Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:08

Elmə 1 faizdən də az vəsait ayıran ölkə...


Maaş azlığı- Alimlər niyə narazılq edir?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Maaş azlığı- Alimlər niyə narazılq edir?

AMEA-nın Fəlsəfə İnstitutun baş elmi işçisi, 43 ildir elm sahəsində çalışan Əbülhəsən Abbasov deyir ki, alimin günü son 30 ildir ki, ağır keçir, hakimiyyət maaş artıranda onları yada salmır:

“Fəzail Ağamalı deyir ki, yenə deputatın pensiyası artırılmalıdır. Bu biri deputat deyir ki, prokurorların da maaşına baxılmalıdır. Heç kimi demir ki, bəs bu alim bu boyda yük daşıyır. Dövlətini, millətini düşünən alimdən gedir söhbət. Qərəssiz, obyektiv iş görən alim ağır əziyyət çəkir. Alim nə qədər basqılar, sayılmamazlıqlar altında fəaliyyət göstərəcək?! Düşünən alimləri deyirəm... Yerləşdirilmiş, nomenklatura alimlərini demirəm... 30 ildir ki, əsl alimlər ədalətsizlik qazanında bişirilib”.

Hazırda Milli Elmlər Akademiyasında elmi dərəcəsindən, iş stajından, elmi xidmətlərindən asılı olaraq elmi işçilərin maaaşı 200-700 manat arasında dəyişir. Məsələn, institutlarda şöbə müdirinin maaşı 550 manatdır.

Sosial və İqtisadi inkişaf Mərkəzinin araşdırmaçısı Rəşad Həsənov deyir ki, şablon işlər görən bank işçisinin maaşı 1500 manat civarındadır, odur ki, alimin bu maaşı çox cüzi sayılmalıdır.

Elmə 0, 002 faiz

Rəşad Həsənov deyir ki, hazırda dövlət büdcəsindən hər il elmə cəmi 0,002 faiz vəsait ayrılır. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə elmi özəl sektor dəstəkləyir:

“Azərbaycanda isə situasiya tamamilə fərqlidir. Biznesdən demək olar ki, tələb yoxdur, çünki iqtisadiyyat o qədər də inkişaf etmiş iqtisadiyyat deyil, xüsusilə də beyin məhsullarına ehtiyac yoxdur. Bu növ istehsalat iqtisadiyyatı olan ölkədə təbii ki, elmi-tədqiqata tələbin özü də aşağı səviyyədədir. Məcburən dövlət büdcəsindən elm xərclərinin yükü artır. Odur ki, hesab edirəm ki, elm xərcləri büdcədə davamlı olaraq qaldırılmalı və əhəmiyyətli səviyyədə artırılmalıdır. Bu, Azərbaycan dövlətinin özünün elmə verdiyi dəyərin əksi olaraq ortaya çıxardı”.

Rəşad Həsənov bildirir ki, alimlər akademiyadan kənarda başqa işlərdə işləyəndə də elmi dərəcə bir o qədər də onların köməyinə çatmır. Belə ki, elmi dərəcəyə görə, alimlər cəmi 50 manat əlavə maaş alırlar.

Hakimiyyət rəsmilərindən deyilən tənqidlərə münasibət öyrənmək mümkün olmadı, əlaqə saxladığımız deputatlar telefon zənglərimizə cavab vermədilər.

Amma rəsmilər bir qayda olaraq elmin hökumətin diqqət mərkəzində olduğunu deyirlər. Elə bu ilin fevralında prezident İlham Əliyev elmə dəstək olaraq bəzi işlərin görüldüyünü bildirib:

“Yəni, gənc alimlərimiz müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər. Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılıb. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır”.

Lakin əvvəllər AzadlıqRadiosuna danışan müsahiblər Elm Fondunun hər kəs üçün əlçatımlı olmadığını bildirmişdilər.

Şərhçi Rəşad Həsənov isə deyir ki, ümumikdə dövlətin elmə münasibəti dəyişməli, bu sahəyə ayrılan vəsait artırılmalıdır.

Müəllimin bir saatına 1 manat 40 qəpik

Dövlət universitetlərində çalışan müəllimlər də maaşlarından giley edirlər.

Məsələn, Bakı Dövlət Universitetində həftədə bir dəfə dərs deyən müəllim ilin axırı bu işə görə 67 manat 20 qəpik maaş alacaq. Bu universitetdə saat hesabı dərs 1 manat 40 qəpikdir. Tam ştatlı müəllimin maaşı 500-600 manat arasındadır.

Bu universitetin saat hesabı müəllimi Nisə Hacıyeva deyir ki, müəllimin maaşı ona bəs eləmir:

“Azərbaycanda elmə münasibət elə bil ki, hobbi münasibətidir. Müəllimlər məcburdurlar ki, gedib ikinci iş tapsınlar. Əslində isə elm özü böyük bir işdir, böyük bir enerji tələb edir. Əgər hər hansı bir universitet müəllimi və ya hansısa akademik ikinci işlə məşğul olmağa məcburdursa, o zaman elmə, auditoriyaya töhfəsi qaneedici səviyyədə ola bilməz”.

Nisə Hacıyeva Türkiyə təcrübəsini misal çəkir və bildirir ki, bu ölkədə müəllimlik gəlirli peşə olmasa da, bu maaşla kirayə haqqını, kommunal xərcləri ödəmək, yemək xərclərini ödəmək mümkündür. Azərbaycan müəllimi isə bunları edə bilmir.

İqtisadçı Rəşad Həsənov deyir ki, hazırkı büdcənin durumu imkan verir ki, alimlərin əmək haqqı artsın. Onun sözlərinə görə, bununçün büdcəni yenidən bölüşdürmək lazımdır.

“Müqayisə üçün deyək ki, Azərbaycan elminə ayrılan vəsait 1 faizdən də az olduuğu halda, büdcənin 20 faizi təmir-tikintiyə ayrılır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG