Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:35

Ankara Rusiyadan S-400 gətirilməsinin ləngidiyinə işarə edir


Prezident Recep Tayyip Erdoğan və müdafiə naziri Hulusi Akar
Prezident Recep Tayyip Erdoğan və müdafiə naziri Hulusi Akar

Reuters agentliyi xəbər verir ki, Birləşmiş Ştatlar Rusiyanın S-400 raketdən müdafiə sistemlərinin Türkiyəyə gətirilməsi müddətininin yaxınlaşdığı bir vaxtda bu ölkənin hərbi pilotlarının təkmil F-35 döyüş təyyarələrində təlimlərinin dayandırılmasını ciddi götür-qoy edir.

İki NATO müttəfiqi arasında Ankaranın Rusiyadan S-400 almaq qərarı ilə bağlı mübahisə artıq aylardır ki, davam edir.

Vaşinqton Ankaraya xəbərdarlıq edərək bildirib ki, Türkiyə Rusiyadan raket sistemlərini alarsa, F-35 qırıcı təyyarələrini almaqdan məhrum edilə bilər. Halbuki Türkiyə F-35 qırıcı təyyarəsi proqramının üzvüdür və stels tipli bu təyyarələrdən 100-nü almağı planlaşdırır.

F-35 Lightning II qırıcı təyyarəsi
F-35 Lightning II qırıcı təyyarəsi

Lakin Türkiyənin F-35 proqramında iştirakı ilə yaxından tanış iki mənbə adlarının çəkilməməsi şərtilə Reuters agentliyinə bu barədə son qərarın hələ qəbul edilmədiyini bildirib.

Mayın 22-də Türkiyənin müdafiə naziri Hulusi Akar demişdi ki, türk hərbi heyəti S-400 raket sistemlərindən istifadə üzrə artıq Rusiyada təlimlərə başlayıb.

Lakin Türkiyənin hərbi təyyarəçiləri də Arizonadakı Luke hərbi hava bazasında F-35 qırıcı təyyarələrinin idarə olunması üzrə təlim keçməkdədirlər.

Onlara verilən təlimin davam etdirilib-etdirilməyəcəyi hazırda naməlumdur.

NATO-da ən dərin ixtilaf

Birləşmiş Ştatlar qəti şəkildə bildirib ki, Türkiyə S-400 raket sistemlərini alarsa, F-35 proqramında qala bilməz.

Əgər Türkiyə F-35 proqramından xaric edilərsə, bu NATO-nun tarixində iki müttəfiq arasında ən dərin ixtilaf olacaq.

Vaşinqton İnstitutunda Türkiyə proqramının direktoru Soner Cağaptay bu barədə Reuters agentliyinə deyib:

“Vaşinqton işarə verir ki, Türkiyə ilə bağların qırılmasını istəməsə də, Ankara S-400 raket sistemini almaq planından çəkinməsə, bunu etməyə məcbur olacaq”.

F-35 proqramı Vaşinqton və Ankara arasında gərginliyin yeganə səbəbi deyil. Burada Türkiyənin ABŞ-dan fərqli Suriya siyasəti, İran sanskiyalarına yanaşma, habelə Türkiyədəki ABŞ konsulluğu əməkdaşının həbsdə saxlanması da nəzərə alınmalıdır.

Pentaqon və Dövlət Departamenti Türkiyə pilotlarının gələcək taleyi barədə şərh verməkdən imtina ediblər.

Patriot raket sistemi
Patriot raket sistemi

Lakin Pentaqonun sözçüsü polkovnik Mike Andrews deyib ki, hazırda Ankara ilə, Türkiyənin Patriot raket sistemini almasına dair danışıqlar davam edir.

Andrews deyib ki, Patriot sistemi Türkiyənin milli təhlükəsizlik maraqlarına Rusiya istehsallı S-400-dən daha uyğundur.

Bu arada mayın 27-də Habertürk Akarın müsahibəsinə istinadən bildirib ki, S-400 raketlərinin Türkiyəyə gətirilməsi planlaşdırıldığı kimi iyun ayında baş verməyə də bilər.

Lakin o əlavə edib ki, S-400 artıq “həll olunmuş məsələdir”, hərçənd onların gətirilməsi qarşıdan gələn aylarda reallaşdırıla bilər.

“Dəyişkən Trump-la, amansız Putin arasında”

Ankaranın Rusiyadan S-400 almaq planına cavab tədbiri olaraq Birləşmiş Ştatlar mart ayında F-35 avadanlıqlarının Türkiyəyə gətirilməsini dayandırıb. Bu, Vaşinqtonun Türkiyəyə qarşı S-400-lə bağlı atdığı ilk konkret addımdır.

Bundan başqa Vaşinqton xəbərdarlıq edib ki, Ankaranın S-400 raket sistemlərini alacağı təqdirdə, onun üzərinə ABŞ sanksiyaları avtomatik şəkildə aktivləşdiriləcək.

G20-nin Hamburq sammiti günlərində pivə reklamı
G20-nin Hamburq sammiti günlərində pivə reklamı

Türkiyə bidlirir ki, o bir NATO üzvü kimi ABŞ üçün təhlükə yaratmır və buna görə də onun üzərinə sanksiyalar qoyula bilməz. Türkiyə həm də prezident Donald Trump-ın son anda verə biləcəyi dəstəyə ümid edir.

Bloomberg yazır ki, S-400 raket sistemlərinin Türkiyəyə gətirilməsi əslində iyul ayına planlaşdırılmışdı, lakin sonradan Rusiyanın təkidi ilə bir ay irəli çəkilib.

Bu arada Türkiyə rəsmiləri bildirirlər ki, hazırda Donald Trump-ın Ankaraya mümkün səfərinin vaxtı üzərində işləyirlər.

Bloomberg bunu da bildirir ki, S-400 raketlərinin Rusiyadan gətirilməsinin ləngiməsinə dair xəbərlər milli valyuta lirənin məzənnəsini möhkəmlədib.

Akar ləngiməyə səbəbin texniki olub-olmadığı barədə açıqlama verməyib, lakin deyib ki, hazırda oktyabr və noyabr aylarınadək ABŞ-dan Patriot raketlərinin alınması məsələsi müzakirə olunur.

Financial Times qəzeti isə özünün “Erdoğan iki od arasında” başlıqlı məqaləsində yazır ki, Türkiyə lideri indiyədək ziddiyyətlərdən ustalıqla mənfəətlənə bilib, lakin o hazırda ekstremal seçim qarşısındadır.

Çünki bu seçim “dəyişkən Trump-la, amansız Putin” arasında olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG