Keçid linkləri

2026, 06 Avqust, cümə axşamı, Bakı vaxtı 00:57

Almaniya Ukrayna təyyarəsinin yaxınlığındakı uçan obyekti araşdırır

Leypsiq hava limanı
Leypsiq hava limanı

Almaniya polisi Leypsiq/Halle hava limanı yaxınlığında şübhəli uçan obyektin görünməsindən sonra araşdırmaya başlayıb. Hadisədən dolayı hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb, bir neçə reys, o cümlədən sərnişin təyyarələri digər hava limanlarına yönləndirilib.

Həmin obyekt barədə Leypsiq Polis İdarəsi avqustun 4-də açıqlama yayıb.

Açıqlamada deyilir ki, cənub uçuş-eniş zolağı yaxınlığında da bir obyekt aşkarlanıb və Federal Polis ilkin baxış keçirib.

Rəsmilərin bildirdiyinə görə, avqustun 5-i səhər saatlarında hava limanının şimal uçuş-eniş zolağında uçuş əməliyyatları bərpa edilib. Polis araşdırma apardığından cənub zolağı hələ də bağlı qalır. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

DHL yük təyyarəsi havada obyektlə toqquşub

"Reuters" avqustun 5-də mənbəyə istinadla yazıb ki, DHL-ə məxsus yük təyyarəsi Leypsiq/Halle hava limanından qalxdıqdan az sonra havada naməlum obyektlə toqquşub və buna görə Hannover hava limanına məcburi eniş edib.

Almaniyanın "Bild" qəzeti xəbər verib ki, uçuş-eniş zolağında Ukraynaya məxsus "An-124" yük təyyarəsinin bilavasitə yaxınlığında dron aşkarlanıb. Hələlik bunun DHL insidenti ilə bağlı adıçəkilən həmin dron, yoxsa başqa bir aparat olduğu məlum deyil.

NATO rəsmisi AzadlıqRadiosuna bildirib ki, alyans Leypsiq hava limanında Ukrayna təyyarəsinin yaxınlığında dron tapılması xəbərini təsdiqləyə bilmir. O, Leypsiq polisinin bəyanatından xəbərdar olduqlarını, lakin hadisənin detallarını dəqiqləşdirməyin birbaşa Almaniya rəsmilərinin işi olduğunu vurğulayıb.

Leypsiq/Halle hava limanı Almaniyanın beynəlxalq logistika şirkəti DHL-in əsas yükdaşıma mərkəzlərindən biridir.

DHL qəzaları

Bundan əvvəl DHL təyyarələri ilə bağlı bir neçə insident baş verib.

2024-cü ilin noyabrında DHL yük təyyarəsi Litvanın paytaxtı Vilnüs yaxınlığında qəzaya uğrayıb, ispan pilot həlak olub, digər ispan ekipaj üzvü, bir alman və bir litvalı yaralanıb. O zaman Qərb təhlükəsizlik rəsmiləri Rusiya kəşfiyyatının Qərbin yük təyyarələrinə qarşı təxribat hazırlamasından narahat idilər. Amma rəsmilər həmin insidentlə Rusiya arasında hər hansı əlaqəni təsdiqləyən sübutların olmadığını bildirmişdilər.

2024-cü ilin iyulunda Polşa, Böyük Britaniyada kuryer şirkətlərində və Leypsiq/Halle hava limanındakı DHL yük mərkəzində ardıcıl yanğınlar baş verib. Litva bu hadisələrin Rusiyanın hərbi kəşfiyyat xidməti ilə əlaqəli şəxslər tərəfindən koordinasiya olunduğunu iddia edib. Moskva ittihamları rədd edib.

Litvada bu həftə keçirilən məhkəmə prosesində DHL şirkətinin nümayəndəsi bildirib ki, təyyarə gecikdiyi üçün bağlama uçuş zamanı deyil, logistik mərkəzdə alovlanıb.

Bu iş üzrə beş nəfər mühakimə olunur. Onlar terror aktları törətməkdə və mütəşəkkil terror qruplaşması yaratmaqda ittiham edilirlər. Litva müstəntiqlərinə görə, Rusiyanın xüsusi xidmət orqanları həmin şəxsləri DHL vasitəsilə müxtəlif ünvanlara bağlamaların çatdırılmasına kömək üçün cəlb edib.

XS
SM
MD
LG