Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:24

Aslan İsmayılov məhkəmə zalını tərk etmək istədi


Aslan İsmayilov 1 il 6 ay islah işlərinə məhkum edildi
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Aslan İsmayilov 1 il 6 ay islah işlərinə məhkum edildi

Son bir ayda keçmiş vəkil Aslan İsmayılov haqqında iki ittiham hökmü çıxarılandan sonra indi də o, xuliqanlıq suçlamasıyla mühakimə olunur. Binəqədi Rayon Məhkəməsində qapını çırpıb məhkəmə divarının suvağını dağıtmaqda, səs-küy salıb iş prosesini pozmaqda təqsirləndirilən A.İsmayılov haqqında cinayət işinə elə həmin məhkəmədə baxılır.

CM-nin 221-ci (xuliqanlıq) maddəsiylə ittiham olunan A.İsmayılov hazırlıq iclasında vəsatət qaldırıb, bu işə Binəqədi Rayon Məhkəməsində baxılmasına etiraz etmişdi. Etirazını da belə əsaslandırmışdı ki, bu məhkəmə onun haqqındakı cinayət işində maraqlı tərəfdir, şahidlər də, əsasən, məhkəmənin hakim və işçiləridir. Ona görə də Binəqədi Məhkəməsində obyektiv qərar çıxarıla bilməz.

Hakim Mirheydər Zeynalov təqsirləndirilən hüquqşünasın etirazını təmin etmişdi.

A.İsmayılov gözləyirdi ki, Bakı Apellyasiya Məhkəməsi onun işinə paytaxtın başqa rayon məhkəmələrindən birində baxılmasına qərar verəcək. Ancaq apellyasiya məhkəməsi hakim M.Zeynalovun qərarını ləğv edib, işi yenidən baxılması üçün Binəqədi Rayon Məhkəməsinə, özü də həmin hakimə qaytarıb. Qərar da belə əsaslandırılıb ki, A.İsmayılov şəxsən hakim M.Zeynalovun özünə etiraz verməyib.

Avqustun 10-da Binəqədi Rayon Məhkəməsində hüquqşünasın haqqındakı cinayət işi üzrə proses davam etdirilib. A.İsmayılov yenə etiraz verib. Bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin işin geri qaytarılması haqda qərarı qanunsuz və əsassızdır. Çünki o, Binəqədi Rayon Məhkəməsinin tərkibinə etiraz veribsə, deməli, hakim M.Zeynalov da bura daxildir. Təqsirləndirilən hüquqşünas təkrarlayıb ki, işinə bu məhkəmədə baxıla bilməz.

Hakim etirazın baxılmamış saxlanılmasına qərar verib.

A.İsmayılov da bu qərara etiraz olaraq, məhkəmə zalını tərk etmək istəyib. Amma ona icazə verilməyib.

«Mən qanunların olmadığı, qanunların işləmədiyi yerdə qalmaq istəmirəm. Beynəlxalq İnsan Haqları Konvensiyasına əsaslanıb, haqqımda olan qanunsuzluğa üsyan edirəm. Burada iştirak etmək istəmirəm», - A.İsmayılov bildirib.

Hakim məhkəməni avqustun 15-nə qədər təxirə salıb.

Xatırlatma

A.İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb məhkəmə zalındakı divarın suvağını dağıtmaqda, səs-küy salıb iş prosesini pozmaqda suçlanır.

İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Hüquqşünas ittihamı qəbul etmir və deyir ki, haqqındakı cinayət işi sifarişlə başlanıb: «İş materiallarından, oradakı şəkillərdən də görünür ki, ittiham saxtadır».

Son bir ayda A.İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddialar üzrə iki hökm çıxarılıb. Hüquqşünasa islah işləri və pul cəzası kəsilib. Bunlardan birində iddiaçı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, digərində isə işadamı Mürvət Həsənovdur. A.İsmayılov onları təhqir etməkdə suçlu sayılıb. Ancaq hüquqşünas bu ittihamları da qəbul etmir və hər iki hökmdən apellyasiya şikayəti verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG