Fevralın 21-də - Beynəlxalq Ana Dili günündə AzadlıqRadiosunun Current Time layihəsi müasir Belarus dilinin hazırkı vəziyyəti barədə reportaj dərc edib.
Reportajda deyilir ki, belarusların ana dili olan bu dil UNESCO-nun qiymətləndirməsinə görə təhlükəli vəziyyətdədir.
Belarusda rəsmən rus və belarus dilləri dövlət dilləridir. Lakin belarus dilində ölkənin heç də bütün vətəndaşları danışmırlar, onu çox az sayda orta məktəblərdə keçirlər, ali təhsildə isə ondan az qala istifadə olunmur.
Reportajda deyilir ki, belarus dilinin hazırkı vəziyyətini hər hansı əcnəbiyə qısaca belə izah etmək olar: ölkə sakinləri öz aralarında rusca danışırlar, rəsmi yazışmalarda rus dilindən istifadə edirlər.
Digər maraqlı və kədərli cəhət budur ki, belarus dili ölkənin müxalifəti ilə əlaqələndirilir.
Hətta belarus dilinin qarantlarından biri olan prezident Alyaksandr Lukashenka əvvəllər bu dil haqqında onun “yoxsul” bir dil olduğunu bəyan etmişdi.
Prezident bildirmişdi ki, “bu dildə böyük fikirləri ifadə etmək olmur”.
Lukashenka demişdi ki, “dünyada iki böyük dil var: ingilis və rus dilləri”.
Ana dili – müxalifətin dili
AzadlıqRadiosu onların ana dili və ona münasibəti barədə bəzi belarusların özləri ilə söhbət edib.
Bunlardan biri də Minskdəki “Ana və uşaq” elmi-praktik tibb mərkəzinin anestezioloq-reanimatoloqu Dmitry Soloshkindir.
O həm də Belarus Xalq Cəbhəsi Partiyası sədrinin müavinidir.
O deyib ki, 1990-cı illərdə, Belarus yenicə müstəqil olanda belarus dilinə xüsusi münasibət vardı.
Soloshkin-in sözlərinə görə “belaruslaşdırma” illərində, məsələn belarus dilində dərs deyən müıəllimlərin maaşlarına 15 faiz əlavə edilirdi.
Həkim bildirir ki, buna baxmayaraq bir çox belarusların öz ana dillərinə münasibəti həqarətli idi.
Soloshkin deyir ki, halbuki 1930-cu illərdə belarus dilində çox sayda kitablar çap olunmuşdu. Bunların arasında yüzlərlə elmi kitablar, texniki fənlər üzrə dərsliklər vardı.
Onun sözlərinə görə, ana dilinə qayğı və hörmətlə yanaşan belaruslar da az deyil:
“Bizdə bir həkim var. O həmişə belarusca danışır. Heç bir siyasi kampaniyalara, aksiyalaraqatılmır. Normal, düşünən bir insandır. Sadəcə olaraq tibbi inkişaf etdirməklə məşğuldur. Amma onu da cəbhəçi hesab edirlər”.
Və hakimiyyətə Lukashenka gəlir
1994-cü ilin konstitusiyasında belarus dili yeganə rəsmi və ünsiyyət dili kimi təsbit edilmişdi.
Bundan əvvəl 1992-1994-cü illərdə “Dil haqqında qanunun” həyata keçirilmə tərzi cəmiyyətin bir qismində narazılıq yaratmışdı və onlar “ucdantutma və birdən-birə belaruslaşdırmanı” “qeyri-demokratik” adlandırırdılar.
Belə bir situasiyada, 1994-cü ildə hakimiyyəti moskvayönlü Alyaksandr Lukashenka ələ keçirmişdi.
Onun 1995-ci ilin mayında böyük saxtakarlıqlarla keçirdiyi referendumda belarus dili yeganə dövlət dili kimi statusunu itirdi. Bundan sonra o rus dili ilə bərabər hüquqla, yanaşı işlədilməli idi.
Reallıqda isə belarus dilinə maddi dəstək azaldı, rus dili Belarusda rəsmən dominant dilə çevrildi.
Üstəlik də belarus dilində danışanlara qarşı ayrı-seçkiçilik barədə şikayətlər çoxalırdı.
Məsələ burasındadır ki, rus dili hökumətin, dövlət idarələrinin, iqtidarın əsas dilinə çevrildi. Belarus dilinin özü müxalifət vəziyyətinə düşdü.
Belarus dilinin və mədəniyyətinin təbliği ilə məşğul olan ictimai təşkilatlar 1990-2000-ci illərdə rusdilli neonasist qruplaşmaların hücumlarına məruz qalırdı.
Uşaqlarını ana dilində oxutmaq istəyənlər bir çox çətinliklərlə üzləşirdilər.
ABŞ Dövlət Departamentinin 2016-cı il tarixli hesabatında da belarus dilinə qarşı diskriminasiyadan bəhs edilirdi:
"Hökumət belarus dilində danışanları siyasi müxalifət hesab etdiyindən bu dili təbliğ etmək istəyən elm və mədəniyyət qrupları iqtidar tərəfindən qısnanır”.
Kədərli statistika
2010-cu illərdən etibarən hakimiyyətin belarus dilinə münasibəti bir qədər yaxşılaşıb.
Bu belarus dilini təbliğ edən ictimai birliklərin, Belarus Dili Cəmiyyətinin, Belarus Elmlər Akademiyasının, Yazıçılar İttifaqının, elm, mədəniyyət və incəsənət xadimlərinin böyük səyləri və fədakarlığı nəticəsində mümkün olub.
Buna baxmayaraq statistika belarus dilinin və ondan istifadənin hələ də acınacaqlı vəziyyətdə olduğunu göstərir.
1999-cu ildə keçirilmiş sorğu zamanı belarus dilinin ölkənin əsas köklü ana dili olmasını bildirənlər 73, 7 faiz təşkil edirdilər.
2009-cu ildə aparılan sorğuda isə bu rəqəm artıq 53 faizə düşmüşdü.
2019-cu ildə İnformasiya Analitik Mərkəzinin hesabatında deyilirdi ki, ölkə vətəndaşları belarus dilindən gündəlik həyatda nadir hallarda (əhalinin 3 faizi) istifadə edirlər.
2009-cu ilin sorğusunda sakinlərin yalnız 14 faizi belarus dilini özünün ikinci dili olaraq göstərmişdi.
Evdə, ailə daxilində belarusca danışanların sayı 23, 5 faiz təşkil edirdi.
Bu isə o deməkdir ki, özünü belarus sayanların üçdə ikisi heç evdə də belarusca danışmır.
Belarus dilində təhsil alanlar orta məktəbdə 16, 4 faiz, bağçalarda isə 11 faiz təşkil edir.
Belarusca ali təhsil alanlar isə ümumiyyətlə, əhalinin 0, 2 faizi qədərdir.
Paytaxt Minskdəki 242 orta məktəbdən yalnız 7-si belarus dilində təhsil verir. Vilayət mərkəzlərində isə bircə dənə də olsun belarusdilli məktəb yoxdur.
2014-cü ildə Novak mərkəzinin apardığı sorğu göstərmişdi ki, belarusların 99, 4 faizi bədii ədəbiyyatı rusca oxuyur.
Bəzi tarixçilərin fikrincə belarus dilini irland dilinin taleyi gözləyir.
İrland dili irlandların tarixi boyunca əsas dilləri olsa da, onlar ingilis hegemonluğuna qarşı uzun milli-azadlıq mübarizəsi aparsalar da, sonunda ingilis dili ölkələrinin əsas dilinə çevrilib.
İrlandiya Respublikasının konstitusiyasında irland dili bugün də “birinci və rəsmi” dildir.
Amma reallıqda hökumət, dövlət, parlament və məhkəmələrin, elə lap ədəbiyyatın da dili ingilis dilidir.
İrlandca indi yalnız bir neçə ucqar yerlərdə danışırlar.