Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:09

‘Yarım aydır balamdan xəbər yoxdur, belə zülm olar?’


İllüstrasiya
İllüstrasiya

“14 gündür ki, uşağımı gətiriblər, amma heç kim mənə yerini demir. Yarım aydır balamdan xəbər yoxdur, belə zülm olar? İnternetdə xəbər yayıldı ki, guya “bandotdel”dən Kürdəxanı təcridxanasına köçürüblər. Öyrəndik, dedilər, yalandı, gətirməyiblər”, – Türkiyədə saxlanaraq Bakıya gətirilən Anar Cabbarovun anası Hökumə Cabbarova oğlunun durumundan narahat olduğunu deyir.

Anar Cabbarov “Müsəlman Birliyi” hərəkatının üzvü, təşkilatın həbsdə olan rəhbəri Taleh Bağırovla ailəvi dostdur.

O, martın 16-da İstanbulda saxlanıb, martın 22-də Bakıya gətirilsə də, saxlanmasının səbəbi və yeri barədə heç bir rəsmi məlumat yoxdur.

Anası AzadlıqRadiosu-na bildirib ki, dəfələrlə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ombudsman Aparatına müraciət ediblər, nəticəsi yoxdur:

“On gündür vəkil tutmuşuq, amma o da axtara-axtara qalıb. Məhkəmələrə müraciət edir ki, bəlkə Anar haqqında qərar çıxarılıb, öyrənə bilsin. Heç bir qərar yoxdur. Bu 14 gündə dəfələrlə “bandotdel”ə getmişəm. Gah deyirlər, “filan vaxt gələrsən”, rəislə danışarsan, gah deyirlər, “burada belə adam yoxdur”. Aprelin 2-də yenə getdim, buraxmadılar, telefonla bir nəfərlə calaşdırdılar, dedilər, rəisdir. Danışdım, o da dedi ki, get, evində sakit otur, bir xəbər olsa, deyəcəyik. Mən anayam, ürəyim partlayır, necə sakit oturum?”

Sosial şəbəkələrdə Anar Cabbarovun vaxtilə Nardaran hadisələrinə görə axtarışa verilməsi, bu üzdən Türkiyədə saxlanıb Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi haqda məlumatlar yayılıb. Amma anası deyir ki, belə bir versiya varsa da, doğru deyil:

“Anar Cabbarov ailəsilə birlikdə Türkiyədə yaşasa da, dəfələrlə Azərbaycana gəlib-gedib. Sonuncu dəfə 2018-ci ilin fevralında şəxsiyyət vəsiqəsini dəyişib. Bu adam necə axtarışda olub ki, gəlib-gedəndə hava limanında onu saxlamayıblar, şəxsiyyət vəsiqəsini dəyişəndə ona bir söz deyilməyib? Son vaxtlar Məşhəd, Kərbəla ziyarətində olub. Demək istədiyim odur ki, müxtəlif vaxtlarda ölkəni tərk edib, sonra qayıdıb. Anar Nardaran hadisələrilə bağlı məhkəmədə də şahid qismində ifadə verib. Niyə onda tutmurdular?”

Hökumə Cabbarovanın söylədiklərinə Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb. Nazirlik AzadlıqRadiosu-nun bir neçə gün öncə yaydığı məlumata da münasibət açıqlamayıb.

Xatırlatma

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov da daxil, təşkilatın onlarla üzvü həbsdədir. Onların əksəriyyəti 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı və ondan sonrakı günlərdə həbs olunub.

Əməliyyat nəticəsində ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub.

Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

İlahiyyatçı Taleh Bağırov 20 il həbs cəzasına məhkum edilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG