Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:58

Aqil Hümbətovun xanımı: 'Telefonda dedi ki, çox pisəm...'


A.Hümbətov
A.Hümbətov

Ayyarıma yaxındır Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasında saxlanan AXCP fəalı Aqil Hümbətovun xanımı onun həyatının təhlükə altında olduğunu iddia edir. Bu barədə AzadlıqRadiosuna danışan Aygün Hümbətova deyir ki, sonuncu dəfə mayın 11-də telefonla danışanda həyat yoldaşının durumunun yaxşı olmadığını hiss edib.

"Çox halsız idi. Sanki yorulub, keyləşmişdi. Danışmağa da çətinlik çəkirdi. Dedi ki, iynələr vururlar, dərmanlar verirlər. Məsləhət gördüm ki, verilən dərmanları içməsin. Sağlam adamdır, aparıb salıblar xəstələrin arasına, ağır dərmanları verirlər ona. Bir kəlmə dedi ki, "olmur axı..." Başa düşdüm ki, qəbul etməyə məcburdur", – A.Hümbətova belə deyir.

A.Hümbətov xəstəxananın işçilərinin mobil telefonları vasitəsilə ailəsi ilə əlaqə saxlayır. Həyat yoldaşının sözlərinə görə, danışanda da sərbəst olmur, demək istədiklərini çatdıra bilmir. Çünki həmin vaxt yanında dayanırlar: "Hətta olub ki, onlara uyğun olmayan nəsə deyən kimi danışıq kəsilib. Dünən (mayın 11-də-red.) danışanda bircə onu deyə bildi ki, "çox pisəm". Deməsəydi belə, özüm də hiss eləyirdim. Belə insafsızlıq olmaz, üç körpənin atasını göz görə-görə məhv edirlər. Günahı da odur ki, hökumətdən uşaqpulu tələb edib".

1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov isə Səhiyyə Nazirliyinin mətbuat xidməti vasitəsilə AzadlıqRadiosuna bildirib ki, A.Hümbətovun vəziyyəti normal qiymətləndirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi barədə martın 13-də verdiyi qərara əsasən, tibb müəssisələrində müalicə alan xəstələrin də yaxınlarıyla görüşü qadağan edilib.

"Nə qədər gözləsəm də..."

A.Hümbətovun vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, xəstəxanaya məcburi yerləşdirmək haqda qərardan Ali Məhkəməyə şikayətlə əlaqədar mayın 12-də müvəkkili ilə görüşmək istəyib. Vəkilin sözlərinə görə, xəstəxanaya getsə də, onun görüşməsinə imkan verməyiblər: "Dedilər ki, heç kim yoxdur. Nə qədər gözləsəm də, israr eləsəm də, nəticəsi olmadı".

Müdafiəçi deyir ki, bundan öncə də iki dəfə xəstəxanaya getsə də, A.Hümbətovla görüşünə icazə verilməmişdi. Yalnız Ombudsman Aparatının müdaxiləsindən sonra üçüncü cəhddə müvəkkili ilə görüşmüşdü: "Aqilin xəstəxanaya məcburi yerləşdirilməsinə əsas olan Bakı Apellyasiya Məhkəməsinin qərarından 1 ay 10 gün keçib. Amma bu günə qədər qərarı mənə verməyiblər. Ondan şikayət vermək üçün müddət də keçir. Bunları da məsləhətləşməliydik".

Xatırlatma

Küçələrdən karton, tullantı yığmaqla ailəsini dolandıran A.Hümbətov sosial mediada yaydığı videolarda insanların sosial-iqtisadi durumuna görə prezident də daxil olmaqla, hökuməti tənqid edirdi. Martın 30-da onu küçədə başqa fəhlələrlə birlikdə yol kənarındakı zibilləri toplayarkən tutub, Xəzər rayonu 1-ci polis bölməsinə, oradan da Psixiatriya Xəstəxanasına aparıblar. İki gecə orada saxlanılandan sonra aprelin 1-də Sabunçu rayon Məhkəməsinin qərarıyla oradan buraxılıb. Məhkəmə onun məcburi müalicəyə cəlb edilməsi barədə xəstəxananın baş həkimi A.Rəsulovun ərizəsini təmin etməyib.

Bir gün sonra A.Hümbətov yenidən tutularaq həmin xəstəxanaya aparılıb. Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin edib. İddia olunur ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub.

Amma A.Hümbətov aprelin 1-də xəstəxanadan buraxılandan sonra AzadlıqRadiosuna bildirmişdi ki, onu sosial şəbəkələrdəki tənqidlərinə görə bu şəkildə cəzalandırırlar.

Hümbətovun aprelin 1-də evə buraxılması barədə qərarı çıxaran hakim Samir Talıbov bundan az sonra vəzifəsindən çıxarılıb. S.Talıbov öz ərizəsilə hakimlikdən getdiyini desə də, ona yaxın mənbə AzadlıqRadiosuna sözügedən qərara görə bu yolla cəzalandırıldığını söyləyib.

A.Hümbətova ötən ilin martında da 30-günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını iddia edirlər.

XS
SM
MD
LG