Ankara Rusiyadan S-400 zenit-raket kompleksi alışına görə ABŞ-ın mümkün sanksiyalarına hazırlaşır. Bunu Türkiyənin müdafiə naziri deyir, ancaq eyni zamanda məsələ üzrə Vaşinqtonla “yaxınlaşma”nın artdığını vurğulayır.
Birləşmiş Ştatlar Ankaranın Rusiyayla razılaşmanı təxirə salmağa çağırır. NATO müttəfiqləri isə ABŞ istehsalı olan F-35 qırıcılarına potensial təhlükədən narahatlıq bildiriblər.
Vaşinqton Ankaraya xəbərdarlıq edib ki, Amerikanın Düşmənlərini Sanksiyalarla Önləmək Aktını işə sala və Türkiyəyə maliyyə sanksiyaları tətbiq edə bilər.
Mayın 21-də jurnalistlərə danışan Müdafiə naziri Hulusi Akar deyib ki, Vaşinqtonla son danışıqlarda Ankara məsələylə bağlı “ümumi yüngülləşmə və yaxınlaşma” görüb.
Ancaq onu da əlavə edib ki, Türkiyə alışdan dolayı ABŞ-ın mümkün sanksiyalarına “hazırlıq görür” və “bütün variantları nəzərdən keçirir”.
Akarın sözlərinə görə, Türkiyə hərbi personalı S-400 sistemini işlətmək üzrə təlim keçir.
Vaşinqton deyib ki, Ankaraya sözügedən sistemin alternativi sayılan Patriot raket əleyhinə sistemi satmaq təklifini geri götürə bilər. Türkiyəyə həmçinin F-35 qırıcı proqramından çıxarılmaqla bağlı xəbərdarlıq olunub.
Türkiyə bu təyyarənin istehsalı üzrə konsorsiumun üzvüdür və onun alıcısıdır.