Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 19:13

Merkel-in partiyası əyalət seçkilərini udur


Martin Schulz və Angela Merkel

Almaniya kansleri Angela Merkel-in partiyası ölkənin şimalında seçkidə önə çıxıb. Bununla da Xristian Demokratların sentyabrın 24-də keçiriləcək parlament seçkisində qələbə qazanmaq şansı yüksəlib.

Mayın 7-də Şlezviq-Holşteyn əyalətində ekzit-poll Merkel-in Xristian Demokratlar Birliyinin (CDU) 32.3, sol mərkəzçi Sosial Demokrat Partiyasının (SPD) isə 26.9 faiz səs topladığını göstərib.

AfD DƏ BARYERİ AŞIR

Bu, Merkel-in əsas rəqibi Martin Schulz-dan ötrü geriləmə sayılır. Onun Sosial Demokrat Partiyası 2012-ci ildən bəri Yaşıllar və daha bir kiçik partiyayla koalisiya şəklində regionu idarə edirdi. «Bu, bizi kədərləndirir. Daha yaxşı nəticə gözləyirdik», – Schulz deyib.

İmmiqrasiyaya qarşı çıxan, sağçı radikal «Almaniya üçün Alternativ» (AfD) partiyası isə parlamentə keçmək üçün 5 faizlik baryeri aşıb. Bu, həmin partiyanın Almaniyanın 16 əyalət parlamentinin 12-də yer qazanması deməkdir. Digər partiyalar AfD ilə heç bir koalisiyaya girməyəcəklərini deyiblər.

AfD tərəfdarlarının yürüşü.
AfD tərəfdarlarının yürüşü.

Daha böyük Şimali Reyn-Vestfaliya federal əyalətində seçki mayın 14-də olacaq. Rəy sorğuları bu bölgədə də aparıcı partiyaların sıx rəqabət aparacağını göstərir.

SABİTLİYƏ DƏSTƏK

Almanlar ölkədə sabitliyə səs verməyə meyllənirlər. Baxmayaraq ki, digər avropalılar mərkəzləşmiş Avropa Birliyindən, Yaxın Şərq və Afrikadan immiqrasiyanın artmasından narazıdırlar. Bunu «The New York Times» qəzeti yazır. Martda Almaniyanın ən kiçik əyaləti - Saarda Merkel-in partiyası səslərin 40.7 faizini qazanıb.

«Şlezviq-Holşteyn əyalətindəki nəticə Xristian Demokratlara bütün ölkə boyunca qol-qanad vermiş olur. Axı, hətta partiya daxilindəki Merkel tənqidçiləri belə bunu mümkünsüz sayırdılar», – «Süddeutsche Zeitung» qəzeti belə yazır.

Qeyd edək ki, Şlezviq-Holşteyndə nəticə bəlli olan günü Fransada prezident seçkisini avropapərəst mərkəzçi Emmanuel Macron udub. Merkel Macron-a açıq dəstək verirdi.

Macron-un rəqibi, ifrat sağçı Marine Le Pen namizədlərin teledebatında demişdi ki, istənilən halda, seçkidən sonra Fransanı qadın idarə edəcək - ya o, ya da madam Merkel.

Günün bütün mövzuları

XS
SM
MD
LG