Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:44

Əminə Hacıyeva: 'Hamı çox gözəl bilir ki, Cahangirin təqsiri yoxdur'


Əminə Hacıyeva
Əminə Hacıyeva

“O insanlar ki, bu işdə öz qara əməllərini yerinə yetirdilər, onlar onsuz da Allahdan paylarını alacaqlar, mən buna yüz faiz əminəm”.

“Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva belə deyir.

Qardaşının günahsız olduğunu vurğulayan Ə. Hacıyevanın fikrincə, ona verilmiş mənimsəmə, vəzifədən sui-istifadə, saxtakarlıq kimi ittihamlar məhkəmədə sübuta yetirilmədi: “Hamı çox gözəl bilir ki, Cahangirin təqsiri yoxdur. Bunu yaxşı bilirlər, ona görə də heç kim heç bir sənəd təqdim eləmədi. Heç nə sübuta yetirilmədi. Əgər məhkəmə ədalətli qərar verməsə, onda mənim ölkəmizə - Azərbaycana inamım tamam itəcək”.

Buna da bax:​ Cahangir Hacıyev: 'Məndən 20 milyon istədilər'

“Heç kim “mənəm-mənəm” deməsin”

Əminə Hacıyeva düşünür ki, müəyyən qüvvələr Beynəlxalq Bankın keçmiş rəhbərinin əleyhinə iş görüblər: “Biz yaxşı bilirik ki, həyat çərxi-fələkdir. Bu gün burada olan adam, sabah o biri yerə gedir. Heç kim “mənəm-mənəm” deməsin! O insanlar ki bu işdə öz qara əməllərini yerinə yetirdilər, onsuz da Allahdan paylarını alacaqlar, mən buna yüz faiz əminəm. Nağıllarda da deyildiyi kimi, mütləq Xeyir Şər üzərində qələbə çalır. Nə olursa-olsun, sonda Xeyrin Şərə qalib gələcəyinə əminəm”.

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə önünə çıxarılıb. Onlar mütəşəkkil dəstə kimi, bankın külli miqdarda vəsaitini mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı kimi əməllərdə suçlanırlar. Prokuror Cahangir Hacıyevə 17 il həbs istəyib.

Buna da bax:​ Cahangir Hacıyevə cəza istəndi - 17 il (Video)

Cahangir Hacıyev ittihamları qəbul etmir. Onun fikrincə, barəsindəki cinayət işinə xitam verilməli və olanlara görə ondan və digər təqsirləndirilən şəxslərdən üzr istənməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG