Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:14

Rusiya alman 'seks qaçqını'na yeni ev təklif edir


Eugen Martens-in (sağdan ikinci) Stavropol dəmiryol vağzalında qarşılanması.
Eugen Martens-in (sağdan ikinci) Stavropol dəmiryol vağzalında qarşılanması.

Qərbdəki «seks adətləri»ni tənqid etdiyinə görə Rusiya mətbuatının alman «seks qaçqını» adlandırdığı Eugen Martens bu ay Rusiyaya qayıdıb. Burada 40 yaşlı 10 uşaq atasına ev və bağ evi (daça) veriblər.

Rusiyada doğulmuş alman vətəndaşı olan Martens deyir ki, bu təklifi nəzərdən keçirəcək, ancaq yekun qərarı ailə verməlidir.

Martens həyat yoldaşı və uşaqları ilə birlikdə ötən il «seksə həddindən çox açıq olan» Qərbdən qaçmaq üçün Almaniyanı tərk edərək qısa müddətə Rusiyaya gəlib.

Ancaq ailə iki aydan bir qədər çox Sibirin bir kəndində qaldıqdan sonra fevralda Almaniyaya qayıdıb.

Ailənin vəziyyəti Moskva və Berlinin regionda nüfuz mübarizəsi kontekstində medianın diqqətini cəlb edib.

«ÖLKƏMİZİ BİABIR EDİBLƏR»

Avropanın müdafiə məsələlərinə yanaşması, Rusiyanın Ukrayna ərazisinə davam edən hərbi müdaxiləsi, Rusiya prezidenti Vladimir Putin-lə Almaniya kansleri Angela Merkel arasında gücləndiyi deyilən zahiri şəxsi düşmənçilik, Moskvanın guya Almaniyada keçiriləcək seçkilərə müdaxilə etmək niyyətiylə bağlı ittihamlar iki ölkənin münasibətlərinə təsir edir.

Yerli məmur Vladimir Poluboyarenko-nun Stavropol diyarında ailəyə təklif etdiyi üçmərtəbəli ayrıca ev Martens-in Sibirin Omsk şəhərində kirayə tutduğu kiçik taxta kottecdən çox fərqlidir.

Evin 13 otağı, 4 mətbəxi, çox sayda avtomobilin yerləşəcəyi qarajı və bağı var.

Əvvəllər yerli məmur olmuş, 1990-cı illərdənsə sahibkarlıqla məşğul olan Poluboyarenko özünün yaşamadığı əlavə evini heç bir kirayə haqqı almadan Martens-ə təklif etməklə Omsk rəsmilərinin «səhv»ini düzəltmək istədiyini deyir. Onun sözlərinə görə, Omsk rəsmiləri «alman qaçqınları»nı layiqli evlə təmin edə bilməyiblər.

Poluboyarenko (solda), Martens (ortada) və vəkil Aleksei Abazov təklif olunan evin qarşısında
Poluboyarenko (solda), Martens (ortada) və vəkil Aleksei Abazov təklif olunan evin qarşısında

«Yerli məmurlar ölkəmizi biabır ediblər. Ölkəmin vətənpərvəri kimi mən bu vəziyyəti düzəltməkdən ötrü əlimdən gələni edəcəyəm», - Poluboyarenko deyib.

TAXTA BAĞ EVİ

Poluboyarenko-nun bir dostunun sözlərinə görə, Martens-lərə yaxınlıqdakı dağ kurortunda yeni tikilmiş taxta bağ evindən istifadə etmək də təklif olunub.

Ötən həftə Poluboyarenko kazak mahnıları ifa edən bir həvəskar musiqi qrupunun və jurnalistlərin müşayiəti ilə Stavropol vağzalına gələrək alman qonağı qarşılayıb və onunla şəkil çəkdirib.

«Şəhərimizdə heç vaxt bu qədər jurnalist olmayıb», – Poluboyarenko deyib.

Rusiya mətbuatı Martens-lərin Omskda yerləşmək qərarını geniş işıqlandırmışdı. Burada onlar birbaşa yerə döşənmiş döşəklərdə yatır, Sibirin soyuq qışında evi qızdırmaq üçün sobadan istifadə edirdilər.

SEKS OBYEKTİ

Martens və həyat yoldaşı Louisa Rusiyada doğulsalar da, 1990-cı illərdə ailələri ilə birlikdə ölkəni tərk edərək Almaniyaya köçüblər. Sonradan onlar Almaniyada tanış olaraq evləniblər.

Özlərini «İncilə uyğun yaşayan sadə xristianlar» adlandıran Martens-lər Almaniya məktəblərində seks təhsilinin verilməsindən məmnun olmadıqlarını və bu ölkəyə qaçqın axınından narahatlıqlarını dilə gətiriblər.

«Orada uşaqlara 1 yaşından seks obyekti kimi baxılır», – Martens 2016-cı ildə ilk dəfə Rusiyaya gələndə AzadlıqRadiosuna deyib.

Eugen Martens-in ailəsi Sibirdə
Eugen Martens-in ailəsi Sibirdə

Martens həmçinin deyib ki, o və həyat yoldaşı Almaniyada yaşadıqları şəhərə çox sayda cavan kişi qaçqının gəlməsindən narahatdırlar.

«BU, CİDDİ QƏRARDIR»

İkinci Dünya müharibəsindən sonra ən böyük miqrant axını ilə üz-üzə qalan, 2015-ci ildə 1 milyon qaçqını qəbul etmiş Almaniya Avropa Birliyinin digər ölkələrini də eyni cür davranmağa çağırır.

Martens-lər 2015-ci ilin sonunda Rusiya hökumətinin xaricdə yaşayan rusların repatriasiyası proqramından yararlanmaq qərarına gəliblər.

Ailə bu ilin əvvəlində qəfildən Almaniyaya qayıtmasının səbəbini ictimaiyyətə açıqlamayıb.

Martens-lərə Stavropolda edilən təklifdən sonra ailə başçısı bu dəfə tələsik qərar vermək istəmədiyini deyib.

«Bu barədə yaxşıca düşünməliyəm. Bu, ciddi qərardır. Stavropolu bəyəndim. İqlim Sibirdən çox fərqlidir, insanlar da çox mehribandırlar», – Martens deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG