"III Respublika" Platforması həbsdə olan spikeri Akif Qurbanovun Bakı İstintaq Təcridxanasında ifadə azadlığı və yazışma toxunulmazlığı hüquqlarının siyasi motivlərlə məhdudlaşdırıldığını bəyan edib. Platformanın aprelin 30-da yaydığı məlumata görə, aprelin 25-də A.Qurbanovun kamerasında axtarış aparılıb və ona məxsus qaralamalar götürülüb.
Bildirilir ki, aprelin 28-də digər məhbuslardan A.Qurbanovun əleyhinə izahat almağa cəhd göstərilib. Eyni zamanda, ondan hakimiyyət əleyhinə yazılar yazmağı dayandırmaq, telefon danışıqları zamanı yalnız məişət mövzuları ilə kifayətlənmək və siyasi mesajlar verməmək tələb olunub. A.Qurbanov bu tələbləri rədd etdiyi üçün onun telefonla danışıq hüququnun məhdudlaşdırıldığı bildirilir.
"İçəridən yazmağımız yuxarıdakıları narahat edir"
Platformanın yaydığı bəyanatda A.Qurbanov baş verənləri belə şərh edib: "Hakimiyyət bizi həbsə atmaqla cəmiyyətdən təcrid etməyi və fəaliyyətimizi dayandırmağı hədəfləyirdi... Biz içəridən yazırıq, dostlara mesaj göndəririk, onlar mövqeyimizi ifadə edirlər... Bu da, yəqin ki, yuxarıda oturanları narahat edir. Bunların fonunda reaksiyalar verirlər".
Sözügedən iddialarla bağlı nə Ədliyyə Nazirliyi, nə də digər aidiyyəti dövlət qurumlarından rəsmi münasibət almaq mümkün olub. Bir qayda olaraq, rəsmi dairələr məhbuslarla davranışın qanun çərçivəsində olduğunu bildirirlər.
Xatırlatma
Akif Qurbanov 2024-cü ilin martından başlanan "ToplumTV işi" üzrə bir neçə fəal və jurnalistlə birlikdə həbs edilib. İstintaqın sonunda təqsirləndirilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılaraq qaçaqmalçılıqla yanaşı, vergidən yayınma, qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması maddələri də əlavə edilib. Onları 12 ilədək həbs cəzası gözləyir.
2023-cü ilin noyabrından bəri Azərbaycanda 30-dan çox jurnalist və fəal bənzər ittihamlarla saxlanılıb. Hüquq müdafiəçiləri ölkədə 340-a yaxın siyasi məhbusun olduğunu desələr də, rəsmi Bakı bu iddiaları qəbul etmir.