Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 15:29

Arif Hacılı: 'Himnin bir hərfi belə dəyişə bilməz'


Arif Hacılı
Arif Hacılı

“Təəssüf ki, ayrı-ayrı vaxtlarda hakimiyyət tərəfindən parlamentə “daxil edilən” deputatlar dövlət artirbutları barədə lazım olmayan fikirlər, düşüncələr ortaya qoyurlar”.

Müsavat Partiyasının başqanı Arif Hacılı deputat Tahir Kərimlinin bu günlərdə dövlət himinin qısaldılması barədə açıqlamasına münasibət bildirərkən deyir.

Himnin sözləri şair Əhməd Cavada, musiqisi bəstəkar Üzeyir Hacıbəyova aiddir. Partiya başqanı hər iki müəllifin də təkcə şeir və musiqi yazmadığını, hər ikisinin də Azərbaycanın böyük fikir və düşüncə sahibi olduğunu vurğulayır.

“Bu himni hətta Stalin repessiyaları xalqa unutdura bilmədi. Bu himinin hər bir cümləsi xalqın yaddaşına hopub, o illərlə qorunaraq günümüzə gətrilib. 1991-ci ildə bərpa edilib və1992-ci ildə layiq olduğu mərtəbəyə - dövlət himni mərtəbəsinə qalxıb. Odur ki, onun nəinki musiqi həcmi, hətta bir hərfi belə dəyişə bilməz”.

E.Məmmədov: “O qədər mükəmməl himndir ki...”

Elman Məmmədov
Elman Məmmədov

“Bu, deputat Tahir Kərimlinin dövlət himninə öz baxışı, öz yanaşmasıdır ”, - hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi Elman Məmmədov belə söyləyir.

Onun öz mövqeyinə gəlincə, deputat hesab edir ki, himndə hər hansı dəyişikliyə ehtiyac yoxdur.

“Azərbaycan dövlət himni həm mətni, həm də musiqisi baxımından o qədər mükəmməldir ki, əl gəzdirilməsinə ehtiyac yoxdur. Biz dövlətimizi də, himinimizi də sevirik, bununla qurur duyuruq”, - deyə Elman Məmmədov fikrini izah edir.

Amma deputat başqa bir məqama diqqət çəkir:

“Mən bunu istər qardaş Türkiyədə, istər Türkiyənin Azərbaycan səfirliyinin keçirdiyi tədbirlərdə görmüşəm, “İstiqlal marşı” ifa olunanda onu hamı oxuyur, əzəmətli bir mənzərə, səhnə yaranır. Bax istəyirəm, həmin əzəməti biz də öz himnimizi ifa edəndə yaşayaq”.

Fazil Mustafa: “Linçvari münaisbəti anlamıram”

Fazil Mustafa
Fazil Mustafa

Deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa həmkarı Tahir Kərimlinin dövlət himni ilə bağlı söylədiyi bəzi məqamlarla razı olmadığını bildirir. Amma bununla belə onun açıqlamasında himnə qarşı “hər hansı hörmətsizlik, aşağılama” olmadığını da qeyd edir və ona görə bu açıqlama ətrafında bu qədər ajiotaj yaradılmasını anlamadığını söyləyir.

Deputat hesab edir ki, həmkarı Tahir Kərimli himnə dövlət atributu kontekstindən yox, sənət və zövq baxımıından yanaşıb.

“Adam demir ki, gəlin himni dəyişək, deyir ki, himinin dinlənilmə müddətini, bəzi sözlərini qısaldaq. Hesab edirəm ki, bu demokraitk cəmiyyətə xas olan və fikrini açıq söyləmək xüsusiyyətidir. Bu açıqlamaya az qala linçvari yanaşmanı anlaya bilmirəm. Hər şeyi bu qədər müqəddəsləşdirmək olmaz, axı. Bu sözləri yazan da, bu musiqini bəstələyən də insandır. Yəni hər kəsin bir zövq məsələsi var”, - deyə F.Mustafa bildirib.

O hesab edir ki, bu dini sahədəki “buna toxunma, bu müqəddəsdir”, “ona toxunma bu kəramət sahibidir” kimi yanaşmaların demokratik düşüncə müstəvisinə gətirilməsi cəhdidir.

“Nəqarat götürülsün, minor notlar çıxarılsın”

Ali Məhkəmənin keçmiş sədri, deputat Tahir Kərimli özü isə mətbuata ikinci dəfə açıqlamasında deyib ki, musiqinin həcmi azaldılmalıdır.

Tahir Kərimli, Bakı, 16 may 2009
Tahir Kərimli, Bakı, 16 may 2009

“Mən məsələni belə qoymuşam ki, himndə “Üç rəngli bayrağınla məsud yaşa” təkrar olunur, iki dəfə “Azərbaycan” yazılır, biz 4 dəfə oxuyuruq. Nəqaratlər götürülsün, minor notlar çıxarılsın. Mən musiqinin qısaldılmasını, minor notların götürülməsini, mübariz əhval ruhiyyədə fon verilməsini təklif etmişəm”, - “Qafqazinfo”ya açıqlamasında deputat fikrini belə izah edib.

Onun sözlərinə görə, Türkiyənin himni 1 dəqiqə 30 saniyəyə bitdiyi halda Azərbaycan himni 4 dəqiqə çəkir. “Əcnəbilər də, bizimkilər də himn səslənəndə artıq bir-biri ilə söhbət edirlər, fırlanırlar, gəzirlər. Bu da mənə pis təsir edir”.

Azərbaycan Diplomatiya Akademiyasının müəllimi, şərqşünas Nəriman Qasımoğlu “Facebook” sosial şəbəkəsində yazır:

“Azərbaycan dövlət himninin ifasının uzun sürməsindən şikayət etmək, mahiyyətcə, doğru deyil. Bu, ayrı məsələ, bunu xeyli əsaslandırıblar. Şikayətçi deyir himnimiz 4 dəqiqədir, bu da doğru deyil. Şikayətini geri götürməlidir. Çünki himnimiz o dediyindən təxminən iki dəfə qısadır, yəni 2 dəqiqədən 10-15 saniyə artıq. Başqalarının himninin 2-2,5 dəqiqə olduğunu sübut kimi gətirmək istəyən həmin şikayətçi yenə də yanılır. Bu sözünü də geri götürməlidir. Məsələn, cənab bilmir ki, Amerikanın himni 5 dəqiqə 13 saniyədir”.

Jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli isə sosial şəbəkədə deputatıpn təklifini “bekarçılıqdan əcaib "islahatçılar"ın peyda olması” kimi dəyərləndirib.

Qulu Məhərrğmli
Qulu Məhərrğmli

“Əlbəttə, bütün sahələrdə, o cümlədən himnin musiqisinin cazibədarlığını daha da artırmaq sahəsində hansısa peşəkar addımlar atmaq olar. Amma bu müzakirələri tarixə və tarixi şəxsiyyətlərə həqarət fonunda aparmaq olmaz.. Hələ nə yaxşı ki, o məclisdə himnin fəlsəfəsini bilən və bunu başqalarına da anladan deputatlar var”, - Məhərrəmli yazır.

XATIRLATMA

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə himn yazılması üçün müsabiqə keçirmək istəsə də, həmin il aprelin 28-də bolşevik işğalı ilə süquta uğradığı üçün bu baş tutmayıb.

1992-ci il mayın 27-də isə parlament “Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanun qəbul edib. Həmin qanuna əsasən 1919-cu il-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavadın müəllifi olduğu "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiqlənib.

XS
SM
MD
LG