Bərdə rayonunda ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı çərçivəsində yeni məktəb inşa edilib.
Bu gün, noyabrın 7-də Bərdənin Güloğlular kəndindəki yeni məktəb binasının açılışı olub.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, yerli sakinlər və məcburi köçkünlərdən ötrü nəzərdə tutulan 220 yerlik məktəb binasını onun Müdafiə Əməkdaşlığı İdarəsi inşa edib.
Məktəbin rəsmi açılışına səfirliyin müvəqqəti işlər vəkili William Gill, ABŞ Ordusu Mühəndislər Korpusunun (USACE), Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və Bərdə Rayon İcra hakimiyyətinin təmsilçiləri qatılıblar.
Səfrilik bildirir ki, Bərdədəki məktəb layihəsi ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı vasitəsilə Azərbaycanda inşa edilən sayca 17-ci məktəb layihəsidir. Gələcək il on səkkizinci məktəbin tikilməsi planlaşdırılır.
ABŞ Müdafiə Nazirliyi 2003-cü ildən etibarən, məktəb tikintisi və su təchizatı layihələri daxil olmaqla, Azərbaycanda məcburi köçkün ailələrinə yardım məqsədilə həyata keçirilən 23 humanitar layihəni maliyyələşdirib. Həmin layihələrə təxminən 6 milyon dollar vəsait ayırılıb.