Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:01

Daha çox müsəlmanı siyasi fəaliyyətə cəlb etmək kampaniyası


ABŞ müsəlmanları (arxiv fotosu).
ABŞ müsəlmanları (arxiv fotosu).

Massaçusets ştatında bir qeyri-hökumət təşkilatı daha çox amerikalı müsəlmanı yerli siyasətə cəlb etməkdən ötrü kampaniyaya başlayıb.

TƏKMİL SİYASİ QURUM YARATMAQ

Jetpac Inc. təşkilatı müsəlman amerikalılara şəhər şuralarına, məktəb komitələrinə və başqa yerli səviyyəli idarəetmə qurumlarına seçilmək üçün sosial mediadan yararlanma, məlumatın təhlili və digər mühüm siyasi alətlərə dair təlim verir.

Buna da bax:​ Müsəlman konqresmen Demokratların sədri seçilə bilər

Bundan başqa, müsəlman namizədlərə maliyyə vəsaiti toplamaqdan ötrü "Jetpac Action Fund" adlı ayrıca fəaliyyət komitəsi də yaradılıb.

Jetpac Inc.-in icraçı direktoru Shaun Kennedy deyir ki, məqsəd 2018-ci il seçkiləri öncəsi daha güclü və təkmil bir siyasi qurumun yaradılmasıdır.

"Ümumilikdə, icma, təşkilatlanma baxımından 50 il geridə qalıb. Gənc nəsil irəli çıxmağa çalışır. Yaşlı nəsilsə, sadəcə, "radarın altından uçmağa", nəzərə çarpmamağa çalışıb. Onlar siyasi müzakirənin bir hissəsi olmaq istəməyiblər. Təəssüf ki, istəsələr də, istəməsələr də, vəziyyət budur", – özü müsəlman olmayan Kennedy deyir.

Buna da bax:​ Trump-ın fərmanı ilə müsəlman qaçqınları ABŞ-a buraxmadılar

ƏHALİNİN 1%-İ, AMMA...

Tərəfsiz "Pew" Tədqiqat Mərkəzinin 2015-ci ilə aid hesablamalarına görə, Amerikada 3,3 milyon müsəlman yaşayır. Onlar ölkə əhalisinin 1 faizini təşkil edir. Ancaq çox az sayda müsəlman seçkili orqanlarda təmsil olunur.

Hazırda Konqresin iki müsəlman üzvü var. Minnesotadan olan demokrat Keith Ellison və İndiana ştatından seçilmiş demokrat Andre Carson. Müsəlmanlar Kaliforniya, Miçiqan, Nyu Cersi və bir neçə başqa yerdə çox az sayda seçkili vəzifələr tuturlar.

"Məndən dəqiq rəqəmi soruşanda, adətən, "kifayət qədər deyil" deyirəm", – Kennedy deyir.

Buna da bax: Həmin müsəlmanların sosial media hesabları da yoxlanacaq

Tufts Universitetindən siyasi elmlər professoru Deborah Schildkraut deyir ki, "Jetpac"in təşəbbüsü prezident Donald Trump administrasiyasına son etirazların enerjisini növbəti seçkilər ərəfəsində faydalı istiqamətə yönəltmək istiqamətində göstərilən səylərdən biridir.

DƏMİRİ İSTİ-İSTİ DÖYMƏK

"Vaxt çox ağılla seçilib. Baş verməkdə olan bütün yürüşlər və etirazlar sual doğurur: bunu necə davamlı bir şeyə çevirmək olar? Söhbət enerjini ram etməkdən və dəmiri isti-isti döyməkdən gedir", – alim deyir.

Buna da bax: Müsəlmanlar daha çox dünyanın harasında yaşayır?

"Jetpac" adı ingiliscə "Justice", "Education" və "Technology" ("ədalət", "təhsil" və "texnologiya") sözlərindən formalaşıb. Bu təşkilat Massaçusetsin ilk seçilmiş vəzifəli şəxsi olan Nadeem Mazenin seçki kampaniyaları nəticəsində ortaya çıxıb. Qurum artıq iki ildir fəaliyyət göstərir.

"Hər hansı bir müsəlman namizəd diqqəti özünün müsəlman olmasına yönəltməməlidir. Sonucda onlar öz namizədliklərini amerikalı kimi irəli sürürlər. Onlar müsəlman amerikalı namizədlər deyil, amerikalı namizədləridir. Sadəcə, həm də müsəlmandırlar", – Kennedy deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG