Almaniya hökuməti Ukraynaya növbəti hərbi yardım paketini elan edib.
Bu paketdə kəşfiyyat dronlarının, tank əleyhinə qumbaraatanların, artilleriya mərmilərinin və Leopard tanklarının olacağı gözlənilir.
Bundan başqa Ukraynaya 44 ədəd Vector və RQ-35 Heidrun kəşfiyyat PUA-ları, 14 Warthog yolsuzluq avtomobilləri, 6 ədəd WISENT 1 minatəmizləyən maşını, 2 min ədəddən çox RGW90 Matador və GMG antitank qumbaraatanları, 18 min 155 mm çaplı artilleriya mərmisi veriləcək.
Bundan əvvəlki yardım paketi ilə Berlin Kiyevə 10 min 155 mm çaplı mərmi, yüzədək zirehli maşın və elə o sayda xüsusi nəqliyyat vasitələri vermişdi.
Ukrayna və Almaniya 2024-cü ilin fevralında təhlükəsizlik sahəsində əməkdaşlığa və Kiyevin uzunmüddətli dəstəklənməsinə dair saziş imzalayıblar.
“Misli görünməmiş tarixi addım”
Ukrayna prezidenti Volodimir Zelenski sazişin imzalanmasını Almaniyanın Ukraynaya yardımını təsdiqləyən “misli görünməmiş hadisə” adlandırmışdı. O demişdi ki, Almaniyanın bu il üçün Ukraynaya yardımları 7 milyard avro təşkil edəcək.
Öz növbəsində Almaniya kansleri Olaf Şolts imzalanmış sənədi “tarixi addım” adlandırmışdı.
O demişdi ki, Berlin Kiyev üçün 1.1 milyard avroluq yeni yardım paketi də hazırlayıb və bura IRIS-T sistemi üçün raketlər, 2 ədəd Skynex hava hücumundan müdafiə kompleksi və 120 mindən çox artilleriya mərmisi daxil olacaq.
Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlıq barədə ilk saziş Britaniya ilə bağlanıb.
Bu razılaşma qarşıdan gələn on ildə Kiyevə hərbi və qeyri-hərbi yardımları nəzərdə tutur.
Kiyevlə belə bir müqavilələri Fransa, Niderland, Danimarka, Kanada və İtaliya da imzalayıblar.