Keçid linkləri

2024, 08 Mart, Cümə, Bakı vaxtı 20:53

Deputat: 'Bu qurum Azərbaycanı gözüyumulu tənqid edir'


Hikmət Məmmədov
Hikmət Məmmədov

«Bu təşkilat Azərbaycanı tənqid etməyi, Azərbaycana qərəzli münasibət göstərməyi özünə peşə seçib». Yeni Azərbaycan Partiyasından deputat, Milli Məclisin İnsan haqları Komitəsinin üzvü Hikmət Məmmədov «Amnesty International» insan haqları təşkilatının hesabatında Azərbaycanla bağlı tənqidi fikirlərə münasibət bildirərkən belə deyir.

Deputat AzadlıqRadiosuna bildirir ki, bu səbəbdən də adıçəkilən qurumun hesabatı artıq heç kimdə təəccüb yaratmır.

Buna da bax-'Amnesty International' Azərbaycandan niyə narahatdır?

«Vəziyyət araşdırılmadan, öyrənilmədən, obyektiv qiymətləndirmə kriteriləri tətbiq edilmədən bu təşkilat gözüyumulu şəkildə Azərbaycanı tənqid edir. Buna görə də mən düşünürəm ki, artıq «Amnesty International» təşkilatının açıqlaması və ya hansısa hesabatı Azərbaycan ictimaiyyətinə maraqlı deyil. Bunun qərəzli olduğunu hamı bilir. Bu təşkilat özünü qlobal dəyərlərə, insan hüquqlarına hörmət edən biri kimi göstərmək istəyirsə, belə məsələdə obyektiv olsun. Əks təqdirdə, Azərbaycan cəmiyyətində qəbul edilməyəcək», – deyən deputat Azərbaycanda siyasi fəalların, müxaliffikirli insanların, medianın təqibindən dolayı tənqidləri qətiyyən qəbul etmir:

«Siyasi məhbus, söz azadlığı, demokratiya kimi dəyərlər hazırda Qərb imperializminin milli dövlətlərə təzyiq etmək üçün spekulyasiya vasitəsidir. Bu təşkilatlar da Qərb imperializminin bu məqsədlə düşündüyü yumşaq güc vasitələridir. Ona görə onlara nə inanıram, nə də qəbul edirəm. Onlar cəmiyyətdə cəzasızlıq mühiti yaratmaqla milli dövlətin, hüququn nüfuzunu heçə endirmək, xaos yaradaraq dövlətləri məhv etmək istəyirlər».

Arif Hacılı
Arif Hacılı

«HAKİMİYYƏT DEMOKRATİYANIN İMİTASİYASINDAN BELƏ, İMTİNA EDİB»

Amma Azərbaycanda heç də hamı beynəlxalq qurumların, o cümlədən «Amnesty International»ın ölkədəki siyasi-ictimai durumu «gözüyumulu və qərəzli» tənqid etdiyini düşünmür.

««Amnesty International» beynəlxalq qurumlar arasında ən ləyaqətlilərdən biridir və bütün dünyada gedən proseslərə obyektiv, birmənalı, qərəzsiz münasibət bildirir». Müsavat Partiyası başqanı Arif Hacılı bu fikirdədir.

Ancaq bunu da deyir ki, Azərbaycanda insan haqlarının vəziyyətini bilməkdən ötrü beynəlxalq qurumların hesabatlarına da xüsusi ehtiyac qalmayıb, həm beynəlxalq, həm də yerli ictimaiyyət ölkədə nələrin baş verdiyini açıq-aydın görür. Müsavat başqanı hesab edir ki, artıq Azərbaycan hakimiyyəti uzun illər apardığı «demokratiyanın imitasiyası» siyasətindən belə, imtina edib.

Buna da bax-Azərbaycan yenə 'qeyri-azad' sayıldı

«Siyasi məhbusların sayı azalmaq əvəzinə artıb, ölkədə fundamental insan hüquqları sistemli şəkildə pozulur. Azad seçki sistemi, sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı kimi bir sıra təməl hüquqlar, faktiki, vətəndaşların əlindən alınıb. Ona görə də, «Amnesty International»ın bu məsələlərlə bağlı tənqidi qeydlərini obyektiv hesab edirəm», – A.Hacılı söyləyir.

NİFRƏT, QORXU...1930

Təşkilatın hesabatında təkcə Azərbaycan deyil, Avropa, ABŞ kimi ölkələrdə baş verənlər də təhlil edilib. Sənəddə deyilir ki, bütün dünyada «2016-cı ilin çıxışlarında… ittiham, nifrət və qorxu 1930-cu illərdən bəri ən yüksək həddə çatıb», bugünkü siyasətçilərin çoxu səsləri qazanmaqdan ötrü manipulyasiyaya əl atır, şəxsiyyətlərini önə çəkirlər: «Qorxu yaratmaq bütün dünyada təhlükəli tendensiyaya çevrilib. İstər Trump, istər Orban, Erdoğan, istərsə də Duterte – günü-gündən daha çox siyasətçi bünövrələrə qarşı çıxır, zəhərli silahından məharətlə yararlanaraq bütöv qrupları təqib, ya da qapazaltı edir, insanların ləyaqətini alçaldırlar».

A.Hacılı bununla da razılaşır: «İstər Böyük Britaniyada keçirilən «Brexit» referendumu, istərsə də ABŞ-da keçirilən seçkilər, Macarıstanda avtoritarizm meyllərinin artması, Fransada radikal sağların nüfuzunun çoxalması kimi tendensiyalar təbii ki, dünyada manipulyasiyanın, populist radikal siyasi istiqamətin dəstək aldığının təzahürü kimi qiymətləndirilə bilər».

Ancaq A.Hacılı pozitiv düşünür, prosesin əks reaksiya doğuracağına, liberal demokratik təfəkkürlü siyasi qüvvələrin qələbəsinə əmindir. «Bəşəriyyəti avtoritar düşüncə, idarəetmə deyil, yalnız xalqın iradəsiylə formalaşan, azlığın hüquqlarını nəzərə alan hakimiyyət xilas edə bilər», – deyə bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG