Yəhudi əsilli alman yeniyetmə Anna Frankın nasistlərdən gizləndiyi zaman yazdığı gündəliyi 70 ildən çoxdur ki, bütün dünyada oxunur.
Bu yaxınlarda kanadalı müəllif Rozmari Sallivan "The Betrayal of Anne Frank: A Cold Case Investigation" adlı kitabında Frank və ailəsini satan adamın kim olduğunu üzə çıxardığını iddia etmişdi. Ancaq sözügedən tapıntıların yanlış olduğu sübut edildikdən sonra kitabı Niderlandda çap edən nəşriyyat onu geri çağırıb. Kitabın Niderlandda satışdan yığışdırılması onun çapdan çıxmasından cəmi iki ay sonra baş verib.
69-səhifəlik hesabat
Kitabın yazılmasında iştirak edən təhqiqat qrupu iddia edirdi ki, Anna Frank və ailəsinin tapılaraq həbs edilməsinə görə Arnold van den Berq adlı bir yəhudi notarius məsuliyyət daşıyır. Ancaq kitab bu ilin yanvarında işıq üzü görəndən bəri çoxları tərəfindən tənqid edilib. İndi isə İkinci Dünya müharibəsi sahəsində ixtisaslaşan ekspert və tarixçilər qrupunun hazırladığı 69-səhifəlik yeni hesabatda Sallivanın kitabının gəldiyi nəticələrin doğru olmadığı bildirilir.
Anna Frank 1945-ci ildə konsentrasiya düşərgəsində həyatını itirməsindən öncəki iki il ərzində nasistlərdən gizləndiyi müddətdə başına gələnlər haqda gündəlik yazmış yəhudi yeniyetmə qızdır. Kitabda iddia olunur ki, Van den Berq öz ailəsini xilas etmək üçün Anna Frank və daha yeddi yəhudinin Amsterdamda kanal kənarında yerləşən bir anbarda gizləndiyi yeri nasistlərə nişan verib. Van den Berqin özü 1950-ci ildə vəfat edib.
Həmin qrup həyatlarını qurtarmaq üçün iki il gizlində yaşadıqdan sonra 1944-cü ilin avqustunda nasistlər tərəfindən tapılaraq tutulub və deportasiya edilib. Anna Frankın özü 15 yaşında Almaniyadakı Berqen-Belzen düşərgəsində vəfat edib.
Araşdırma, yoxsa "həvəskar işi"
İstefada olan bir FTB təhqiqatçısının rəhbərlik etdiyi təhqiqat qrupu bu işin ətrafındakı müəmmanı araşdırmağa altı il vaxt sərf edib. Ancaq Rozmari Sallivanın müəllifi olduğu kitab yəhudi qrupları və tarixçilərin tənqid atəşinə tuş gəlib. Avropa Yəhudi Konqresi "HarperCollins" nəşriyyatını kitabın ingilis dilindəki versiyasını satışdan yığışdırmağa çağırıb və bildirib ki, bu kitab Anna Frankın xatirəsini və Holokostdan sağ çıxanların ləyaqətini təhqir edir.
Yeni araşdırmanın yekun hesabatı kitabda əks olunan tapıntılarını rədd edərək onları "həvəskar işi" adlandırır. "Bu ağır ittihamlar üçün heç bir ciddi dəlil yoxdur", –ekspertlər bu hesabatda yazırlar.
Nəşriyyat üzr istəyib
Buna cavab olaraq, "Ambo Anthos" holland nəşriyyatı kitabın daha satılmayacağını bildirərək kitab dükanlarından əllərində olan kitabları geri qaytarmağı xahiş edib.
Nəşriyyat özlərini kitabın məzmunundan təhqir olunmuş hiss edən oxuculardan "səmimi qəlbdən" üzr istəyib. Van den Berqin nəvəsi Miryam de Qorter isə "HarperCollins" nəşriyyatını kitabın ingilisdilli versiyasını satmamağa çağırıb.
"Bu hekayə ilə siz Anna Frankın hekayəsini istismar edir, tarixi saxtalaşdırır və böyük ədalətsizliyə töhfə verirsiniz. …Mənim babam bütün dünyada beynəlxalq günah keçisi kimi qələmə verilib", – o deyib.
Kitabın araşdırma qrupu isə daha öncə öz tədqiqatlarını müdafiə edərək heç vaxt tam həqiqəti üzə çıxardıqlarını iddia etmədiklərini demişdilər. Qrupun rəhbəri Piter van Tvisk Niderlandın NOS kanalına müsahibəsində bu araşdırmanı "detallı və sanballı" adlandırıb.
"Bizim nəzəriyyəmiz nəzəriyyədir və bundan artıq bir şey deyil", – van Tvisk Niderlandın ANP xəbər agentliyinə verdiyi başqa bir açıqlamasında deyib.