Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 22:55

DTX-ya aparılan partiya sədri və jurnalist sərbəst buraxılıb


Əli Əliyev, 13 oktyabr 2010
Əli Əliyev, 13 oktyabr 2010

Əli Əliyev və jurnalist Elçin Rəhimzadə Dövlət Təhlükəsizlik Xidmətində bir cinayət işi üzrə şahid qismində sorğu-sual edildiklərini deyiblər.

Noyabrın 6-da Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) aparılan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ilə "Bumerang Media" kanalının rəhbəri Elçin Rəhimzadə sərbəst buraxılıb.

"Turan" İnformasiya Agentliyinin məlumatına görə, hər iki şəxs noyabrın 6-da Bakı vaxtı ilə saat 13:00 radələrində kimliyi bilinməyən şəxslər tərəfindən partiyanın qərargahından naməlum istiqamətə aparılıblar.

Agentliyini məlumatına görə, bu barədə Vətəndaş və İnkişaf Partiyasının yaydığı bəyanatında deyilir.

“Bir neçə saat ərzində onların kimlər tərəfindən və hara aparıldıqlarını müəyyənləşdirmək mümkün olmadıqda, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" qaynar xəttinə məlumat verilib. Daha sonra 27-ci Polis bölməsinin əməkdaşları VİP qərargahına gələrək, olayla maraqlanıblar və müvafiq qeydlər götürüblər. Lakin bu bəyanat yayıldıği vaxt, Bakı vaxtı ilə saat 21-də Əli Əliyev və Elçin Rəhimzadə barəsində hər hansı səhih məlumatın olmaması yaranmış narahatlığı daha da artırır,” deyə sənəddə qeyd edilib.

Saat 22:00 radələrində sərbəst buraxıldığını deyən partiya sədri Əli Əliyev DTX-ya aparıldığını və bir cinayət işi ilə bağlı şahid qismində 8-9 saat dindirildiyini deyib.

"Problem daha çox "Bumerang Media"da gedən bir məlumatla bağlıdır. Bunu istintaq dindirməsi kimi qiymətləndirirəm. Ola bilər ki, alt yapıda hansısa təzyiq elementləri olsun. Kifayət qədər miqyaslı cinayət işidir," o qeyd edib.

Amma Əli Əliyev istintaq sirri olduğunu əsas gətirərək məsələnin təfərrüatlarını açıqlamaqdan imtina edib. O, sadəcə bu yaxınlarda hər şeyin məlum olacağını deyib.

Az sonra jurnalist Elçin Rəhimzadə də sərbəst buraxılıb.

Rəhimzadə jurnalistlərə bildirib ki, onu ofisdən aparıblar, orada axtarış aparılıb və redaksiyanın seyfi götürülüb. R.Rəhimzadənin sözlərinə görə, o, şahid qismində dindirilib və xüsusi xidmət orqanları “Bumeranq Media”nın yaydığı bəzi videoların mənbəsi ilə maraqlanıblar.

Elçin Rəhimzadə və Əli Əliyev onlara heç bir təzyiqin olmadığını deyiblər.

Bu məlumata Dövlət Təhlükəsizlik Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG