.
Martın 13-də Türkiyənin paytaxtı Ankarada partlayış olub.
Ankara valiliyinin hadisədən az sonra yaydığı məlumata görə, partlayış nəticəsində azı 34 nəfər həlak olub, 100-dən artıq insan yaralanıb.
Partlayış yerli vaxtla saa 18.45-də şəhərin Kızılay səmtindəki Güvən Park yaxınlığında baş verib. İçi partlayıcı dolu maşın partlayıb. Hadisə yerindəki çoxlu sayda maşın yanıb.
Partlayış böyük olduğundan səsi şəhərin müxtəlif istiqamətlərində eşidilib. Hadisəni kimin törətdiyi hələlik məlum deyil.
Kızılay Ankaranın ən mərkəz nöqtəsidir. Burda şəhərin böyük parklarından olan Güvən Park, Türkiyə Baş Nazirliyinin keçmiş binası, Təhsil Nazirliyinin binası və başqa dövlət idarələri, iş mərkəzləri, avtobus dayanacaqları yerləşir. Yaxınlıqda metro dayanacağı var.
Keçən ay fevralın 17-də Türkiyə hərbçilərinin olduğu xidməti maşının partlaması nəticəsində 29 nəfər həlak olmuşdu. Türkiyə hakimiyyəti bu hadisədə kürd terror qrupunun əli olduğunu bildirmişdi.