Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:12

Türkiyə tərəvəzi və inşaatçıları Rusiyaya qayıdır


Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan martın 10-da Moskvada görüşüblər
Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan martın 10-da Moskvada görüşüblər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan ölkələri arasında ikitərəfli bağların yaxşılaşması və Suriya münaqişəsinin başa çatdırılması yolunda birgə işləyəcəklərini bəyan ediblər.

Xəbər verilir ki, iki lider martın 10-da Suriya və İraqdakı münaqişələri, habelə ölkələri arasındakı, iqtisadi və enerji əməkdaşlığını müzakirə ediblər.

Putin deyib ki, “biz dünyanın ən kəskin münaqişələrinin, ilk növbədə Suriya münaqişəsinin həlli sahəsində işləyirik”.

Rusiya prezidenti əlavə edib ki, “Moskva və Ankara arasında, hərbi və kəşfiyyat sahəsində birgə işin alınacağını heç kəs gözləmirdi, lakin indi bizim çox etimadlı və səmərəli dialoqumuz var”.

Siyasi şərhçilərin rəyinə görə, Erdoğanın Moskvaya səfəri və Kremllə münasibətləri daha da sıxlaşdırmağa cəhd etməsi, Türkiyə ilə Qərb arasındakı münasibətlərin son dərəcə soyuduğu dövrə təsadüf edir.

Almaniya Erdoğanın Berlini “nasist hərəkətlərində” ittiham etməsinə sərt reaksiya verib. Bir sıra Almaniya şəhərlərində keçirilməsi planlaşdırılmış “Erdoğana dəstək” mitinqləri ləğv edilib.

Türkiyənin vəzifəli rəsmilərinin apardıqları bu mitinqlərdə aprel ayında keçiriləcək referendumda hökumətə dəstəyin əldə olunmasına çalışılır.

Qərb mediası yazır ki, bu referendumda hökumətin istədiyi nəticə Erdoğana bir prezident kimi məhdudiyyətsiz səlahiyyətlər verməlidir.

Lakin bundan əvvəl Rusiya və Türkiyə arasındakı münasibətlər də təlatümlü olub.

2015-ci ildə Türkiyə, Suriya sərhədi üzərində Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra Moskva Ankaraya qarşı bir sıra ağır sanksiyalar qoymuşdu.

İki ölkə Suriya cəbhəsinin qarşı yatan səngərlərində döyüşürdülər.

Lakin sonradan Erdoğan qəflətən qarşıdurma siyasətini dəyişərək Putinə uz tutdu, təyyarə insidentinə görə şəxsən üzr istədi və hətta Suriya prezidenti Bashar al-Assad-ın devrilməsi ideyasından daşındı.

İndi iki ölkə Suriya münaqişəsinə dair Qazaxıstanda əldə olunmuş razılaşmanın iştirakçısıdırlar.

Qərənfil gülləri, tərəvəz, bir də S-400

Rusiya martın 9-da Türkiyə qərənfil güllərinin və tərəvəzinin bəzi növləri üzərindəki qadağanı qaldırıb.

Erdoğan bunu da bildirib ki, iki ölkə Türkiyədə Akkuyu nüvə stansiyasının tikintisi barədə razılaşmanı imzalayıblar. Bu razılaşmaya görə Akkuyu atom stansiyasını Rusiyanın Rosatom agentliyi tikəcək.

İki tərəf Türk axını qaz kəməri layihəsini də dirçəldiblər.

Rusiya telekanallarının verdiyi məlumata görə Moskva Türkiyə inşaatçılarına qoyulmuş embarqonu qaldırıb və indi türklər Rusiyanın tikinti meydanlarındakı işlərini bərpa edə bilərlər.

Rusiya və Türkiyə mediasında yayılmış bəzi xəbərlərə görə Erdoğan Rusiyadan S-400 yer-göy raket sistemlərinin alınmasını istəyib.

Bu da xatırladılır ki, təyyarə insidentindən sonra Moskva Suriya səmasını Türkiyə təyyarələrinə bağlamaq üçün Suriyada məhz bu sistemi yerləşdirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG