Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:02

'Artan problemli kreditlər deyil, bunu etiraf etmələridir'


Manat
Manat

Son vaxtlar yerli mediada Azərbaycanın bank sektorundakı vəziyyət, problemli kreditlərin yenidən artması müzakirə gündəminə dönür. Hətta bir sıra ekspertlər bəzi bankların bağlana biləcəyi ehtimalını da irəli sürürlər.

Azərbaycanda vaxtı keçmiş kreditlərin bu il sentyabrın 1-nə 1 mlrd. 491.3 mln. manat təşkil etdiyi bildirilir. Azərbaycan Mərkəzi Bankı isə bəyan edib ki, bu, avqustun 1-i ilə müqayisədə 0.3 faiz çoxdur. Ondan əvvəl iyul ayında da problemli kreditlərin cüzi də olsa, artdığı açıqlanmışdı. Halbuki, həmin müddətdən əvvəl vaxtı keçmiş kreditlərin azaldığı bildirilirdi. Xüsusilə də fevralın 28-də prezidentin verdiyi fərmanla banklara 10 min dollara qədər borcu olan fiziki şəxslərə devalvasiyalarla dəyən ziyanın böyük hissəsinin kompensasiya edilməsi bir çoxlarında bu problemin böyük ölçüdə həll olunacağı gümanı yaratmışdı... 2017-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 mlrd. 890.3 mln. manat təşkil edib.

F.Mustafa
F.Mustafa

Deputat Fazil Mustafa deyir ki, Azərbaycanın bank sektoru normal dərəcədə borc verəcək qabiliyyətdə deyil. Onun fikrincə, bank faizlərinin hələ də lazımı səviyyəyə qədər endirilməməsi sahibkarlara əlverişli mühitin yaradılmasından danışmağa əsas vermir:

«Faizlər dərhal aşağı salınmalıdır»

«Faizlər dərhal aşağı salınmalıdır, kütləvi şəkildə insanların iş həyatına qayıtmaları təmin olunmalıdır. Elə problemli kreditlər də daha çox sahibkarlıq fəaliyyətiylə məşğul olan insanlara aiddir».

Deputat hesab edir ki, bu il fevralın 28-də prezidentin verdiyi fərman borclu vətəndaşların vəziyyətini müəyyən mənada yüngülləşdirib: «Hesab edək ki, sahibkar da vətəndaşdır. O da müəyyən dərəcədə hansısa iş prosesinə girməklə 10-larla insanın işlə təmin olunması üçün çalışıb. Onların kreditlərinin problemli olaraq qalması iqtisadi canlanmanı aradan qaldırıb».

Deputat deyir ki, hökumət indi sahibkarların problemli kreditlərini həll edə bilmirsə, o zaman faizləri aşağı salaraq yenidən onların aktivliyini təmin etməlidir. F.Mustafa iddia edir ki, problemli kreditlər onsuz da bankları öz qurbanına çevirib. Onun fikrincə, indi yeni sahibkarlar nəslinin yetişməsi üçün həmin addım atılmalıdır:

«Əks halda...»

«Əks halda banklara inam bərpa olunmayacaq. Çünki son vaxtlar girovların bank üçün əlverişli qiymətə mənimsənilməsi prosesi məhkəmələrin yardımı ilə geniş bir şəkil alıb, bu da sahibkarların gözünü qorxudur».

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə AzadlıqRadiosuna deyib ki, əgər bu sektorda vəziyyəti pisdirsə, deməli, problemli kreditləri çoxdur.

Ə.Həsənov
Ə.Həsənov

Ekspert vurğulayır ki, bankların əsas gəlir mənbəyi verdiyi kreditlərdir. Onun sözlərinə görə, əgər bankın verdiyi kredit qayıtmırsa, bank da müştərinin əmanətlərini qaytara bilmir.

Ə.Həsənov qeyd edib ki, dünyada problemli kreditlərsiz bank yoxdur: «Sadəcə, Azərbaycanda 2015-ci ilə qədər, yəni devalvasiyalara kimi bankların vaxtı keçmiş kreditlərinin bəlkə də ən azı 90 faizi bank sahiblərinin, bank rəhbərlərinin süni yaratdığı problemli kreditlər idi. Bəzi bank rəhbərləri elə öz şirkətinə, yaxınına qeyri-qanuni yollarla kredit verib. Elə bu kreditlərin verilməsi məqsədi o olub ki, getsin, gəlməsin. Yəni o pullar mənimsənilib, dağıdılıb, bunu isə bir neçə səbəbdən edirdilər».

Ə.Həsənovun fikrincə, həmin proseslə onların əksəriyyəti pul qazanmaq istəyirdi. Ekspertə görə, ikincisi də, banklar problemli kreditlər göstərməklə mənfəət vergisi ödəməkdən yayınıblar. Ə.Həsənovun sözlərinə görə, o dövrlərə nəzər salınsa, məlum olar ki, az bank mənfəət vergisi ödəyib:

«Devalvasiyadan sonra isə qaytarılmayan kreditlərin həcmi artdı»

«Elə həmin vaxtda da kreditlər var idi ki, obyektiv səbəblərdən qaytarılmamışdı. Devalvasiyadan sonra isə qaytarılmayan kreditlərin həcmi artdı (2017-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 mlrd. 890.3 mln. manat təşkil edib. 2016-ci il yanvarın 1-də isə bu, 1 mlrd. 508.5 mln. manat olmuşdu). Bu da dolların manat qarşısında iki dəfə bahalaşması ilə bağlı idi. Bu kredit borclarının artması ilə də bankların vəziyyəti ağırlaşdı. Obyektiv problemli kreditlər özünü göstərməyə başladı, sahibkarlar, əhali kreditləri qaytara bilmirdilər».

Ekspertə görə, problemli kreditlər şişə-şişə gəlib, amma əksər banklar bunu etiraf etməyiblər: «Çünki dərhal məlum olacaqdı ki, kapitalları yoxdur, müflisdirlər, bu da həmin bankların tam bağlanmasına gətirəcəkdi. Buna görə də bankların çoxu problemli kreditlərin əsl həcmini son illərə kimi göstərmirdilər. Az göstərirdilər ki, sabah problem yaşamasınlar».

Ə.Həsənov deyir ki, amma get-gedə banklar problemli kreditləri etiraf etməli olublar. Onun bildirməsinə görə, çünki məhkəmə prosesləri gedirdi: «İndi isə artan problemli kreditlər deyil, bunu etiraf etmələridir».

«Banklar var ki, xilas etmək mümkün deyil»

Ə.Həsənova görə, indi də elə banklar var ki, onlar bağlanmalıdır, xilasları mümkün deyil. Ekspertin fikrincə, bəzi bankların vəziyyəti isə heç də pis deyil, sadəcə likvidliyi artırmaq lazımdır...

Xatırlatma

2015-ci il də ( fevral və dekabr) Azərbaycanda iki devalvasiya baş verib. Bu devalvasiyalar nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra ölkədə 10-dan çox bank bağlanıb...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG