Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:26

Anti-Nobel 'əvvəlcə güldürən, sonra düşündürən' elmi işlərə verilir


Hər il nüfuzlu Nobel mükafatına parodiya olaraq keçirilən Ig Nobel və ya Anti-Nobel mükafatları mərasimində 2018-ci ilin tibb üzrə mükafatına böyrək daşlarının salınması üçün parklarda qurulan “əyləncə qatarlarının” – roller-caster-lərin səmərəli vasitə olduğunu “aşkara” çıxarmış şəxslər layiq görülüb.

ABŞ-dan olan tədiqtçılar əmindirlər ki, böyrəyində daş olanlar müntəzəm şəkildə parklarda qurulan əyləncələrdən istifadə etməlidirlər.

Anti-Nobel mükafatlarına layiq görülənlərin siyahısı hər il Annals of Improbable Research adlı yumoristik jurnalda dərc edilir. Annals of Improbable Research ifadəsinin təxmini tərcüməsiİnanılmaz Tədqiqatlar Dərgisidir.

Bu da deyilməlidir ki, Anti-Nobel mükafatına təqdim olunmuş işlərin bir çoxunda ciddi elmi mülahizələr var.

Böyrək daşını əyləncə parkında salmaq ideyası ilk dəfə Miçiqan Dövlət Universitetinin Osteopatik Təbabət Kollecinin professoru David Wartinger-in pasientlərindən birinin ağlına Floridadakı Walt Disney parkından qayıdarkən gəlib.

Həmin pasient deyirdi ki, onun böyrək daşlarından biri dəmir təpəciklərdən mayallaq aşaraq hərəkət edən əyləncə qatarında gedərkən düşüb.

Bunun bir təsadüf, yoxsa, səbəb olduğunu öyrənmək istəyən həmin pasient müntəzəm olaraq parkda əyləncə qatarına minməyə başlayıb. Onun parka hər səfərində böyrəyindəki daşlardan biri düşürmüş.

Bundan heyrətlənən professor Wartinger pasientinin böyrək sisteminin silikon maketini yaradıb. Bu maketin içərisində daşlar da yerləşdirilmişdi. Professor maketi özü ilə əyləncə qatarına aparıb.

Pasientin dedikləri doğru çıxıb. Böyük İldırım Dağı (Big Thunder Mountain) əyləncə qatarında hər gedişdən sonra böyrək maketindəki daşlar düşürdü.

Professor Wartinger bunu Böyük İldırım Dağı qatarının çoxsaylı eniş-yoxuşlardan keçməsi ilə əlaqələndirib.

Tibb sahəsi Anti-Nobel mükafatlarının verildiyi 10 sahədən yalnız biridir.

Sentyabrın 13-də ABŞ-ın Kembric şəhərindəki Harvard Universitetində keçirilən mərasimdə hər bir laureata öz kəşfi barədə çıxış etmək üçün 60 saniyə vaxt verilmişdi.

Reqlamentə 8 yaşlı qız nəzarət edirdi. O hər dəfə 60 saniyə bitən kimə deyirdi: “Artıq bəsdir mən darıxdım”.

Bəzi hallarda ən azı qəribə adlandırıla biləcək ixtiralar da təqdim olunur. Məsələn Tibbi Təhsil üzrə mükafatı “özünükolonoskopiya” cihazı üçün almış yaponiyalı tədqiqatçı doktor Akira Horiuchi deyib ki, ixtirasını öz üzərində yoxlayıb.

Professor BBC NEWS kanalına deyib: “İnsanlar, xüsusən də Yaponiyada kolonoskopiya müayinəsindən qorxurlar. Buna görə də kolorektal xərçəngindən (yoğun bağırsaq) ölənlərin sayı ildən-ilə artır. Mən bu müayinəni daha rahat etmişəm”.

Bu ilin Qidalanma üzrə mükafatını britaniyalı araşdırmaçı alıb. Onun təhqiqatı insan ətinin qidalanma məhsulu kimi əhəmiyyətsizliyini müəyyənləşdirib. Alimin fikrincə qidalanma əmsalı baxımından insan əti başqa canlıların ətindən geri qalır. O izah edir ki, onun bu araşdırması daha çox insan əti yeyən ibtidai insanlara həsr olunmuşdu.

İqtisadiyyat üzrə mükafatı işçilərin onları qısma-boğmaya salan müdirlərinə qarşı vudu cadu gəlinciklərindən istifadəsinin səmərəsiz olduğunu isbat edən tədqiqat alıb.

Alim deyir ki, müdirin acığını gəlinciklərdən çıxmaq insanın əsəblərini qısa müddətdə sakitləşdirsə də, uzunmüddətli karyera üçün müdirlə olan problemləri həll etmək lazımdır.

Kimya üzrə Anti-Nobel mükafatı insan seliyinin çirkli səthləri nə dərəcədə effektiv təmizləməsinə həsr edilmiş tədqiqat qazanıb. Tədqiqatçılar deyirlər ki, insan seliyi xüsusilə də keramik məmulatlarınkövrək rəngli hissələrini, habelə nazik qızıl vərəqələrini təmizləmək üçün son dərəcə səmərəlidir.

Biologiya üzrə mükafatı almış isveçli alimlər qrupu sübut edir ki, şərab ekspertləri sadəcə qoxubilmə hissi ilə şərabın içində milçəyin olub-olmadığını yoxlaya bilərlər.

Anti-Nobel Sülh mükafatı avtomobil yollarında zorakılığın və dava-dalaşın azaldılması uğrunda mübarizə aparan İspaniya qrupuna verilib. Onların elmi əsəri “Maşın sürərəkən qışqırmaq və söyüş söymək – yayılması, səbəbləri, riskləri və mümkün cəzaları” adlanır.

Təşkilatçılar bildirirlər ki, Anti-Nobel mükafatları əvvəlcə güldürən və lağa qoyulan, amma sonra düşündürən elmi işlərə verilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG