Hicab qaydasını pozduğuna görə əxlaq polisinə aparılmış və orada vəfat etmiş 22 yaşlı Məhsa Əmininin ailəsinin vəkili Tehran İslam İnqilabı Məhkəməsinin qarşısına çıxarılacaq.
Gənc qadının polisdə müəmmalı ölümü ölkədə aylarla davam edən etirazlara səbəb olmuşdu.
Fransada mənzillənən Kürdüstan İnsan Haqları Şəbəkəsi bildirib ki, Məhsa Əmininin ölümünə dair apardığı araşdırmalar və mediaya verdiyi müsahibələrə görə Saleh Nikbəxtə qarşı sistem əleyhinə təbliğat ittihamı irəli sürülüb.
Polis iddia edir ki, Məhsa Əmininin vəfatı onda olan xəstəliyə görə baş verib. Lakin ailəsi və tərəfdarları gənc qadının polisdə döyülərək öldürüldüyündə israr edirlər.
Yanvar ayında Fərəz saytına verdiyi müsahibədə Nikbəxt demişdi ki, Məhsanın ölümünə dair araşdırma ailəsinin şikayətçi kimi iştirakı olmadan natamam aparılıb.
Lakin vəkil müsahibələrində təkcə Əmininin ölümü barədə deyil, daha geniş mövzularda, məsələn qadınlara motosiklet sürmək icazəsi verilməsindən, əfqan qaçqınlara dövlət səhiyyəsinin imtiyazlarının tanınmasından danışırdı.
Vəkilin tələbi
Məhsa Əmini 2022-ci ilin sentyabrında Tehrana qonaq gələrkən iddia olunduğuna görə hicabı düzgün bağlamadığından əxlaq polisi tərəfindən saxlanmışdı. Lakin o sonradan xəstəxanaya köçürülmüş və sentyabrın 16-da vəfat etmişdi.
Vəkil Nikbəxt müstəntiqləri Əmininin əxlaq polisində olduğu iki saatlıq müddətin araşdırılmasına çağırırdı. Müstəntiqlər isə qadının ailəsinə təzyiq göstərirdilər ki, onlar Məhsanın xəstəliyinin olmasını və tibb yardımının gecikməsi versiyasını qəbul etsinlər.
Əmininin ölümü bütün ölkə boyunca aylarla davam edən etirazlara səbəb olmuşdu.
Şərhçilər bildirirdilər ki, bu etirazlar 1979-cu il İslam inqilabından bəri ruhani hakimiyyətin üzləşdiyi ən böyük sınaq idi.
Hicaba və ümumilikdə dini hökumətə qarşı yönəlmiş bu etirazlarda təhlükəsizlik qüvvələrinin zorakılığı nəticəsində çox sayda ölən olub.
Hakimiyyətin “əks-hücumu”
Lakin hakimiyyət hazırda həlak olmuş etirazçıların ailə üzvlərinə və fəallara qarşı repressiyalarını gücləndirib.
Amnesty International insan haqları təşkilatının 21 avqust hesabatında deyilir ki, son aylarda İranın 10 vilayətində azı 36 ailə belə təqib və repressiyalara məruz qalıb. Bu ailələrdən 33-ü etirazlarda doğmalarını itirənlərdir.
Avqustun 16-da 12 qadın haqları fəalı Əmininin ölümünün ildönümünə aksiya hazırlamaqda şübhəli kimi saxlanıb.
İran rəsmiləri etirazlara görə Qərbi və İsraili ittiham edirlər.
Etirazlar başlanandan bəri 500 nəfər həyatını itirib, minlərlə insan həbs olunub.