünas Aslan İsmayılova illik qazancının 20 faizi tutulmaqla, 1 il islah işləri və 1500 manat da cərimə cəzası kəsilib. Noyabrın 23-də Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalov belə qərar çıxarıb. Hüquqşünas xuliqanlıq etməkdə suçlu sayılıb.
Hökmə əsasən, A.İsmayılov onu təhqir etdiyinə görə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyev iddianı icraata götürməkdən imtina edib. A.İsmayılov da 2017-ci il oktyabrın 2-də məhkəmənin binasında hakimin katibindən bu xəbəri eşidən kimi səs-küy salıb, qapını çırpıb çərçivəsini sındırıb, divarın suvağını töküb, hakimin və məhkəmə sədrinin ünvanına təhqir xarakterli ifadələr işlədib.
Bu ilin iyul və avqust aylarında H.Hacıyev və işadamı Mürvət Həsənlinin iddiaları əsasında A.İsmayılova verilmiş islah işləri və pul cəzası da bugünkü hökmdə nəzərə alınıb. Yəni əvvəlki cəzalar birləşdirilməklə onun üzərində 1 il islah işləri və 1500 manat cərimə saxlanılıb.
A.İsmayılov son sözündə deyib ki, ittiham saxtadır və onu ictimai fəaliyyətinə görə cəzalandırırlar: «Mən narkotik tərkibli dərmanların apteklərdə açıq satışı, kazino-qumarxanaların Bakıda fəaliyyəti, yumurta mafiyasının ölkə iqtisadiyyatına vurduğu zərbə barədə çıxışlarıma, yazılarıma görə qəzəbə tuş gəlmişdim. Ən əsas səbəb isə Milli Onkologiya Mərkəzində baş verən korrupsiyanı, biabırçılıqları ictimailəşdirməyim oldu. Mənə qarşı baş verənlərin əsas günahkarı Zakir Qaralov, Fikrət Məmmədov, Əli Həsənovdur. Başa düşdülər ki, Aslan İsmayılovu hədə-qorxu ilə dayandırmaq mümkün deyil, bu yollara əl atdılar».
Hüquqşünas deyir ki, prokurorluq onu həbs etmək üçün çox çalışdı, amma nail ola bilmədi: «Bu cinayət işində 48-səhifəlik sənəd var, guya bir gündə - oktyabrın 2-də toplanıb. Müxtəlif ərazilərdə yerləşən orqanların qərarlarıdır. Bunları bir gündə, 8 iş saatında yox, heç 48 saata da toplamaq mümkün deyil. Bu qədər biabırçılıq olmaz axı...».
A.İsmayılov AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək.
CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə haqqında istintaq getdiyi vaxtda A.İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması üçün daha iki iddia qaldırılmışdı.
Müasir Müsavat Partiyasının sədri H.Hacıyev və «Xəmsə» şadlıq sarayının sahibi Mürvət Həsənli hüquqşünasın sosial şəbəkələrdə onları təhqir etdiyini, böhtan atdığını iddia edərək, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyirdi.
Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin iddialar əsasında hüquqşünas məhkum edildi, ona pul cəriməsi və islah işləri cəzası kəsildi.