Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Ali Məhkəmə Əli Həsənovun nəvəsinin azadlığa buraxılmasına qərar verib


N.Allahverdiyev

Baş nazirin müavini Əli Həsənovun nəvəsi, törətdiyi yol qəzasıyla iki nəfərin ölümünə səbəb olmaqda suçlanan 24-yaşlı Nail Allahverdiyev azadlığa buraxılıb.

Bu barədə Ali Məhkəmədə Hafiz Nəsibovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb. Ötən il noyabrın 14-də çıxarılmış qərar mediaya bu günlərdə sızdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2017-ci il dekabrın 19-da N.Allahverdiyevə ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanmaqla 6 il həbs cəzası kəsmişdi. Bakı Apellyasiya Məhkəməsi 2018-ci il avqustun 2-də N.Allahverdiyevin həbsdə olduğu müddəti çıxmaqla, onun üzərində 4 il 3 günlük cəza saxlayıb. Həmçinin cəzaçəkmə rejimi də dəyişdirilib - Nailin ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsinə qərar verilib.

Rəsmi sənədlərə görə, bundan sonra N.Allahverdiyev 13 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu rejimdə cəza çəkmək məhkum üçün daha asan və rahatdır. Cəzaların İcrası Məcəlləsinin 119.3 maddəsində yazılıb ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan məhkum müəssisə rəhbərliyinin icazəsiylə, sutkada 12 saatdan çox olmamaq şərtiylə kənarda nəzarətsiz gəzə də bilər.

Vəkil bəraət istəyib

Ali Məhkəmə isə N.Allahverdiyevi bu cəzadan da azad edib. AzadlıqRadiosu Ali Məhkəmənin sözügedən qərarını əldə edib. Qərarda N.Allahverdiyevin 4 il 3 günlük azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və 3 il sınaq müddəti müəyyən olunmaqla, şərti olaraq tətbiqi nəzərdə tutulur. O, Penitensiar Xidmətin 13 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsindən dərhal azad edilib.

Qərarda yazılıb ki, N.Allahverdiyevin vəkili Muxtar Mustafayev Ali Məhkəməyə kassasiya şikayətində ona bəraət verilməsini istəyib. O, şikayətində yazıb ki, əslində, avtomobili əvvəldən Nail yox, sürücü Mehdi Əliyev idarə edib. Lakin Nailin həm də dostu olan Mehdi Əliyevin səhhəti kəskin pisləşib huşunu itirdiyindən o, sükan arxasına keçib:

«Nail Allahverdiyevin avtomobili yüksək sürətlə idarə etməsinə də onu tez bir zamanda xəstəxanaya çatdırmaq istəyi səbəb olub».

M.Mustafayev şikayətdə ehtimallarını da yazıb. Bildirib ki, yol qəzası baş verəndə artıq M.Əliyev ürək xəstəliyindən vəfat etmişdi. Yəni onun ölümü ilə qəza arasında əlaqə yoxdur. Vəkilin iddiasına görə, N.Allahverdiyevin idarə etdiyi «Mercedes G 63 Brabus» markalı avtomobil qabaqda eyni istiqamətdə hərəkətdə olan «VAZ-21015» markalı avtomobilin arxa sol qanadı ilə ona görə toqquşub ki, qəfildən avtomobilin qabaq sağ təkərinin havası boşalıb. «Həmin vəziyyətdə Nail Allahverdiyevin idarə etdiyi avtomobilin təkərinin boşalmasını əvvəlcədən görə və beləliklə də, baş vermiş ağır nəticələrin qarşısı ala bilməzdi», - M.Mustafayev şikayətində yazıb.

Lakin Ali Məhkəmə belə nəticəyə gəlib ki, vəkil dediklərini sübut edə bilməyib, ona görə də bəraət tələbini təmin etməyib.

AzadlıqRadiosu Ali Məhkəmənin qərarıyla bağlı fikrini öyrənmək üçün vəkil M.Mustafayevə müraciət edib. Lakin vəkil bildirib ki, bu barədə danışmaq istəmir.

Xatırlatma

Hadisə 2017-ci il avqustun 3-də baş verib. İttihamda yazılıb ki, N.Allahverdiyev «Maqa» ləqəbli Mirməhəmməd İsmayılovun idarə etdiyi «Mazda» markalı avtomobillə ötüşərkən hadisə baş verib. Qəza nəticəsində avtomobil beton yol yolayrıcını aşıb, o biri yola çıxıb, piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları, ər-arvad olan Mutallib və Songül Tekiş cütlüyünü vurub.

Daha sonra maşın binanın fasadına çırpılaraq yanıb. Qəza nəticəsində piyada V.Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş M.Əliyev dünyasını dəyişib. Tekiş cütlüyü isə ağır xəsarət alıb.

Onlar bugünlərdə Türkiyə mediasına açıqlamalarında hələ də sağalmadıqlarını, N.Allahverdiyevin yaxınlarının onları aldatdıqlarını, müalicə edəcəklərinə söz verib əməl etmədiklərini bildiriblər.

N.Allahverdiyevin vəkili M.Mustafayev isə yerli mətbuata açıqlamasında Tekiş cütlüyünün bu iddialarını rədd edib, onların dediklərini «şantaj» adlandırıb. Vəkil bildirib ki, zərərçəkmişlərə kifayət qədər yardım göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG