Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:45

Anna Frankı kim satıb? Xainin adı 78 il sonra üzə çıxır


Anna Franka həsr olunmuş sərgi
Anna Franka həsr olunmuş sərgi

Federal Təhqiqat Bürosunun (FTB) keçmiş agentinin apardığı araşdırma nəticəsində yeniyetmə publisist Anna Frank və ailəsini nasistlərə satmış şəxsin kimliyi ilə bağlı vacib dəlillər aşkarlanıb. Amsterdamda Arnold van den Berq adlı yəhudi notariusun bu işdə əsas şübhəli şəxs olduğu iddia edilir.

Kanadalı müəllif Rozmari Sallivanın "The Betrayal of Anne Frank" adlı kitabında Arnold van den Berqin Anna Frankın Amsterdamda gizləndiyi yeri nişan verən şəxs olduğu göstərilib. Kitabda onun bunu öz ailəsinin xilası üçün etdiyi iddia olunur. Yeni çapdan çıxan kitab altı illik araşdırmanın məhsuludur.

Amsterdamda Anna Frankın yaşadığı ev
Amsterdamda Anna Frankın yaşadığı ev

Ottoya məktub

1950-ci ildə ölən Van den Berqə qarşı bu iddianı dəstəkləyən dəlillər arasında İkinci Dünya müharibəsindən sonra Annanın atası Ottoya göndərilən məktub da var. Bu yaxınlarda holland mediasında dərc edilən materiallarda deyilir ki, həmin məktubda Van den Berq "xain" adlandırılır.

Anna Frankın Ev Muzeyi mətbuata bildirib ki, istefada olan FTB detektivi Vinsent Pankoukun araşdırmasının nəticələri "maraqlı hipotez" olsa da, bu nəticələrin daha çox araşdırılmasına ehtiyac var.

Anna və ailəsinin iki il ərzində holokostdan gizləndiyi yerin 1944-cü il avqustun 4-də nasist reydi nəticəsində aşkarlanması ilə bağlı fərziyyələr dolaşmaqda idi.

Van den Berqin adı daha əvvəl çox diqqət cəlb etməyib. Ancaq yeni üsul və texnologiyaların tətbiqi bu adı təhqiqatçıların diqqət mərkəzinə çıxarıb. Sözügedən müasir üsullar arasında nəhəng həcmdə məlumatı sortlaşdırmağa kömək edən süni zəkanın xüsusi yeri var.

Amsterdamda Anna Frankın Ev Muzeyi
Amsterdamda Anna Frankın Ev Muzeyi

Dörd şübhəlidən biri

Süni zəka şübhəlilərin sayını dördə endirib. Bu dörd nəfərin arasında Yəhudi Şurasının təsisçisi Van den Berqin adı da var idi. Yəhudilərin deportasiyası ilə məşğul olan Yəhudi Şurası nasistlərin tələb və təzyiqi ilə yəhudilərin özləri tərəfindən yaradılmışdı.

Pankouk Van den Berqin özünü qeyri-yəhudi kimi qeydiyyatdan keçirdiyini aşkar edib. Ancaq sonradan bir iş mübahisəsindən sonra o, yenidən yəhudi kimi qeydiyyata alınıb.

O dövrdə nasistlər insanları sənət əsərlərini Herman Görinq kimi yüksək rütbəli nasistlərə satmağa məcbur edirdilər. Van den Berq də həmin bu əməliyyatlarda notarius kimi fəaliyyət göstərirdi. O, həm də insanların gizləndiyi ünvanlardan öz ailəsinin həyatını qorumaq üçün qarantiya kimi istifadə edirdi.

Təhqiqatçılar onun ailəsini köçürülməkdən saxlamağa nail olduğunu aşkar ediblər. Üstəlik, bu, Frank ailəsinin satıldığı vaxta təsadüf edib.

Anna Frankın gündəliyi
Anna Frankın gündəliyi

"Faciəvi fiqur"

Kitabın müəllifi Sallivanın sözlərinə görə, Van den Berq o zaman tanınmış notarius, üstəlik, Amsterdamda cəmi altı yəhudi notariusdan biri imiş. "Notarius olduğu üçün ona hörmət olunurdu. O, müharibədən öncə Almaniyadan qaçmaqda olan yəhudilərə kömək edən bir komitə ilə çalışırdı. Anonim məktubda Otto Frankın adı yoxdur. Orada sadəcə yazılıb ki, "sizin ünvanınız satılıb". Əslində olan bu idi ki, Van den Berq gizlənməkdə olan yəhudilərin ünvanlarını tapmışdı. Bu ünvanların üzərində adlar yox idi və yəhudilərin hələ də burada gizlənmiş olduğuna qarantiya yox idi", – "The Guardian" Sallivana istinadən yazır.

Sallivan Van den Berqi "faciəvi fiqur" hesab etdiyini deyib.

Nasistlərin Frankların evinə reydindən sonra ailə deportasiya edilib. Anna və bacısı növbəti il Berqen-Belzen konsentrasiya düşərgəsində həyatlarını itiriblər.

Sonradan atası Annaya məxsus "Gənc qızın gündəliyi"ni çap etdirib və onun 30 milyondan çox nüsxəsi satılıb.

XS
SM
MD
LG