Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:54

Şeyxin işçisinə 10 il həbs cəzası verildi


İlahiyyatçı Elşən Mustafayev
İlahiyyatçı Elşən Mustafayev

Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafayevə (Mustafaoğlu) 10 il həbs cəzası verildi.

Dekabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

Hökmdən əvvəl qapalı məhkəmədə Elşən Mustafaoğlu son sözünü deyib.

Buna da bax: Elşən Mustafaoğlu kimdir və hardadır?

Bu barədə AzadlıqRadiosu-na ilahiyyatçının vəkili Əfqan Məmmədov məlumat verərək bildirib ki, o, son sözündə iki ildən artıqdır heç bir günahı olmadan həbsdə saxlanıldığını, dövlətə xəyanət suçlamasının qondarma olduğunu deyib. Elşən Mustafaoğlu çıxışının sonunda məhkəmədən bəraət istəyib.

Amma məhkəmə qısa müşavirədən sonra onun 10 il azadlıqdan məhrum edilməsinə dair hökmü elan edib.

Vəkil Əfqan Məmmədov hökmün qanunsuz və əsassız olduğunu, Elşən Mustafaoğluya verilmiş ittihamın məhkəmədə sübuta yetirilmədiyini deyir. Müdafiəçi hökmdən apelyasiya şikayəti veriləcəyini bildirib: “Bu adam tamamilə günahsızdır. Məhkəmədə dindirilən şahidlərin heç biri onun əleyhinə ifadə vermədi. Ortada heç bir mötəbər sübut yoxdur. Ona görə də bəraət alana qədər bütün mümkün hüquqi vasitələrdən istifadə edəcəyik”.

Buna da bax:​ 'Elşəndən Vahid Mustafayevin əleyhinə ifadə almağa çalışıblar'

2014-cü il dekabrın 16-da həbs edilən Elşən Mustafaoğlu CM-nin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. İlahiyyatçı məhkəmənin hazırlıq iclasında bildirmişdi ki, MTN əməkdaşları onu həbs edib, ondan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, general Rövşən Əkbərovun əleyhinə ifadə almağa cəhd göstəriblər. Tələb olunan ifadəni verməyə razılaşmadığına görə ona qarşı heç bir əsası olmayan ittiham irəli sürüblər.

Bundan sonra işin içində dövlət sirri hesab edilən məlumatların olduğunu əsas gətirib, məhkəmənin qapalı keçirilməsinə qərar verilmişdi.

Buna da bax: Vəkil: «İstintaq fərziyyə üstündə qurulub»

Elşən Mustafaoğlu 2001-ci ildə «Mənəvi Saflığa Dəvət» İctimai Birliyini təsis edib. 2005-ci ildən «Yeni Şərq» Elmi Araşdırmalar Mərkəzinin direktoru, ANS-də, İctimai Televiziyada veriliş aparıcısı, Azərbaycan-Amerika Media Akademiyasının direktoru olub.

O, Norveçdə elmi layihə üzrə çalışıb, 2014-cü ilin əvvəlində ölkəyə qayıdıb. Həbsindən bir neçə ay öncə isə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa başlayıb və bu qurumda sektor müdiri olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG