Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:04

Azərbaycanda aksiz vergisi artarsa... [şərhlər]


Aksizli araq məhsulu

"Azərbaycan hökuməti aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müzakirə edir".

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dilə gətirib.

A.Əliyev bildirib ki, hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır:

Aydın Əliyev
Aydın Əliyev

«Bundan başqa, aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində biz ilk növbədə əhalinin sağlamlığını düşünməliyik. Həmçinin, Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var».

Buna da bax:​ Bəzi aksiz vergiləri artırıla bilər

Ancaq bəzi müstəqil iqtisadçılar bunu düzgün saymırlar.

İqtisadçı Məhəmməd Talıblı komitə sədrinin açıqlamasını AzadliqRadiosu-na dəyərləndirərkən deyib ki, aksiz vergilərinin artırılması daxil olmaqla digər vergi dərəcələrinin yüksəlməsini əlahiddə bir vergi yığımı kimi qəbul etməyin tərəfdarı deyil:

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

“Çünki hər dəfə istənilən vergi növləri üzrə dərəcələrin artırılmasının özünəməxsus yozumu olacaq. Mənə elə gəlir ki, Neft Fondundan dövlət büdcəsinə transfertlərin azalması fonunda, vergi yığımlarının büdcəyə necə cəlb edilməsi zərurətə çevrilir. "Yumurtadan yun qırxmaqla" dövlət büdcəsinin doldurulmasına çalışmaq "altun toyuqları" kəsmək kimi bir şeydir. Təkcə kiçik bir zaman kəsiyində vergi yükünün artırılması vasitəsilə büdcənin doldurulmasına çalışsaq, o zaman makroiqtisadi parametrlərimiz ildən-ilə pisləşməyə doğru gedəcək. Xarici ticarət dövriyyəsi zəifləyəcək, sahibkarlıq subyektlərinin sayı azalacaq, daxili sərmayə xaricə axacaq və s”.

Buna da bax:​ Xarici ticarət real ifadədə 14 faiz azalıb

Məhəmməd Talıblı bildirib ki, hökumət ona görə son illərdə vergilər vasitəsilə nəinki yükü artırmaq haqqında düşünməli, əksinə xarici investorları cəlb etməkdən ötrü vergi tətilləri elan etmək yolunu tutmalıdır.

“Qiymətlər bahalaşa bilər...”

İqtisadçı Vüqar Bayramov da AzadliqRadiosu-na indiki məqamda vergi rüsumlarının artırılmasına ehtiyac olmadığını deyib:

Vüqar Bayramov
Vüqar Bayramov

“Çünki bu artım birmənalı şəkildə ölkəyə idxal olunan bəzi məhsulların qiymətinin artması ilə nəticələnəcək. Nəzərə alsaq ki, tütün və içki məhsullarının bir qismi idxal edilir. Bizim bazarlarda apardığımız monitorinqlər göstərir ki, keyfiyyətli və nisbətən keyfiyyətli mallar idxal olunanlardır. Bəli, tütün məhsulları sağlamlıq üçün ziyandır, ancaq əsasən kişilər siqaretdən istifadə edir, vergi rüsumu qiymətə təsir edəcək və onların xərcinin artmasına gətirəcək. Ona görə aksiz vergilərin artırılması qiymətə təsir etdiyindən buna ehtiyac yoxdur”.

Buna da bax:​ Vergilər üzrə proqnoza əməl olunub

Vüqar Bayramov aksiz vergilərin artırılması ilə büdcəyə daxilolmaların böyük olacağını proqnozlaşdırmır:

“Məsələ ondadır ki, aksiz vergilər artdıqdan sonra idxal azalacaq və büdcəyə daxil olmalar da azalacaq. Onsuz da Azərbaycanda tütün və spirtli içkilərə tətbiq edilən aksiz vergilərin dərəcəsi yüksəkdir. Bu gün yüksək olan dərəcələrin yenidən artırılmasına indiki məqamda lüzum yoxdur. Neftin mövcud qiyməti həm büdcə gəlirlərinə, həm də digər makroiqtisadi göstəricilərinin qorunması baxımından yetərlidir. Belə olan halda aksiz dərəcələrin artırılmasına hər hansı zəmin görmürəm...”.

Xatırlatma

Aksiz - aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növüdür. Azərbaycanda aksizli mallara, əsasən, bunlar aid edilir: İçməli spirt, pivə və spirtli içkilərin bütün növləri. Tütün məmulatları, neft məhsulları, minik avtomobilləri. Habelə, istirahət və ya idmandan ötrü yaxtalar, digər üzən vasitələr.

Buna da bax:​ Ekspert: Ət, süd 20 faiz bahalaşacaq

Bundan başqa, idxal olunan platin, qızıl, ondan hazırlanan zərgərlik məmulatları, emal olunan, çeşidlənən, çərçivəyə salınan və bərkidilən almaz da bu sıraya aid edilir. Üstəlik, idxal olunan xəz-dəri məmulatları da aksiz mallara daxildir...

Günün bütün mövzuları

XS
SM
MD
LG