Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 17:44

'Ögey ana' xofunu nağıllar yaradıb


Ögey ana filmindən kadr

Britaniya mətbuatında özünün maraqlı elmi məqalələri ilə tanınan jurnalist Sarah Knapton yazır ki, ögey ana obrazının əcinnələşdirilməsi prosesinin əsasını məşhur Küllücə (Zoluşka-Cinderella) xalq nağılını ilk dəfə 1697-ci ildə nəşr edən fransız yazıçı Charles Perrault ictimai şüura yerləşdirib.

Qəddar, qürrəli və qorxunc ögey analar o vaxtdan bəri ədəbiyyatın növbətçi mənfi obrazına çevriliblər.

150 il bundan əvvəl nağılın öz versiyalarını yaratmış Grimm qardaşları isə “bədəməl ikinci arvad” obrazının möhürünü vurublar.

"Küllücə" nağılındakı qəddar ögey ana obrazı sovet filmində. 1947-ci il
"Küllücə" nağılındakı qəddar ögey ana obrazı sovet filmində. 1947-ci il

Lakin yeni elmi araşdırmalar göstərir ki, ögey anaların xarakteri ədəbiyyatda ədalətsizcəsinə eybəcər hala salınıb, əslində isə hər hansı kişi ilə ailə qurub ikinci arvada və avtomatik olaraq ögey anaya çevrilən qadınlar böyüməkdə olan uşaqlarda bir çox hallarda keçmişdə yaranmış yaraların sağalmasına kömək edirlər.

Kanadadakı Athabasca Universitetinin professoru Cara Zaharychuk, boşanma və ailə münaqişələri ilə bağlı çox sayda məqalələri araşdırıb və sonunda bu qərara gəlib ki, ögey analar gənc nəsil üçün dəstək sistemi rolunu daha çox oynayırlar.

Alimin fikrincə, bədxah ögey ana stereotipi cəmiyyətin başından çıxarılmalıdır, çünki bu qadınlar ağır ayrılıqdan sonra ailə birliyinin formalaşdırılmasında önəmli rol oynayırlar.

Cara Zaharychuk düşünür ki, ögey ananın yeni ailəyə mümkün qədər çevik inteqrasiyası sağlam keçidə töhfə verir. Lakin bunun üçün “gəlmə” qadının ailədəki yeri və funksiyası dərhal aydın edilməlidir.

İngiltərə və Uelsdə hər il 115 min boşanma qeydə alınır. Bu boşanma prosesləri yaşı 16-dan aşağı 95 min uşağı təsirləndirir.

Valideynlərin boşanması zamanı uşaqlarda emosional və davranış dəyişiklikləri müşahidə olunur. Bunlar özünü adətən yuxu pozuntuları, aqressiya, kin, məktəbdə pis davamiyyət və pis qiymətlər, atılmaq qorxusu və tənhalıq xofu şəklində büruzə verir.

Lakin alimlərin fikrincə, boşanmaya aparan münaqişələr boşanmanın özündən daha ağır yaralar vurur.

Uşaqlar üçün ən mühüm olanı bütöv ailədir
Uşaqlar üçün ən mühüm olanı bütöv ailədir

Məhz buna görə də uşaqların bütün hallarda münaqişəsiz ailələrdə böyüməsinə şərait yaradılmalıdır. Belə bir sülh şəraitini ögey analar yarada bilər.

Zaharychuk bu nəticəyə gəlib ki, valideynin yenidən evlənməsi uşağın özünü yenidən normal ailə üzvü hesab etməsinə səbəb olan 6 əsas dəyişiklikdən biridir. Bu mənada ögey ananın özünün dünyaya övlad gətirməsi müsbət faktor sayılmalıdır.

Alim bildirib ki, onun araşdırmasında iştirak edən ögey anaların demək olar, hamısı özünü ana fiqur kimi hiss etdiyini və uşaqlara doğmalıq göstərmək istədiyini bildirib.

York Universiteti alimləri isə bildirirlər ki, boşanmış valideynlərin uşaqları bir qayda olaraq daha aşağı zehni göstəricilərə malik olurlar.

Amma 19 min uşaq üzərində müşahidələrə söykənən tədqiqatlar göstərir ki, uşağın psixikasına əsas ziyan boşanmaya qədər vurulmuş olmur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG