Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Merkel Azərbaycan qazını gözaltı edir


Angela Merkel (solda) və İlham Əliyev Berlin görüşündən sonra, 7 iyun, 2016-cı il
Angela Merkel (solda) və İlham Əliyev Berlin görüşündən sonra, 7 iyun, 2016-cı il

Merkel Gürcüstan, Ermənistan və Azərbaycanda insan haqları məsələsini qaldırsın”. Bu çağırışla “Human Rights Watch” insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktoru Giorgi Gogia çıxış edib. O, Merkelin hər üç ölkədə ikitərəfli münasibətləri, enerji siyasətini, siyasi münaqişələrin regiona təsirini müzakirə edəcəyini qeyd edir.

Ancaq hər üç ölkədə kəskin insan haqları məsələləri var və kansler Merkelin həmkarları ilə bu məsələləri qaldırmasına mühüm fürsət yaranıb”, – Gogia yazır.

Azərbaycanlı fəalların Almaniyada etiraz aksiyası, 2017-ci il
Azərbaycanlı fəalların Almaniyada etiraz aksiyası, 2017-ci il

HANSI MƏSƏLƏLƏR QALDIRILSIN

Qurum təmsilçisinin fikrincə, Ermənistanda hüquq-mühafizə əməkdaşlarının yol verdiyi pozuntulara görə hesabatlılığn olmaması, məişət zorakılığı, LGBT-yə təzyiqlər və ayrıseçkilik, əngəlli uşaqlar qarşısındakı maneələrdən danışılmalıdır. Gürcüstanda ziyanlı narkotik siyasəti, hüquq-mühafizə əməkdaşlarının yol verdiyi pozuntulara görə hesabatlılıq, əmək hüquqları məsələləri qaldırılmalıdır.

“Azərbaycanda tənqidçilərə təzyiq olunur, onlarla insan haqları müdafiəçisi, siyasi fəal, jurnalist həbs olunub. Hökumətin qəbul etdiyi bir sıra qanunlar müstəqil qrupların işini, onların təhlükəsiz maliyyə əldə etməsini əngəlləyir. Ötən həftə müxalifətçi İlqar Məmmədov 5 il həbs cəzası çəkəndən sonra buraxıldı, amma ona səyahət qadağası qalır. Siyasi motivlərlə həbs olunanlar içində gənc fəal İlkin Rüstəmzadə, bloqqer Mehman Hüseynov, jurnalist Əfqan Muxtarlı, fəallar Qiyas İbrahimov və Bayram Məmmədov var. Merkel Prezident İlham Əliyevi hökumət tənqidçilərinə hücumu dayandırmağa, ədalətsiz həbs olunanları buraxmağa çağırmalıdır”, – Gogia yazır.

O, Merkelin təkcə ölkələrin siyasi liderləri ilə deyil, vətəndaş cəmiyyəti fəalları ilə də görüşməli olduğunu vurğulayır: “O, həmin fəalların səsinə güc qata, hakimiyyətə aydın şəkildə bildirə bilər ki, Almaniya ilə daha sıx siyasi və iqtisadi əlaqələr fundamental hüquqlara sayqıdan keçir”.

***

Rusiyadan qaz almağına görə ABŞ prezidenti Donald Trump-ın amansız tənqidinə məruz qalan Almaniya kansleri Angela Merkel bu şənbə Azərbaycana qazdan danışmağa gəlir. Söhbət Xəzərdən Avropaya qaz nəql edəcək cənub kəmərindən gedir.

“Reuters” agentliyi yazır ki, bu səfər Merkelin alternativ qaz mənbələri tapmağa açıqlığını göstərir, baxmayaraq ki, kansler Şimal Axını-2 kəmərinə sadiqdir. Həmin kəmər Rusiyadan qazı birbaşa Almaniyaya, Baltik dənizindən keçərək daşıyacaq.

“Cənub Dəhlizinin inkişafında böyük marağımız var”, – alman hökumətinin yüksəkçinli rəsmisi agentliyə deyib.

“Bu, Avropa İttifaqının qazı təkcə Rusiyadan deyil, başqa regionlardan almağı hədəfləyən diversifikasiya strategiyasının bir hissəsidir”, – o vurğulayıb.

Şah Dəniz-2 platformaları
Şah Dəniz-2 platformaları

Rəsmilərin sözlərinə görə, Merkel Bakıda enerji məsələlərini, Azərbaycandan qazı Türkiyə vasitəsilə Avropaya nəql edəcək infrastrukturun təkmilləşdirilməsini müzakirə edəcək.

Azərbaycan Şah Dəniz yatağından qaz kəmərinin ikinci fazasını işə salmağı planlaşdırır. 2020-ci ildən başlayaraq Şah Dəniz 2-dən ilə 16 milyard kubmetr qaz hasil olunacaq. Bunun 10 milyard kubmetri Avropa, 6 milyard kubmetri Türkiyə və Gürcüstan üçün nəzərdə tutulub.

110 vs. 10 MİLYARD KUBMETR

Daha sonra Türkmənistan, İran və İraqdan da qaz Avropaya daşına bilər. Xəzəryanı ölkələrin dənizdəki nəhəng neft və qaz resurslarını bölməyə prinsipcə razılaşması da bu yöndə irəliləyiş sayılır.

Şimal Axını-2 üçün borular hazırlanır
Şimal Axını-2 üçün borular hazırlanır

Di gəl, Gazprom-un təşəbbüsü olan Şimal Axını-2 cənub kəmərini kölgədə qoyur. Bu layihə Rusiyanın Avropaya ixrac gücünü 110 milyard kubmetrə qaldıracaq. Alman şirkətləri həmin kəməri dəstəkləyib, çünki mümkün qədər ucuz qaz almaq istəyirlər.

Trump isə Almaniyaya Birləşmiş Ştatlardan maye təbii qaz almaqdan ötrü təzyiq göstərir. O, ötən ay Almaniyanı Rusiyanın “əsiri” olmaqda suçlayıb, Rusiyadan enerji təchizatından asılı duruma düşdüyünü vurğulayıb. Amma Almaniya bu ittihamı rədd edir. Trump Şimal Axını-2-ni “dəhşətli” adlandırıb.

Almaniya bu ilin birinci yarısında idxal etdiyi qazın 39 faizini Rusiyadan alıb.

Merkel ötən həftəsonu Berlində rusiyalı həmkarı Vladimir Putin-lə enerji məsələsini götür-qoy edib. Kansler Şimal Axını-2-nin tənqidçilərini əmin etməyə çalışır ki, Ukrayna qaz tranziti gəlirlərinin azalmasından əziyyət çəkməyəcək.

Bu gün – avqustun 23-də Merkel-in Cənubi Qafqaza səfəri başlayır. O, üçgünlük səfəri zamanı əvvəlcə Gürcüstan və Ermənistanda olacaq. Şənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG