Martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə bəzi şahidlər dindirilib.
Müdafiə tərəfindən bildirildiyinə görə, prosesdə dövlət ittihamçısı ilə narazılıqları yaşanıb. Açıqlamaya görə, vəkil Elçin Sadıqov dövlət ittihamçısının şahidə suallarına etiraz edib, onun yönləndirici suallar verdiyini hakimin diqqətinə çatdırıb. Bunun isə dövlət ittihamçısının narazılığına səbəb olduğu bildirilir.
Prosesdə baş verənlərə tərəflərdən ayrılıqda münasibət almaq mümkün olmayıb.
Növbəti proses martın 16-na təyin olunub.
A.Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq" və başqa maddələri ilə ittiham olunur. Məmmədli özünü təqsirli saymır.
A.Abdulla isə öncə təqsirləndirilən şəxs qismində cəlb olunsa da, barəsində həbs-qətimkan tədbiri seçilməmişdi. Ötən il iyulun 11-də saxlanılaraq əvvəlcə Binəqədi rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbs edilib. Gənc fəal İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib. Ancaq özü avtobusdan düşərkən saxlanıldığını və heç bir inzibati xəta törətmədiyini bildirib. İstintaqın sonunda SMDT-nin əməkdaşı olmuş A.Abdullaya da eyni ittihamlar verilib.
Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 340 civarında siyasi məhbus var. Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bildirir. Rəsmilər iddia edirlər ki, həbs olunanlar konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.
Xatırlatma
A.Məmmədli daha öncə 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt qanunsuz sahibkarlıq, vergidən yayınma və başqa ittihamlarla 5 il 6 ay azadlıqdan məhrum edilmişdi. A.Məmmədli o zaman da ittihamları qəbul etməmişdi. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanımışdı. SMDT rəhbəri 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı.