Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Aslan İsmayılov 3 ayrı məhkəmə işində təqsirləndirilən şəxsdir


A.İsmayılov məhkəmə qarşısında
A.İsmayılov məhkəmə qarşısında

Keçmiş vəkil Aslan İsmayılov haqqında cinayət işi məhkəməyə göndərilib. İyunun 20-də Binəqədi Rayon Məhkəməsində hüquqşünas hakim qarşısına çıxarılacaq. A.İsmayılov CM-nin 221.1 (xuliqanlıq) maddəsiylə ittiham olunur. Bu barədə AzadlıqRadiosuna A.İsmayılov özü məlumat verib.

A.İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb, məhkəmə zalındakı divarın suvağını dağıtmaqda, səs-küy salıb iş prosesini pozmaqda suçlanır. İstintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Hüquqşünas ittihamı qəbul etmir və deyir ki, haqqındakı cinayət işi sifarişlə başlanıb: «İş materiallarından, oradakı şəkillərdən də görünür ki, ittiham saxtadır».

***Buna da bax-Polislər Aslan İsmayılovu məcburi qaydada məhkəməyə gətiriblər

A.İsmayılov bundan başqa, daha iki məhkəmə işində də təqsirləndirilən şəxs qismində tanınıb. Həmin işlər hüquqşünasa qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddialardır. Bunlardan birində iddiaçı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, ikincisində isə «Xəmsə» şadlıq sarayının sahibi Mürvət Həsənovdur. Xüsusi ittihamçıların hər ikisi A.İsmayılovun onlara böhtan atdığını iddia edərək, onun CM-nin 147.2 (böhtan) maddəsiylə məsuliyyətə cəlb edilərək, həbs olunmasını tələb edirlər. Hər iki iddiaya da Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev baxır.

İyunun 14-də M.Həsənovun iddiası üzrə məhkəmə iclası keçirilib. Ötən məhkəmədən sonra hakim M.Həsənli haqqında iş materiallarının alınması üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu göndərib. Çünki M.Həsənov iddia edir ki, A.İsmayılov Facebook sosial şəbəkəsindəki səhifəsində onu «dələduz» adlandırmaqla ağır cinayətdə ittiham edib, böhtan atıb.

***Buna da bax-Cəzalandırılan vəkil Ə.Mustafayev: 'Bir statusumu tapıb çıxarıblar ortaya...'

A.İsmayılov isə iddia edir ki, M.Həsənov onun müvəkkili olan türkiyəli işadamı Ömür Orala qarşı həqiqətən dələduzluq edib, onun 1 milyon 300 min dollarını qaytarmır. Hüquqşünasın sözlərinə görə, hüquq-mühafizə orqanlarında da bu barədə araşdırma aparılıb, M.Həsənovun etiraf xarakterli ifadələri alınıb. A.İsmayılov deyir ki, M.Həsənov bu qalmaqala görə prokurorluqda və DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bir neçə gün saxlanılıb, borcunu etiraf edib, ödəyəcəyinə söz verəndən sonra buraxılıb, amma indiyədək ödəməyib.

M.Həsənov isə deyir ki, yalandır, o, nə saxlanılıb, nə də kiməsə borcu var.

Bu məsələlərin aydınlaşdırılması üçün məhkəmə həmin qurumlara sorğu göndərmişdi.

Hakim elan edib ki, sorğuya cavab gəlməyib. M.Həsənovun vəkili Sahib Quliyev cavab alınana qədər məhkəmənin təxirə salınmasını istəyib, A.İsmayılov da etiraz etməyib. Bu üzdən məhkəmə iyunun 29-na qalıb.

H.Hacıyevin iddiası üzrə olan məhkəmə işində isə A.İsmayılovun onunla bağlı işlətdiyi ifadələrin təhqir olub-olmadığını aydınlaşdırmaq üçün ekspertiza təyin edilmişdi. Bu gün məlum olub ki, artıq ekspertizanın cavabı gəlib. Həmin iş üzrə məhkəmə isə iyunun 28-də olacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG