Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Arsenal-Qarabağ: Yarıboş stadion, ‘dişsiz’ oyun və separatçı bayrağı…


Arsenal-Qarabağ matçında meydançaya qollarının arasında Qarabağ separatçı rejiminin bayrağını geniş açan bir nəfər müdaxilə edib
Arsenal-Qarabağ matçında meydançaya qollarının arasında Qarabağ separatçı rejiminin bayrağını geniş açan bir nəfər müdaxilə edib

Dekabrın 13-də Londonda Avropa Liqasının E qrupunda Arsenal və Qarabağ klubları arasında keçirilən matçın birinci hissəsində Alexandre Lacazette-in Mesut Ozilin pası ilə vurduğu qol İngiltərə futbolçularına qələbə qazandırıb.

Bir çox Britaniya saytları oyunun ümumən maraqsız keçdiyini yazırlar. Mirror qəzetinin saytındakı yazıda isə Qarabağ klubunun oyunu “dişsiz” olaraq səciyyələndirilir.

Ümumiyyətlə bu matç heç bir komanda üçün həlledici deyildi və oyunun süst keçməsi də bununla bağlı ola bilərdi. .

Qəzet yazır ki, bu Arsenal klubunun 22-ci məğlubiyyətsiz oyunu idi və ola bilsin Arsenal futbolçuları 2007-ci ilin rekordunu təkrar etsinlər. Həmin il Arsenal 28 matçı məğlubiyyətsiz başa vurmuşdu.

Reportajda deyilir ki, Arsenal-Qarabağ matçında Azərbaycan futbolçularının bircə dəfə fərqlənmək imkanı olub, lakin Araz Abdullayev bu real fürsətdən istifadə edə bilməyib.

Sun qəzeti isə yazır ki, Arsenal azarkeşləri Emirates stadionunu heç vaxt bu qədər sakit görməmişdilər.

Arsenal klubunun rəsmiləri matça 58101 biletin satıldığını bildirsələr də azarkeşlər sosial mediada stadionda 20 mindən bir qədər artıq azarkeşin olduğunu yazırlar.

Maverick adlı bir azarkeş yazır: “Emirates stadionu bu gecə boş görünür. Onsuz da gəlməyənlər heç nə itirməyiblər...Mən özüm hətta bir anlıq yuxuya getmişdim.”

Bu maraqsız oyunda hər halda Azərbaycan futbolçularının və azarkeşlərinin məğlubiyyətdən daha çox əsəbiləşməsinə səbəb olan insident baş verib.

Mirror yazır ki, meydançaya qollarının arasında Qarabağ separatçı rejiminin bayrağını geniş açan bir nəfər müdaxilə edib. Müdaxiləçini tez bir zamanda meydançadan çıxarıblar.

Qəzet qeyd edir ki, qonaqları hiddətləndirən bu insident Ermənistan və Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinə görədir.

Məqalədə deyilir ki, Arsenal klubunun erməni oyunçusu Henrikh Mkhitaryan elə bu münaqişənin ucbatından Bakıdakı matçda iştirak etmirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG