Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:50

Ana oğlu ilə görüş qadağasından şikayətlənir


K.Rəhimli
K.Rəhimli

AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Orxan Baxışlının anası deyir ki, sentyabrın 18-də oğlu haqqında hökm çıxarılandan sonra təcridxanada da bir sıra hüquqları məhdudlaşdırılıb.

Kəmalə Rəhimli bu barədə AzadlıqRadiosuna danışıb. Bildirib ki, hökmün ertəsi gün Orxanın saxlandığı Kürdəxanıdakı 1 Saylı Bakı İstintaq Təcridxanasına gediblər, amma onu oğlu ilə görüşməyə qoymayıblar: «Bir neçə saat gözləyəndən sonra apardığımız sovqatı qəbul elədilər, görüşə isə buraxmadılar. Səbəbini soruşanda əvvəl demədilər. Sonra bildirdilər ki, Orxan guya siyasi mövzuda söhbətlər eləyir. Onu araşdıracaqlar».

«Heç bir məhdudiyyət yoxdur»

K.Rəhimli deyir ki, əvvəllər təcridxanada dəfələrlə Orxanla görüşüb. Ona görə də anası istisna etmir ki, bu məhdudiyyət Orxanın Bakı Ağır Cinayətlər Məhkəməsində son sözündə səsləndirdiyi tənqidi fikirlərlə bağlı ola bilər.

O.Baxışlı son sözündə siyasi sifarişlə həbs olunduğunu, AXCP üzvü olmasıyla fəxr etdiyini, ölkənin demokratikləşməsi uğrunda mübarizəsində üzləşdiyi məhrumiyyətlərə baxmayaraq, peşman olmadığını bildirmişdi. Gənc fəal 6 il azadlıqdan məhrum edilməsi barədə hökmə «Azadlıq!» şüarlarıyla reaksiya vermişdi.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna deyib ki, O.Baxışlının qanunla nəzərdə tutulmuş hüquqlarının təmin olunmasında heç bir problem yoxdur: «Təcridxananın rəhbərliyi ilə danışmışam, ona qarşı heç bir məhdudiyyət tətbiq olunmayıb. Bir neçə gün əvvələ qədər həbs olunan şəxs idi, hökmdən sonra artıq məhkum olunmuş şəxsdir. Mövcud qanunvericiliyə uyğun olaraq, hüquqları da təmin olunacaq».

Xatırlatma

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 7-də saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. Gənc fəal ittihamı rədd edir, narkotiki cibinə polislərin atdığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib. Hakimiyyət rəsmiləri isə belə iddiaları yalanlayırlar və E.Hüseynovun qətilində günahkar olanların tapılıb cəzalandırılmasında maraqlı olduqlarını deyirlər. Həmin qətldən 13 il keçib.

XS
SM
MD
LG