«Məncə, insan haqları sahəsindəki problemlər Angela Merkelin Bakıdakı görüşlərində qaldırılacaq. Bu məsələlər ələlxüsus da alman şərhçilər tərəfindən qabardılır», – deputat Rasim Musabəyov Almaniya kansleri Angela Merkelin Azərbaycana səfərindən danışarkən AzadlıqRadiosuna söyləyir. Ardınca da əlavə edir:
«Ancaq düşünmürəm ki, Angela Merkel bölgəyə öyüd-nəsihət vermək üçün gəlir. Praktik məsələlər var və onların həlli vacibdir. Bu, energetika məsələsidir, bundan başqa, Almaniya şirkətləri geniş şəkildə Azərbaycanın yeni sənaye sahələrinin formalaşmasında iştirak edirlər. Nəhayət, payızda «Şərq tərəfdaşlığı» proqramının sammiti gözlənilir. Almaniya Avropa Birliyinin aparıcı dövlətidir. Təbii, orda həm iştirak etmək, həm də proqramın gələcəyi, ona vəsait ayırıb-ayırmamaq məsələsi də gündəlikdədir».
Deputatın qənaətincə, A.Merkel Azərbaycana səfər etməklə bir çox məsələlərlə bağlı həm özünün, həm də Almaniyanın mövqeyini dəqiqləşdirə biləcək.
M.Əliyev: «Bu, gündəmdə deyil... Vədlərlə kifayətlənəcəklər»
«Turan» xəbər agentliyinin direktoru Mehman Əliyevin də Almaniyanın kanslerinin səfərindən gözləntiləri fərqli deyil. O da Merkelin səfəri zamanı Azərbaycanda insan haqlarının da müzakirə ediləcəyini, ancaq başlıca mövzunun Azərbaycan qazının Avropaya nəqli olacağını düşünür.
«Bir də, Avropa Birliyi ilə bağlanacaq gələcək sazişin konturları haqda danışılacaq. İnsan haqları ilə bağlı ciddi təzyiqlər olmayacaq, bu, gündəmdə deyil», – M.Əliyev proqnozunu bölüşür.
A.Merkelin səfəri ərəfəsində Bakı illərdir beynəlxalq ictimaiyyətlə Azərbaycan arasında dartışmalara, gərginliyə səbəb olan bir məsələdə nəhayət, qərarını verdi, REAL Partiyasının sədri İlqar Məmmədovu şərti də olsa, azadlığa buraxdı. Əksəriyyət bu qərarı Almaniya kanslerinin səfəri ilə əlaqələndirirdi və bu addımın davamını gözləyirdi, yəni başqa siyasi məhbusların da azadlığa çıxmasına ümid edirdi. Bu məqsədlə Merkelə bəzi müraciətlər də ünvanlandı.
«Mehman Hüseynovun buraxılacağı haqda da danışıldı. Bunları etməklə reverans etdilər ki, biz artıq nəyəsə başlamışıq, nəsə etmək fikrindəyik. Bundan öncə xəbər də yaydılar ki, əfv gözlənilir, siyahı hazırlanır. Bununla göstərmək istəyirlər ki, «həmin istiqamətdə nəsə etmək istəyirik, bu addımların davamı olacaq», yəni vədlər verirlər», - M.Əliyev deyir və əlavə edir ki, Bakı elə vədlərlə də kifayətlənəcək.
Ə.Kərimli: «Merkel Putinin üzünə bu fikri deyibsə, İlham Əliyevə də desin»
Müxalifət partiyası - Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ümid edir ki, Azərbaycanla danışıqlarda insan haqları, demokratik islahatlarla bağlı ciddi müzakirələr aparılacaq. O, cəmi bir ay qabaq Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni xatırladır: «Orda açıqca deyilirdi, Azərbaycanla hərtərəfli və geniş saziş yalnız o halda ratifikasiya olunacaq ki, siyasi məhbuslar azad olunsun, söz azadlığına hörmət edilsin, vətəndaş cəmiyyətinə, müxalifətə təzyiqlər dayandırılsın və demokratik islahatlar aparılsın. Nəzərə alanda ki, Almaniya kansleri Avropanın nəhəng siyasi fiqurudur, AB parlamentinin qərarlarının icrasına nail olmaq da onun vəzifələrinə daxil olmalıdır».
Ə.Kərimli bağlı qapılar arxasında aparılan danışıqların ictimailəşdirilməsini də istəyir:
«Putinlə mətbuat konfransında Merkel Rusiyada insan haqlarının acınacaqlı durumunu müzakirə etdiklərini demişdi. Avtoritarizmin mərkəzi olan dövlətin başçısının üzünə bu fikri səsləndiribsə, biz onu çağırırıq ki, İlham Əliyevlə mətbuat konfransında da məhz insan haqları, demokratikləşmə ilə bağlı, Azərbaycan-Almaniya münasibətlərində bu dəyərlərin önəmli rolu haqda danışdıqlarını Azərbaycan ictimaiyyətinə də söyləsin. Bunu gözləyirik».
Hakimiyyətin verdiyi mesajlar nədir
M.Əliyevsə bir məqama – hakimiyyətin son günlər verdiyi mesajlara diqqət çəkir. O, hakim komandanın üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının «Qərbin Bakıya basqıları» haqda açıqlamalarının iqtidarın insan haqları ilə bağlı mövqeyindən çəkilməyəcəyi mesajını təkrarladığını düşünür. Əliyev, eyni zamanda, son günlər Azərbaycanda Rusiyanın təsiri altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük məsələsinin də təsadüfən gündəmə gətirilmədiyini xatırladaraq, hakimiyyətin Qərbə «biz onsuz da təzyiq altındayıq, bizə çox təzyiq etməyin, ictimai rəydə Rusiyaya tərəf getmək kimi niyyətlər var» kimi mesajlar ötürüldüyünü də vurğulayır.
Bu səfərlə bağlı bəzi ümidləri olsa da, elə AXCP sədri Ə.Kərimli də çox şey gözləmir, o, Avropa siyasətçilərinin strateji maraqlar naminə İ.Əliyevlə həddindən artıq ehtiyatlı davrandıqlarını deyir.
«Siz elə bilirsiniz, birdən-birə yada düşdü ki, Azərbaycan polisinin sürdüyü təzə BMW-ləri təzə model «Mercedes»lərlə əvəz etsinlər? Bu, Azərbaycan hakimiyyətinin Almaniya kanslerinin səfəri ərəfəsində özünəməxsus şəkildə mal almağa yönəlmiş mədəni rüşvətidir. Əlbəttə, Almaniyada birbaşa rüşvət qəbul olunmur. Amma Azərbaycanın bu şəkildə Almaniyadan ixracatı artırmaq, rəqəmləri şişirtmək, Azərbaycan vətəndaşlarından orda-burda 10 manatını, 20 manatını əlindən almaqla, sonra da polisin təzə maşınlarını «Mercedes»lə əvəzləməsi antixalq siyasətdir. Hələ də bu siyasət adekvat qiymətini almır», – AXCP sədri iddia edir.
Almaniya kansleri Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycana avqustun 25-də gəlməlidir.