«Literaturnaya qazeta» «Exo Moskvı» radiostansiyasının baş redaktoru Aleksey Venediktovun geniş müsahibəsini dərc edib. Müsahibədə Krımın taleyi və Ukraynanın tarixindən tutmuş Rusiya müxalifətinin işlətdiyi üsullaradək bir çox məsələlərə toxunulub.
A.Venediktov sualtı qayıqda xidmət edən zabit atasının ölümündən sonra doğulub. Onun əcdadları arasında tanınmış sovet mühəndis-konstruktoru, satirik yazıçı, memar və yüksəkvəzifəli NKVD əməkdaşı da var. Venediktov IV dərəcəli «Vətən qarşısındakı xidmətlərə görə» ordeni, Fransanın Fəxri Legion ordeni, Polşa Respublikasının Xidmətlərə görə Qızıl Xaçına layiq görülüb. Bundan başqa, o, çoxsaylı jurnalist mükafatlarının laureatıdır. O, hətta 2012-ci ildə öz radiostansiyası ilə birlikdə Nobel Sülh Mükafatına namizəd də göstərilib.
Prezident Vladimir Putin onu «düşmən» adlandırıb. Həmin Putin onu üç dəfə işdən qovulmaqdan xilas edib. Onun kumirləri arasında Marqaret Tetçer və Ronald Reyqan kimi şəxsiyyətlər var. «Literaturnaya qazeta» bu yazıda onu «rəngarəng insan» adlandırır.
«Əməkdaşlarımızı şizofreniyadan qoruyuruq»
Venediktovun sözlərinə görə, «Exo Moskvı» heç öz təsisçilərinə də tabe olmur. «Əgər hamı [bizdən] razı olsaydı, mən özümdən soruşardım: görəsən, biz nəyi düz eləmirik?», – o deyir.
«Əvvəllər yazıçılar auditoriya ilə kitablar, rejissorlar filmlər, jurnalistlər qəzetlər, radio... vasitəsilə ünsiyyətə girirdisə, indi rəqəmsal sahənin, sosial şəbəkələrin inkişafı nəticəsində hər kəs birbaşa dünyaya müraciət edə bilir. Bunu Tramp yaxşı göstərdi. Ona öz fikrini amerikalılara çatdırmaq üçün jurnalistlər lazım deyil. Onun tvitləri on milyonlarla baxış toplayır. İnsan daxili məhdudiyyətlər olmadan dünya ilə ünsiyyətdə ola bilir. Bu zaman əyləc boşalıbsa, bu pisdir», - Venediktov deyir.
A.Venediktov «Exo Moskvı» radiostansiyasına 1990-cı ildə, özü də təsadüfən gəlib. O zaman o, orta məktəbdə tarix müəllimi işləyirmiş. Cəmi bir neçə ildən sonra ölkənin ən populyar radiostansiyasına rəhbərlik etməyə başlayıb.Onun sözlərinə görə, təmsil etdiyi radiostansiyada belə bir sərt qayda var: jurnalist heç bir partiyaya qoşulmamalıdır: «Onun rəhbəri isə baş katib yox, baş redaktordur və o, partiya qurultayının yox, redaksiya kollegiyasının qərarlarını yerinə yetirməlidir... Hesab edin ki, biz bu yolla öz əməkdaşlarımızı şizofreniyadan qoruyuruq».
Sobyaninin çağırışı
Venediktov artıq altı ildir ki, Moskvanın seçkiləri müşahidə üzrə ictimai qərargahına başçılıq edir: «Bu işə şüurlu surətdə başlamışam və əlbəttə, bunu piar üçün etmirəm, məşhurluğum bunsuz da kifayət qədərdir».
Bir dəfə Moskva meri Sergey Sobyanin ona deyib: «Bax, sən hər şeyi tənqid edirsən, heç nəyi bəyənmirsən, bacarırsan özün də bir işin qulpundan yapış». O bunu çağırış kimi qəbul edib və tam hərəkət azadlığı şərtiylə bu işə razılıq verib.
«Baxın, görün, bu seçkilər necə keçdi: bircə nəfər müşahidəçi, jurnalist, seçici seçki məntəqəsindən kənarlaşdırılmadı, total videomüşahidə var idi, bircə protokol da mübahisəli olmadı! Bəli, bu, uğurlu seçki idi, hamı üçün uğurlu. Yedinorosların (hakim partiya nəzərdə tutulur – tərc.) piyləri tərpəndi. Kommunistlər, liberal-demokratlar və «Yabloko» üzvləri indi şəhər parlamentində təmsil olunurlar. Şəhər parlamentinin özü əvvəlki Dumaya nisbətən daha çoxfaktorlu olmağa başlayıb... Navalnı da razıdır ki, indi paytaxt parlamentində müxalifət də təmsil olunur. Mən bu seçkiyə yaxşı bir «dörd» və hətta «beş minus» verərdim», - o deyir.
«Krım faktiki Rusiyanındır. Ədalətsizcəsinə, bütün beynəlxalq norma və qanunları pozaraq Ukraynanın əlindən alınıb. Mənə deyəndə ki, «Krım həmişə Rusiyanın olub», xatırladıram ki, o, bir vaxt Genuyaya da məxsus olub… Əsas məsələ o deyil ki, torpaq kimindir, əsas odur ki, orada yaşayan insanlar nə istəyirlər. Qısa zamanda öz doğma torpaqlarından atılmış Sudet almanlarının faciəsini xatırlayın. Almanların Şərqi Prussiyadan, indiki Kalininqrad vilayətindən atılmasını yada salın. ...Bəli, rusiyalıların 90 faizi Krımın qaytarılmasını ədalətli sayır, mənsə qanunsuz sayıram. Putin mənə deyir ki, bu ədalətlidir. Yaxşı, kimə qarşı ədalətlidir? Bu, vacib söhbətdir, ancaq sonu olmayan söhbətdir, çünki hərənin öz həqiqəti, öz ədalət anlayışı var», – A.Venediktov deyir.