Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 17:15

Almaniyadan gəlib, həbs edilib


Almaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Almaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası (31 may 2022)

Almaniyadan xəstə atasını ziyarət etmək məqsədilə gələn Anar Əliyev adlı şəxsin həbs olunduğu bildirilir.

Bu barədə onun həyat yoldaşı Anarə Əliyeva məlumat verib. Onun sözlərinə görə, ailəlikcə bu il iyulun 8-də Almaniyadan Bakıya gəliblər, avqustun 4-də geri dönmək fikirləri olub.

A.Əliyeva vurğulayıb ki, iyulun 25-də səhər tezdən polis əməkdaşı Bakıdakı evlərinə gəlib: "O, Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsindən gəldiyini, Anar Əliyevin adına saxta xarici pasport aşkarlandığını dedi. Dedi ki, buna görə Anar rəisə xarici pasportunu göstərməlidir. Həmin şəxs əlavə etdi ki, bununla Anar saxta sənədlərlə və onu düzəldənlərlə heç bir əlaqəsi olmadığını təsdiq etmiş olacaq".

"Heç yemək yeməyə imkan vermədi”

Onun sözlərinə görə, gələn şəxs Anar Əliyevin 15 dəqiqəyə qayıdacağını söyləyib: "Heç yemək yeməyə imkan vermədi…Yarım saat keçdi, Anar gəlmədi, telefona cavab vermədi, yaşlı, xəstə atası durub bölməyə getdi. Orada Anarın atasına bildiriblər ki, Anar Facebook-da yazdığı statuslara görə bölməyə gətirilib".

A.Əliyeva qeyd edib ki, iki saat sonra bir daha yoldaşının arxasınca bölməyə gedib: "Bu dəfə dedilər ki, Anarın cibindən külli miqdarda narkotik çıxıb… Bu, necə ola bilər? Həmin şalvarı ona əlimlə vermişəm, cibində heç nə yox idi".

"Onun qarşısına narkotik, silah qoyulub…"

Onun sözlərinə görə, əri vəkilsiz dindirilib, narkotik satdığını və istifadə etdiyini boynuna alıb: "O, vəkilsiz ifadə vermək istəmədiyini deyəndə təzyiqə məruz qalıb. Anar sonradan mənə dedi ki, onun başqa yolu yox idi. Onun qarşısına narkotik, silah qoyulub, həmçinin ailəsi ilə təhdid edilib…".

A.Əliyeva həmçinin bildirib ki, onun da ölkədən çıxışına məhdudiyyət qoyulub: "Avqustun 4-də aeroportda saxlanıldım və mənə bildirildi ki, ölkədən çıxışıma məhdudiyyət qoyulub. Mən Nizami rayon Polis İdarəsinin istintaq şöbəsindən Rüfət İbayevin yanına çağırıldım, nə üçün ölkədən qaçmaq istədiyimi soruşdular. Dedim ki, ölkədən qaçmırdım, əvvəlcədən aldığım biletlə yaşadığım, işlədiyim ölkəyə gedirdim. Məndən bununla bağlı izahat yazmağım, orada ərimin narkotik istifadəçisi olduğunu təsdiqləməyim istənildi, bunu etmədim".

"Aksiyalarda iştirak edib, amma təhqirə yol verməyib"

A.Əliyeva deyir ki, ailəlikcə 2016-cı ildə Almaniyaya köçüblər: "Biz siyasi oturum, yəni yaşayış izni almamışıq. Mən, həyat yoldaşım işlədiyimizə və peşə təhsili aldığımıza görə iş oturumu almışıq. Düzdür, yoldaşım bir müddət orada siyasi fəaliyyətlə məşğul olub, aksiyalarda iştirak edib, amma təhqirə yol verməyib, normal şəkildə etirazını bildirib. Bununla belə, o, hakimiyyətin qara siyahısına düşərək şərlənib və həbs edilib".

Vəkil Elçin Sadıqov da AzadlıqRadiosuna bildirib ki, Anar Əliyev barəsində Cinayət Məcəlləsinin 234.4.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələri,... hazırlama,... göndərmə və ya satma) və 234.4.3 ( küllü miqdarda) maddələri ilə cinayət işi qaldırılıb. Bu maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

DİN təkzib edir

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə "Turan"a bildirib ki, A.Əliyevanın iddiaları şəxsi mülahizələrə əsaslanıb və həqiqəti əks etdirmir: "Anar Əliyev konkret cinayət əməlində şübhəli bilindiyi üçün istintaqa cəlb olunub. Onun əməli ilə bağlı istintaq davam etdirilir".

Deyilənlərə, Ombudsman Aparatından isə, hələlik, münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG