Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Armen Qriqoryan iyulun 20-də Ermənistanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərlərini qəbul edib.
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun Ermənistan XİN-in mətbuat xidmətinə istinadən yazır ki, görüşün əsas mövzusu “Ermənistanın suveren ərazisinə Azərbaycanın qəsdi ilə bağlı yaranmış situasiya” olub.
Görüşdə deyilib ki, Azərbaycan silahlı qüvvələrinin Sünik və Geğarkunik vilayətlərinə müdaxiləsi, Ararat vilayətində yeni gərginlik ocağının yaranması vəziyyəti daha da mürəkkəbləşdirib.
Armen Qriqoryan deyib ki, rəsmi Bakı bu hərəkətləri ilə parallel olaraq Ermənistana qarşı “yalançı ərazi və qondarma tarixi” iddialar irəli sürür.
Nazir əvəzinin sözlərinə görə bütün bunlar Azərbaycan tərəfinin Ermənistana qarşı təcavüzkar niyyətlərindən xəbər verir:
“Ermənistan Respublikası və Erməni xalqı öz hüquqlarının bu sayaq pozulmasına dözməyəcək. Bugün Ermənistanın silahlı qüvvələri Ermənistanın ərazi bütövlüyünün qorunması vəzifəsinin tam şəkildə icra edir”.
Ermənistan Qarabağ sülh prosesində iştirak etməyə hazırdır, amma
Qriqoryan deyib ki, Ermənistan özünün bütün hərbi-siyasi alətlərindən istifadə edəcək, habelə mövcud ikitərəfli və çoxtərəfli formatlarla əməkdaşlığı davam etdirəcək.
O əlavə edib ki, Ermənistan Azərbaycan tərəfindən beynəlxalq hüququn belə pozulmasına beynəlxalq partnyorlarının dəqiq reaksiya göstərəcəklərini gözləyir:
“Ermənistan Qarabağ sülh prosesində ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi yanaşmalar əsasında iştirak etməyə hazırdır”.
Qriqoryan bildirib ki, söhbət həmsədrlərin tənzimləmə üçün irəli sürdükləri prinsiplərdən, o cümlədən “öz müqəddaratını müəyyənetmə” hüququndan gedir.
Xatırlatma
2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.