Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:55

Əli Kərimli İlham Əliyevə cavab verdi


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli prezident İlham Əliyevin dünən, avqustun 25-də Almaniya kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında müxalifət barədə dediklərinə reaksiya verib.

AXCP sədri adamların ölkə başçısının söylədiklərinə təəccübləndiklərini deyib:

“Dünəndən xeyli adam şokdadır ki, İlham Əliyev bütöv bir xalqın gözünün içinə baxaraq necə "Azərbaycanda bütün azadlıqlar təmin olunub. O cümlədən, söz azadlığı, mətbuat azadlığı..." deyə bildi? Axı belə olmadığını dünya da, xalqımız da əla bilir. Adamlar təəccüb içindədir ki, İlham Əliyev necə "Tənqidə, fərqli baxışa görə heç kim Azərbaycanda təqib olunmur” dedi? Bəs bu balaca ölkənin həbsxanalarında 150 nəfər siyasi məhbus haradandır? Adamlar təəccüb içindədir ki, İlham Əliyev necə deyə bilir ki, müxalifətin mitinqlərinə heç bir maneə yaradılmır, bu mitinqlərə cəmi min nəfər adam gəlir? Axı mitinqlərlə bağlı təkcə həbs olunanların sayı yüzlərlədir. Mən hələ bir stadiondan başqa heç yerdə toplaşmaq imkanı olmadığını, stadionun girişində qurulan kameraları, işdən çıxarılanları, ailəsinə təzyiq olunanları demirəm”.

Əli Kərimli vurğulayıb ki, normalda dövlət başçısı belə absurd fikirləri səsləndirməməlidir:

“Ancaq İlham Əliyevin bu sözləri məni təəccübləndirmir. İlham Əliyev "Azərbaycanda seçkilər tam demokratik keçirilir", "Ölkədə işsizlik 5%-dir", "Korrupsiya ilə ciddi mübarizə aparırıq" kimi absurd fikirləri necə deyə bilirsə, həmin qaydada da qeyd etdiyim fikirləri səsləndirir.”.

Xatırlatma

Avqustun 25-də prezident İlham Əliyevlə Azərbaycanda səfərdə olan Almaniya kansleri Angela Merkel birgə mətbuat konfransı keçirərək bir sıra suallara cavab verib.

Prezident İlham Əliyev Azərbaycanın demokratik dəyərlərə sadiq olduğunu söyləyərək əlavə edib ki, ölkədə bütün demokratik təsisatlar mövcuddur, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir.
İlham Əliyev ölkədə yüzlərlə mətbu orqanının fəaliyyət göstərdiyini, onların arasında müxalifət mətbuatının da kifayət qədər çox olduğunu vurğulayıb:

“Yəni, Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır. Azərbaycanda sərbəst toplaşma azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər. Bu il prezident seçkiləri keçirildi. Seçkilər ərəfəsində və seçkilərdən sonra müxalifət bir çox aksiya, mitinqlər keçirdi - azad, sərbəst şəkildə, heç bir maneəsiz. O başqa məsələdir ki, o aksiyalara min nəfərdən çox adam gəlməmişdir. Bu da yəqin ki, müxalifətin hansı hörmətə malik olduğunu göstərir…”, deyə prezident vurğulamışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG