Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:38

Anar Məmmədov: ‘Sayta kiberhücum edib, 400-dən çox xəbəri siliblər’


Anar Məmmədov
Anar Məmmədov

“Criminal.az” saytının baş redaktoru Anar Məmmədov deyir ki, rəhbərlik etdiyi sayta kiberhücum olub.

Bu barədə AzadlıqRadiosuna danışan jurnalistin sözlərinə görə, kiberhücum bir neçə dəqiqə çəksə də, saytda 400-dən çox xəbər silinib.

Anar Məmmədov bildirir ki, sayta birbaşa admin paneldən müdaxilə edilib:

“Şifrəni sındırıblar, admin-panelə giriblər və 400-dən çox yazını məqsədyönlü şəkildə siliblər”.

Jurnalist bununla əlaqədar yanvarın 23-də daxili işlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə şikayət edib.

Anar Məmmədov ona məxsus kompüter və telefonların bir ildən çox prokurorluqda saxlandığını, bu qurumun nəzarətində olduğunu da ərizəsində xatırladıb.

Kompüter və telefonlar sonra qaytarılmışdı

“Criminal.az” saytında Gəncə hadisələrinə dair yazılarla bağlı 2018-ci ilin iyulunda cinayət işi başlanmışdı.

Saytın baş redaktoru istintaqa cəlb olunandan sonra onun kompüteri və telefonları da alınmışdı.

Gəncə olayları haqda yazılarına görə mühakimə edilən və 5 il 6 ay şərti cəza alan Anar Məmmədovun məhkəməsi yekunlaşandan sonra həmin avadanlıq ona qaytarılmışdı.

Baş redaktor vurğulayır ki, kompüter sisteminə qanunsuz daxilolma və məlumatları ələ keçirməyə görə Cinayət Məcəlləsində 6 ilədək həbs nəzərdə tutulub.

Dövlət orqanlarının rəhbərlərindən də rəhbərlik etdiyi sayta kiberhucumun araşdırılmasını, bunu edənlərin cəzalandırılmasını istəyib.

“Bu, mənə qarşı təzyiq və təhdidlərin yeni və fərqli mərhələsidir”, - Anar Məmmədov belə deyir.

İki həftə öncə sosial şəbəkələrdə Anar Məmmədovun peşə fəaliyyətinə görə döyülməsi barədə məlumatlar yayıldı.

Bunun ardından Daxili İşlər naziri Vilayət Eyvazov jurnalisti qəbul etdi.

Anar Məmmədovun sözlərinə görə, nazir ona olayın araşdırılacağını və məsələni diqqətdə saxlayacağını söyləyib.

Daha bir məhkəmə işi var

Gəncə hadisələrilə bağlı yazılara görə üzərində 5 il 6 ay şərti cəza olan Anar Məmmədova qarşı hazırda daha bir məhkəmə işi var.

“Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanova saytda yayımlanan yazıya görə Anar Məmmədovu xüsusi ittiham qaydasında məhkəməyə verərək, onun həbsini tələb edib.

Mübahisə doğuran məqalədə keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovla Məlahət Qurbanova arasındakı əmlak davasından söhbət gedir.

Həmin yazıda Məlahət Qurbanovanın həm də lombard fəaliyyətilə məşğul olduğu, “Lombard Məlahət” kimi tanındığı qeyd olunub.

Qurbanova lombard fəaliyyətilə məşğul olduğunu gizlətməsə də, bu şəkildə təqdim olunmasını təhqir sayır.

Onun jurnalistə qarşı CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə qaldırdığı iddiaya Ağdam rayon Məhkəməsində (A.Məmmədov Ağdam qeydiyyatında olduğuna görə-red.) baxılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG