ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsün sözlərinə görə Ukraynaya hərbi yardımın maliyyələşdirilməsindən imtina "tarixi miqyaslı səhv” olardı:
"Əgər biz Ukraynanı dəstəkləməkdən imtina etsək, bu bizim Hind-Sakit okeanı hövzəsindəki müttəfiq və partnyorlarımız arasında şübhə toxumu səpəcək və Çin rəhbərliyinin ambisiyalarını qızışdıracaq”.
Börns bu sözləri Senatın kəşfiyyat komitəsində keçirilən açıq dinləmədə deyib.
ABŞ kəşfiyyat xidmətlərinin qiymətləndirməsinə görə Amerika yardımı olmasa, Ukrayna 2022-ci ildə geri aldığı ərazilərin bir hissəsini itirə bilər.
"Yeni Avdeyevkalar"
MKİ başçısı vurğulayıb ki, Ukraynaya yardım ayrılmasa, biz “yeni Avdeyevkaların” şahidi olacağıq.
ABŞ milli kəşfiyyatının rəhbəri Avril Heyns deyib ki, Ukraynaya yardım xüsusilə də indi, Rusiyada sursat istehsalının artırıldığı və Moskvanın Şimali Koreya və İrandan silahlar aldığı bir vaxtda aktualdır.
ABŞ kəşfiyyatı bildirir ki, Ukrayna üçün Ağ Evin Konqresdən istədiyi 60 milyard dollar döyüş meydanlarında vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər.
Kəşfiyyatın qiymətləndirməsinə görə yardım alan Ukrayna ordusu indiki mövqelərdə möhkəmlənə və gələn ilin əvvəlləri üçün “strateji təşəbbüsə” sahib ola bilər.
Spikerin inadı
Börnsün sözlərinə görə yeni silahlar alan Ukrayna ordusu Krımdakı obyektlərə və Rusiyanın Qara dəniz donanmasına zərbələr endirməklə Moskva üçün müharibənin bədəlini artıra bilərdi.
Ukrayna son 6 ay ərzində Rusiyanın 15 gəmisini məhv edib.
Avril Heyns vurğulayıb ki, Rusiya Ukraynada İkinci Dünya Müharibəsindən bəri ən böyük itkilərini verib, onun minlərlə ən müasir tank və zirehli maşınları məhv edilib.
Ukraynaya 60 milyard dollarlıq yardımı nəzərdə tutan qanun layihəsi ötən fevralda Senat tərəfindən qəbul olunub.
Amma Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson sözü gedən qanunun səsverməyə çıxarılmasından imtina edir.
Qanun layihəsinin tərəfdarları ümid edirlər ki, parlament prosedurları vasitəsilə spikerin inadını sındıra biləcəklər.