Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 18:47

Almaniyada terror reydləri daha çox şübhə gətirir


Alman polisi, Al-Taqwa Məscidinin qarşısında, Hamburg, 15 noyabr 2016

Fevralın 1-də Almaniyanın maliyyə paytaxtı Frankfurtda zirehli geyimli 1000-dən artıq alman polisi evlərə, ofislərə və məscidlərə soxularaq reydlər keçiriblər. Ölkə miqyasında 50-dən artıq məntəqə hədəfə alınıb. Almaniyanın təhlükəsizlik orqanlarından ötrü bu reydlər terrorizmlə qəti mübarizənin nümayişi idi. Amma nəticə zəif oldu. Cəmi bir nəfər həbs edildi. 15 nəfər istintaqa cəlb olunaraq azad buraxıldı.

Həbs edilən 36 yaşlı tunisli Almaniyadakı hücumların təşkilatçısı kimi şübhəli qismində saxlanılıb. Daha bulanıq məsələ odur ki, bu şəxs Almaniya xüsusi xidmət orqanları rəhbərliyinin siyahısında 2015-ci ildə Tunis paytaxtındakı milli muzeydə baş verən qanlı hadisələrdə şübhəli kimi qeydiyyatdadır.

Buna da bax:MTN-in 'dadını' görənlər içində Exchange işçiləri də var

İKİ QANUN LAYİHƏSİ HAZIRLANIB

“The New York Times” qəzeti yazır ki, bu hal artıq qaldırılmış bir problemə bir daha işıq salır: Almaniyadakı təhlükəsizlik sistemi boşluqlar və problemlərlə doludur. Bəlkə II Dünya müharibəsindən sonrakı dövrün strukturu 21-ci əsrin terrorizm təhlükəsi üçün artıq köhnəlib?

Berlində terror törədən tunisli Anis Amri, 2016
Berlində terror törədən tunisli Anis Amri, 2016

Keçən ilin dekabrında Berlindəki yeni il yarmarkasında yük maşınıyla 12 nəfəri öldürmüş, daha sonra polisin qətlə yetirdiyi tunisli Anis Amri kimi, fevralın 1-də saxlanan, adı çəkilməyən tunisli də Almaniyaya şığınacaq axtaran şəxs kimi daxil olub. Onun deportasiyası bürokratik əngəllər və sənədlərinin olmaması ucbatından baş tutmayıb və o, hüquq-mühafizə orqanlarının əlləri arasından sürüşüb çıxa bilib. Amma daha öncə Tunis hakimiyyəti alman həmkarlarını xəbərdar edibmiş.

Yaxşı xəbər odur ki, polis ciddi araşdırmalar apararaq ehtimal olunan aktın qarşısını başlanğıc mərhələdəcə alıb.

Ancaq bu kiçik uğur belə kansler Angela Merkelə təzyiqləri azaltmayıb. Xanım kansler 2015-ci ildə milyona yaxın miqrantın ölkəyə girişinə icazə verdiyinə görə seçki problemləriylə üzləşib.

Daxili İşlər naziri Thomas de Maizière iki yeni qanun layihəsi təqdim edib. Qanun layihələrində Almaniyanın federal sistemində bürokratik maneələri aradan götürmək və ictimai təhlükə törədə biləcək insanları daha yaxşı müşahidə etmək imkanları nəzərdə tutulur. Amma bu təqdimat da sonuncu şübhəli tunisli barədə suallarla atəşə tutuldu. Çünki bu tunisli də cənab Amri kimi uzun müddət hökumət dairələrinin müşahidəsində olub.

Buna da bax: 'Çanaqqala' restoranının sahibi: 'Pulu MTN-ə aparanda 4 nəfər idik...'

10 İL ALMANİYADA YAŞAYIB

Sonuncu saxlanan şübhəli 2003-cü ildən 2013-cü ilin aprelinə qədər Almaniyada yaşayıb. Federal rəsmilər boyunlarına alırlar ki, bu 10 ildə şübhəli şəxsin nə işlə məşğul olduğunu, necə və niyə ölkədən çıxdığını və necə qayıtdığını onlar dəqiqliyi ilə bilmirlər.

Cənab de Maizière deyib ki, fevralın 1-də həbs edilən tunisli 2015-ci ilin yayında başqa adla və çox güman, qaçqın sifətiylə Almaniyaya qayıdıb.

Thomas de Maiziere, Bremen, 10 avqust 2016
Thomas de Maiziere, Bremen, 10 avqust 2016

Qaranlıq qalan mətləblər arasında tunislinin 2016-cı ildə sərhədi yenidən keçib-keçməməsi də var. Frankfurt prokuroru tunisli məmurlardan öyrənib ki, şübhəli nəinki 2015-ci ildə muzeyə hücumda iştirak edib, onun həm də 2016-cı ilin martında Tunis sərhəddində yerləşən Ben Gardane şəhərindəki hadisəylə bağlılığı var.

“Çərşənbə günündəki şübhəlilər siyahısında 17 yaşlı almaniyalı iraqlı da var. O, iyulda Dubaya getməyə cəhd edib. Oradan da qeyri-müəyyən terror qruplarından silah və partlayıcı vasitələrin istifadəsini öyrənmək üçün Suriyaya keçmək istəyib”,– Frankfurt prokuroru Alexander Badle belə deyib.

3 ANTİTERROR BİRLƏŞMƏSİNİN REYDİ

Prokuror bəyan edib ki, digər potensial təhlükəli əslən Əfqanıstandan olan 16 yaşlı almandır. Müəyyən edilib ki, o, keçən ilin sentyabrında Frankfurtu tərk edərək silah və partlayıcı maddələrlə davranmağı öyrənmək üçün Suriyaya yollanmazdan öncə Dubaya, sonra Əfqanıstana getmək istəyib.

Berlində 250-dək polis və ağır silahlarla təchiz edilmiş 3 antiterror birləşməsi Moabit rayonundakı məscidə düzənlənən reyddə iştirak edib. Yeni il bazarının başqınçısı Amri bu məscidə 19 dekabr hücumundan əvvəl baş çəkib və yaxınlıqdakı körpüdə özünün “İslam Dövləti”nə aid olduğunu dediyi videonu çəkib.

Alman xüsusi qüvvələri, Berlin, 15 noyabr 2016
Alman xüsusi qüvvələri, Berlin, 15 noyabr 2016

Xanim Merkel isə bu arada Almaniyanın cənub-qərbində olub. O, qaçqınlara göstərdiyi xeyirxahlığa görə mükafata layiq görülüb.

Təqdimat mərasimiylə bağlı xəbərlərdə deyilir ki, nə xanım Merkel, nə də başqa çıxışçılar qaçqınlarla bağlı çıxış ediblər. Əvəzində, onların nitqləri Avropanı gözləyən yeni təhlükə – populizm və Avropa Birliyinin parçalanması barədə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG