Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 04:34

Çexovun ekranlaşdırılmış altı əsəri


Anton Çexov
Anton Çexov

Rusiyanın ən görkəmli və sevilən yazıçılarından biri olan Anton Çexov 162 il bundan qabaq, yanvarın 17-si doğulub. Onun əsərləri arasında səfər gündəlikləri və qısa hekayələr də var. Ancaq Çexov dünyada, əsasən, adi qəhrəmanların daxili təlatümlərini təsvir edən pyesləri ilə tanınır.

Bu gün Çexovun pyesləri bütün dünyada səhnəyə qoyulur. Bəs onun əsərləri kinoda necə təmsil olunur? Londonda yaşayan rusiyalı iqtisadçı Nonna Materkovanın 2009-cu ildə Britaniyada təsis etdiyi "The Calvert Journal" saytı Çexovun əsərləri əsasında çəkilmiş altı filmin siyahısını dərc edib.

"Qış yuxusu" (2014). Rejissor: Nuri Bilge Ceylan

2014-ü ildə Kann kinofestivalının əsas mükafatı olan "Qızıl Palma" mükafatına layiq görülmüş bu film Çexovun "Arvad" hekayəsi (1892) əsasında çəkilib. Hadisələr Türkiyənin heyrətamiz dağlıq bölgəsi olan Kappadokiyada cərəyan edir. Bu yavaş filmdə tamaşaçı evlilik və icma daxilindəki münasibətləri yaxından izləyə bilir. Aydın sonradan otel və torpaq sahibi olmuş zəngin aktyordur. Onun özündən çox gənc həyat yoldaşı Nihal yerli məktəblər üçün xeyriyyə işi ilə məşğuldur. Ancaq onların rahat yaşayışı kirayənişinlərinin həyatından çox fərqlidir. Cütlüyün sinfi məsələlərə fərqli baxışı tezliklə münaqişəyə gətirib çıxarır. Maraqlıdır ki, Nuri Bilge Ceylan bu filmin ssenarisini həyat yoldaşı, fotoqraf və kinorejissor Ebru Ceylanla birlikdə yazıb.

"Çexov motivləri" (2002). Rejissor: Kira Muratova

Tanınmış ukraynalı rejissor Kira Muratovanın bu işi Çexovun iki əsərini özündə birləşdirir: "Çətin insanlar" hekayəsi (1886) və "Tatyana Repina" pyesi (1889). Bu pyes yazıçının dostu Aleksey Suvorinin eyniadlı pyesinə yumoristik nəzirə kimi yazılmışdı. Hər iki əsər ümumən anlaşılmazlıq problemlərini araşdırmağı sevən Muratova üçün idealdır. "Çətin insanlar" hekayəsi ailəsinə çox təzyiq edən ata haqqındadır. Onun təzyiqi ailəsini sükut və itaətə məcbur edib. "Tatyana Repina" isə bir toy mərasimində səslərin xaotik kakofoniyasıdır. Muratovanın özünəməxsus absurdist tərzi hər iki hekayənin içinə nüfuz edərək insanların bir-birini anlaya bilmədiyi tragikomik bir mənzərə ilə nəticələnib.

"42-ci küçədən Vanya" (1994). Rejissor: Lui Mal

Fransız kinorejissor Lui Mallın çəkdiyi bu film çoxları tərəfindən Çexovun "Vanya dayı" əsərinin Rusiyadan kənarda ən çox tanınan adaptasiyası sayılır. "42-ci küçədən Vanya" sözün tam mənasında adaptasiya deyil. Ona daha çox pyesin səhnələşdirilməsinin qeydə alınması demək olar. Filmin ilk səhnəsi Nyu-York küçələrində açılır. Aktyorlar Nyu-Amsterdam Teatrının köhnə, dağılmaqda olan binasına üz tuturlar. Aktyorların məşqöncəsi söhbəti sakitcə pyesin içindəki dialoqa keçir. Heç bir kostyum, yaxud məşqi xatırladacaq su stəkanları, masalar yoxdur. Çexov bu filmi bəyənərdi.

"Mexaniki piano üçün yarımçıq pyes" (1977). Rejissor: Nikita Mixalkov

Bu əsər ilk növbədə Çexovun yaradıcılığının erkən dövründə yazdığı "Platonov" pyesi əsasında çəkilib. Çexov bu pyesi 18 yaşı olanda yazsa da, o, yalnız yazıçının ölümündən sonra, 1923-cü ildə nəşr olunub. Kənd yerində bir malikanədə qonaqların əyləndiyi dinc, sakit mühitdə qəfildən gərginlik yaranır. Hər şey narazı məktəb müəllimi Platonovun qəflətən keçmiş sevgilisini görməsindən sonra başlayır.

"Sevgi və qorxu" (1988). Rejissor: Marqareta fon Trotta

Alman rejissor Marqareta fon Trottanın Çexovun "Üç bacı" (1900) əsəri əsasında çəkdiyi bu film beynəlxalq layihədir. O, İtaliya, Fransa və Almaniya qurumlarının maliyyəsi ilə ərsəyə gəlib. Həm çəkiliş, həm də aktyor heyəti bütün Avropadan toplanıb. Üç bacını Fanni Ardan, Qreta Skakki və Valeriya Qolino kimi tanınmış simalar canlandırır. Rejissor orijinal hekayəyə ciddi dəyişiklik edib. O, personajları 80-ci illərin İtaliyasına daşıyaraq onların münasibətlərini bir xeyli dəyişdirib. Ancaq, eyni zamanda, pyesin özəyinə sadiq qalıb: bacıların bir-birinə bağlılığı, fərqli taleləri və ailənin gəlini ilə münaqişələri olduğu kimi qalıb.

"Ayı" (1938). Rejissor: İsidor Annenski

Sovet rejissoru İsidor Annenskinin filmoqrafiyası Çexovun əsərlərinin adaptasiyası ilə doludur. Ancaq onun tələbə ikən çəkdiyi "Ayı" filmi onun ən çox tanınan işlərindən biridir. Çexovun eyniadlı komediyası (1888) əsasında çəkilmiş bu filmdə ayıya bənzər torpaq sahibi Smirnovla yas içində olan dul qadın Popova arasında qeyri-mümkün münasibətdən bəhs edilir. Popovanın mərhum əri Smirnova pul borclu imiş. Bu komediya 84 il bundan əvvəl çəkilsə də, hələ də kinosevərlər arasında populyardır.

XS
SM
MD
LG